AMEA Botanika İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, professor Validə Əli-zadə institutda əməkdaşların maariflənməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.
İnstitutun MM qərargah rəisi Nazim Xəlilov bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlər təşkil edilir. Bu ilki tədbirlər “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusuna həsr edilmişdir.
MM qərargah rəisi N.Xəlilov qeyd etdi ki, institutda mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərin təbliğinə yönəlmiş müxtəlif tədbirlərin əsas məqsədi əməkdaşların yarana biləcək fövqəladə hallara hazır olmasını təmin etməkdir: “Mülki müdafiə sahəsində əməkdaşların müasir texniki təchizatla təmin olunması AR Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyənləşmiş qaydada həyata keçiriləcək.”
Tədbir çərçivəsində mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı təlimatlar verildi.
İnstitutun Geobotanika şöbəsinin müdiri, b.ü.f.d Vəkil Xəlilov, Bitki ehtiyatları şöbəsinin əməkdaşı, b.ü.f.d Faiq Rəsulov və digər əməkdaşlar tərəfindən mülki müdafiə xidmətinə dair rəy və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.