Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şüarımız birdir: İlham Əliyevlə irəli!
08.10.2020 11:56
  • A-
  • A
  • A+

Şüarımız birdir: İlham Əliyevlə irəli!

Bu ilin iyulunda, Tovuz hadisələri zamanı küçə və meydanlara çıxaraq erməni həyasızlığından hiddətləndiyini, ölkə başçısını dəstəklədiyini bildirən insanlara Prezidentimiz belə sözlərlə müraciət etmişdi: “Biz torpaqlarımızın işğalına dözmək fikrində deyilik. Lakin mən bilirəm nə vaxt və necə”.

Bu sözlər mənim və yəqin ki, bir çoxlarının yaddaşında qaldı. Və səbrsizliklə Ali Baş Komandanın əmrini gözlədik. Nəhayət vaxtı gəldi və əsgərlərimiz ölkə başçısının əmri ilə işğal edilmiş torpaqlarımızı azad etməyə başladılar! Bu qələbə, azadlıq yolunda xalqımız, ordumuz hələ hansı qəhrəmanlıqlar, rəşadətlər, fədakarlıqlar göstərəcək, hansı çətin yollardan keçəcək demək çətindir. Əminliklə demək istədiyim bir mətləb var. Ali Baş Komandanın əmri ilə başlanan bu hücum bizim qələbəmiz, torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnəcək! Bu qələbə yürüşünün özünün tarixi var və alimlərimiz mütləq bu tarixi ciddi elmi araşdırmalar yazaraq ortaya qoymalıdırlar.

Bu qələbə yürüşünün bünövrəsini ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədəki hərc-mərcliyi aradan götürməklə, beynəlxalq neft kontraktlarını həyata keçirməklə, stabil, dayanıqlı inkişaf edən dövlət qurmaqla, ölkəni dünyada tanıtmaqla qoydu. Xalqımızın böyük uğuru, xoşbəxtliyi onda oldu ki, ulu öndərin yolunun ən sadiq davamçısı İlham Əliyev xalqımız tərəfindən Prezident seçildi, dəqiq müəyyən etdiyi bir yolla vətənimizi qələbəyə doğru apardı. Müasir Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri olan Prezident İlham Əliyev ölkəmizin qələbəsini əvvəlcə beynəlxalq kürsülərdə, ümümdünya miqyaslı tədbirlərdə, xarici ölkə başçıları ilə görüşlərində təmin etməyə başladı. Onun elə bir xarici səfəri, iştirak etdiyi beynəlxalq tədbir olmayıb ki, xalqımızın haqq sözünü, ölkəmizin ərazilərinin məkrli düşmənlər tərəfindən işğala məruz qaldığını, bu özbaşınalığa son qoyulmasının vaxtının çatdığını bütün dünyaya elan etməmiş olsun. Onun Ermənistanın baş naziri N.Paşinyanla elə görüşü olmayıb ki, orada onu inkaredilməz dəlillərlə yerində oturtmamış, rüsvay etməmiş olsun.

Bununla bərabər, dünya ölkələrindən ən müasir silahlar alınması, bu silahlardan istifadə etməyi bacaran zabit və əsgərlərin yetişdirilməsi prosesi gedirdi. Prezident Azərbaycan neftindən gələn gəlirlərin mühüm hissəsini bu gün ilk nişanələrini gördüyümüz qələbənin təmin edilməsinə yönəltmişdi. Son hadisələr göstərir ki, bu illər ərzində onun əməyi hədər getməyib, yorulmaz fəaliyyəti bəhrəsini verib. 27 sentyabrda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı başlanan gündən Qarabağdakı “sarsılmaz” erməni müdafiəsi, güclü erməni ordusu mifi puç oldu. İnsanlıq simasını itirmiş, dinc əhalimizə qarşı vəhşiliklər törədən bu cəlladlar ordumuza müqavimət göstərə bilmədilər, silah-sursatlarını qoyub qaçmağa başladılar.

Bu günlərdə Azərbaycan xalqı öz böyüklüyünü bir daha nümayiş etdirdi. Sarsılmaz yekdilliyimiz, birliyimiz göz qarşısındadır. Tarix göstərir ki, birliyə nail olmuş xalqı, ölkəni heç kim məğlub edə bilməz. Ermənilərin, bütün düşmənlərimizin ən çox qorxduğu da elə bu idi. Nə aldığımız müasir silahlar,  nə də ordumuzda əsl mütəxəssislərin döyüşməsi - birinci növbədə birliyimiz! Ermənilər yaxşı bilirlər ki, Azərbaycanda birlik varsa, bu onların vətənimizdən qovulan gününün çatdığı deməkdir. Bütün xalqımızı bu birliyi itirməməyə çağırıram.

Bu gün hər bir azərbaycanlı güclü ordumuz, qəhrəman əsgərlərimiz və müdrik Ali Baş Komandanımızla fəxr edir. Ölkəmizdə orduya da, ölkə başçısına da böyük inam var. Ali Baş Komandanın ətrafında ordunun və bütün xalqın sıx birləşməsi- budur qələbəmizin rəhmi! Bu birliyin, əsgərlərimzin, xalqımızın fədakarlığı nəticəsində Qarabağı və ətraf rayonları mənfur düşmənlərdən təmizləyəcəyimizə, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyimizə əminəm.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev barədə çox düşünürəm. Çox yaxşı başa düşürəm ki, onun çiyinlərində təsəvvür edilməsi çətin olan ağır məsuliyyət yükü var. Təbii ki, dövlətə başçılıq etmək ağır işdir.  Ermənilər və ermənipərəstlər kimi məkrli düşmənləri olan, qarşısında nəyin bahasına olsursa-olsun, ərazi bütövlüyümüzü bərpa etmək vəzifəsi duran ölkənin Prezidentinin yükü və məsuliyyəti isə dəfələrlə daha ağır, çətinliyi daha çoxdur. Əks-hücum əməliyyatına hazırlıq və əməliyyatın həyata keçirilməsi zamanı nümayiş etdirdiyi müdriklik, hazırcavablıq, qətiyyət, iradə, istənilən vəziyyətdə yeganə düzgün çıxış yolunu tapmaq qabiliyyəti onu tariximizin ən görkəmli dövlət başçılarından, sərkərdələrindən biri kimi dəyərləndirməyə imkan verir. İlham Əliyev Azərbaycanı XXI əsrdə bütün sınaqlardan keçərək qələbədən-qələbəyə aparmağa qadir olan güclü bir lider, Ali Baş Komandandır. Prezident seçkilərində irəli sürülən şüar bu gün daha da aktual səslənir: İlham Əliyevlə irəli!

Paşa Kərimov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: