Bu gün AMEA Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik” mövzusunda elmi konfrans keçirildi.
Elmi müəssisə rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə müstəqilliyimizi əbədiləşdirən, bütün sahələrə dərindən bələd olan, uzaqgörən siyasi xadim, ümummili lider H.Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verdi. Dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən AMEA rəhbəri azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd etdi.
Sonra “Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ulu öndərin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu vurğuladı. Akademik İ.Həbibbəyli bildirdi ki, dahi şəxsiyyətin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə artmasına zəmin yaratmışdır. O, təhsil, elm, mədəniyyət və ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Heydər Əliyevin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin ölkəmizdə mədəni həyatın canlanmasına gətirib çıxardığını diqqətə çatdırdı.
Akademik İsa Həbibbəyli əsası H.Əliyev tərəfindən qoyulan, hazırda isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışdı.
AMEA-nın vitse-prezidenti ulu öndərin Naxçıvandakı fəaliyyətindən də ətraflı söhbət açdı, həmin dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində xalqımız və ölkəmiz üçün mühüm tarixi qərarların qəbul edildiyini söylədi.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyev və Azərbaycan incəsənəti”, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Azər Mustafayev “Heydər Əliyevin Azərbaycançılıq təlimi və müasirlik” mövzusunda məruzələrlə çıxış etdilər. Çıxış edənlər dahi liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətlərindən geniş bəhs etdilər. Xalqına həmişə nicat yolunu göstərən, ürəyində inam işığı yandıran və xoşbəxt gələcəyini təmin edən Heydər Əliyevin adının müstəqil Azərbaycan dövləti durduqca daim yaşayacağını, əziz xatirəsinin yaddaşlardan heç zaman silinməyəcəyini xüsusi vurğuladılar.
Tədbir çərçivəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən, həmçinin Azərbaycanın müstəqillik dövründəki inkişafına həsr olunmuş slaydlar nümayiş etdirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.