AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Azərbaycan Respublikası Təhsil Nazirliyi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən Kiçik Akademiyanın “Şuşa ili”nə həsr edilmiş II Şagird elmi konfransında iştirak edib.
Şagirdlərdə elmə, beynəlxalq elmi müsabiqələrdə iştiraka, elmi-tədqiqat işlərinə həvəs oyatmaq, gənc nəsli elmin ən aktual problemləri ilə tanış etmək, onlarda nitq və müasir düşüncə qabiliyyətini inkişaf etdirmək məqsədini daşıyan tədbirdə Gimnaziyanın direktoru İlqar Talıblı başda olmaqla, bütün pedaqoji kollektivi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının, ali təhsil müəssisələrinin yüksəkixtisaslı əməkdaşları və media nümayəndələri iştirak ediblər.
E.Bədəlov da daxil olmaqla, AMEA-nın institutlarının, ali təhsil müəssisələrinin yüksəkixtisaslı əməkdaşlarının üzv olaraq yer aldıqları jüri tərəfindən şagirdlərin konfransa təqdim etdikləri işləri dinləniləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq, qalib iştirakçılar müəyyən ediləcək.
Qeyd edək ki, gimnaziyanın Coğrafiya İnstitutu ilə sıx əlaqələri mövcuddur. Bu ilin mart ayında məktəbdə institut rəhbərliyi ilə görüş keçirilib, istedadlı şagirdlərin işğaldan azad edilmiş rayonların coğrafiyasına dair təqdimatları dinlənilib. Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov gimnaziyanın rəhbərliyi ilə elm və təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.