Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Rusiyanın “Şolkovo Aqroxim” təşkilatının nümayəndələri AMEA-da olub
26.12.2018 09:09
  • A-
  • A
  • A+

Rusiyanın “Şolkovo Aqroxim” təşkilatının nümayəndələri AMEA-da olub

Azərbaycan Milli Elmlər Akademiyasında Rusiya Federasiyasının “Şolkovo Aqroxim” təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Nümayəndə heyətini qəbul edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın aqrar elmlər sahəsində innovativ yönümlü tədqiqatlarından və əldə olunmuş nailiyyətlərdən, eləcə də dünyanın qabaqcıl elmi müəssisələri ilə həyata keçirilən layihələrdən bəhs edib. Həmçinin AMEA-nın müvafiq elmi-tədqiqat institutları və Kənd Təsərrüfatı Nazirliyi (KTN) arasında əməkdaşlıq əlaqələrindən, bu istiqamətdə fəaliyyətdən danışıb.

Görüşdə “Şolkovo Aqroxim”in baş direktoru, akademik Salis Karakotov rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib. Təşkilatın kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr və bioloji peraparatlar istehsal etdiyini deyib. Qurumun məqsədinin aqrar sahənin mütəxəssislərini kənd təsərrüfatı bitkilərinin mühafizəsi üçün yerli innovasiya yönümlü maddələrlə təmin etmək olduğunu bildirən direktor qeyd edib ki, müəssisədə bitkilərə və ətraf mühitə toksiki təsiri azaldan yeni və yüksək səmərəliyi ilə seçilən pestisidlər istehsal olunur.

Nümayəndə heyyəti sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov və bölməyə daxil olan elmi müəssisələrin alimləri ilə görüşüb. Tərəflər arasında mövcud münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə edilib.

Görüşdə akademik Salis Karakotov ekoloji təsərrüfatçılıq təcrübəsi mövzusunda təqdimatla çıxış edib. Baş direktor “Şolkovo Aqroxim” Elmi-Tədqiqat Mərkəzinin bu istiqamətdə təcrübəsindən danışıb. Mərkəzdə aqrokimyəvi və bioloji araşdırmalar üzrə tədqiqatların aparıldığını bildirib. Mərkəzin elmi potensialının, istehsalat və elmi-tədqiqat bazasının pestisid bazarında bitkilərin qorunması üzrə müasir innovasiya yönümlü tədbirlər həyata keçirməyə imkan verdiyini vurğulayıb. Qeyd edib ki, müəssisənin mütəxəssisləri tərəfindən unikal maddə hazırlanaraq tətbiq edilir ki, bütün bunlar çox az miqdarda pestisidlərdən istifadə etməklə kənd təsərrüfatı bitkilərinin mühafizəsində yüksək nəticənin əldə olunmasına yönəlib.

Sonra görüşdə aqrar istehsalın rəqabətqabiliyyətliyinin möhkəmləndirilməsi, tərəflərin ixrac potensialının artırılması, istehsal olunan məhsulun və tətbiq edilən texnologiyaların müasir dünya təcrübəsinin tələblərinə uyğun olması məqsədilə üçtərəfli əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəddə dayanıqlı və ekoloji əkinçilik mədəniyyətinin həyata keçirilməsi, surətli əkinçilik komponentlərinin tətbiqi, torpağın münbitlik potensialının qorunması və artırılması, rəqəmsal kənd təsərrüfatının inkişafı və digər istiqamətlərdə tərəflərin əməkdaşlığı nəzərdə tutulur. Həmçinin əməkdaşlıq çərçivəsində işçi qrupların yaradılması, bilik və təcrübə mübadiləsinin aparılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət və digər istiqamətlər üzrə də əlaqələrin inkişafı üçün təkliflərin hazırlanması sənəddə yer alır. Bundan başqa, magistrant, doktorant və kadr mübadiləsinin təşkili, prioritet sahələr üzrə fundamental elmi-tədqiqat işlərinin aparılması, müştərək laboratoriya, elmi-texniki, tədris və innovasiya mərkəzlərinin yaradılması, gənclər arasında aqrar elmlərin təbliği məqsədilə birgə müsabiqə, sərgi, konfrans və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sənədi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, KTN-nin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, dosent Cavanşir Təlai və “Şolkovo Aqroxim” təşkilatının baş direktoru, akademik Salis Karakotov imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: