AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin anım mərasimi və Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbəyə həsr olunmuş Zəfər paradının ildönümü münasibətilə dəyirmi masa keçirilib.
Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev Ulu Öndərin uzaqgörən siyasətindən danışıb. Baş direktor 44 günlük müharibənin məntiqli nəticəsi olan möhtəşəm qələbə və Azadlıq meydanında Zəfər paradının keçirilməsinin dövlətimizin gücünün nümayişi olduğunu bildirib.
“Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında uzun bir tərəqqi yolu keçib. Dahi liderin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə ölkəmiz ən qabaqcıl respublikalardan birinə çevrilib. Bu gün Azərbaycan Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevin başçılığı ilə inamla irəliləyir. 44 gündə əldə olunan zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyinin nəticəsidir. Bu gün də cəmiyyətin həyatının hər sahəsinə, o cümlədən təhsilə, elmə, kitaba böyük önəm verən ulu öndərimizin misssiyasını rəhbər tutan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fond Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mühüm işlərə imza atır.
Son bir ildə MEK dövlətçiliyimizin təbliğində atdığı mühüm addımlarla yadda qalıb. Ötən aylarda “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılıb, Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici oxucuların istifadəsinə verilib. Biblioqrafik göstərici ölkədaxili və ölkəxarici institutlara, təşkilatlara hədiyyə olunub. Bununla bağlı həmin müəsissələrin rəhbərləri tərəfindən tariximizin ən şərəfli səhifəsini şərh edən biblioqrafik göstərici yüksək qiymətləndirilib və Azərbaycan vətəndaşlarının hər birinin masaüstü kitabı olacağından əminliklərini də bildiriblər. Bundan əlavə 2022-ci ildə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə dahi liderin zəngin və çoxşaxəli fəaliyyətini təbliğ etmək məqsədilə xarici tərəfdaş təşkilatlarda silsilə tədbirlər baş tutacaq sərgilər hazırlanacaq, konfranslar keçiriləcək. Eləcə də Mərkəzi Elmi Kitabxanada “Heydər Əliyev guşəsi” yaradılacaq. Bu tədbirlər planı bizim bir kitabxana olaraq Ümummilli Liderimizin ruhu qarşısında mənəvi borcumuzdur”, - deyə baş direktor Məmməd Əliyev bildirib.
Baş direktor həmçinin, MEK-də mütamadi olaraq keçirilən lektoriyaların XXI əsrdə də ölkəmizin inkişafının kökündə Heydər Əliyev ideyaları, Ulu Öndərin qoyub getdiyi zəngin irsinin daha yaxından tədqiqinə və təbliğinə dəstək olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.