Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Belə ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur bir ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə zənginləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik təfəkkürü ümumi vəhdət təşkil edir.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdı, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.
Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır.
Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib.
Fikrimcə, bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır. Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. İnnovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır.
Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi. Digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Yeri gəlmişkən, Azərbaycan Respublikası işğalçı dövlətin – Ermənistanın hərbi təcavüzünə məruz qaldığından yaranmış mürəkkəb şəraitdə milli ordu quruculuğu müstəqilliyin qorunmasının əsas amillərindən birinə çevrilib.
Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprelində Ermənistan hərbi qüvvələrinin təxribatına qarşı həyata keçirdiyi əks-hücumlarda nümayiş etdirdi. 2016-cı il oktyabr ayının 17-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdəki çıxışında cənab İlham Əliyev ordu quruculuğu sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirərək deyirdi: “Ordu quruculuğu sahəsində Azərbaycanda böyük addımlar atılıb və bu iş davam etdirilməkdədir”.
2020-ci ilin sentyabr ayının 27-də saat 06.00-da erməni tərəfi cəbhə boyu kəndləri – Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından atəşə tutdular və atəş nəticəsində hərbi qulluqçular arasında itkilər oldu. İkisi uşaq olmaqla Azərbaycanın 11 mülki sakini həyatını itirdi.
Cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən Ermənistan silahlı qüvvələrinin çirkin niyyətlərinin qarşısı Ali Baş Komandanımızın müdrik qərarları, qətiyyətli tapşırıqları ilə dərhal alındı, əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz uzun illərdir, işğal altında olan tarixi torpaqlarımızın bir hissəsini azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayraqları yenidən və əbədi dalğalanmağa başladı. Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgər kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğaldan azad edildi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən hadisələrə həsr olunmuş verilişdə cənab Prezident sərrast, məntiqli, peşəkar və qətiyyətli çıxışı ilə əsl həqiqəti rusdilli auditoriyaya çatdıtrmaqla, Ermənistan rəhbərliyinin məkrli siyasətini göstərməklə yanaşı, həm də rus ekspertlərinin səsləndirdiyi kimi, Paşinyanı darmadağın etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində demişdi: “Qarabağ Azərbaycandır. Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistanın başında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, əgər Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq - sülh yolu ilə, ya da ki, müharibə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşlərdə demişdim ki, biz onların qisasını alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız bizə verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək”.
Gənclərimizin hər birini cənab Prezident İlham Əliyevin xalqa müraciətlərini təkrar dinləməyə, öyrənməyə çağırıram. Bu, günümüzün güzgüsüdür! Biz həmin günlər tarixi anlar yaşadıq.
Cənab İlham Əliyev – xalqımızın alternativsiz lideri, yeganə inam ünvanı, xilaskarı, mümkünsüzü mümkünə çevirən Qəhrəmanı, düşməndən qisasımızı alan qüdrətli sərkərdəsidir. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib. Bu sözlər Prezident İlham Əliyevin xalqa müraciətindəndir: “...İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq, kim-kimdir?! Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”. Azərbaycan Prezidentinin xalqa müraciəti öz təsbitləri, təsdiq və çağırışları bir əsərdir – həqiqət və cəsarət əsəri!
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir hissəsini işğaldan azad etdi. 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik erməni işğalçılarından təmizləndi. 28 illik işğaldan sonra Şuşa – Qarabağın tarixi paytaxtı, işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqı üçün həqiqətən Vətən müharibəsi idi. Biz öz Vətənimizi müdafiə etdik, torpaqlarımızı işğalçılardan azad etdik. Hər birimiz 44 gün ərzində baş verənləri məhz belə qəbul etdik. Azərbaycanda insanlar döyüşə getmək arzusu ilə hərbi komissarlıqlara üz tuturdular. Azərbaycan əsgərləri və zabitləri misilsiz cəsarət və qəhrəmanlıq nümayiş etdirərək, düşməni dəhşətə gətirirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirdi: “Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir”
Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü. Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.
Ümumilikdə, Azərbaycan Prezidentinin “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Pervıy Kanal”, “CNN-Türk, “Evronyus” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Möhtəşəm zəfər paradı, qalib ordu, qalib xalq, qalib Prezident birliyinin simvolikasına çevrildi.
Cənab Prezident İlham Əliyev Zəfər Paradında bəyan etdi: “...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
2020-ci il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində ölkəmizin hərbi-siyasi müstəvidə qazandığı uğurlardan bəhs etmişdir: “Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı”
Cənab Prezident çıxışında bəyan etdi: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi.”
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru