www.science.az
16.01.2017 17:36

Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlxalq konfransda iştirak ediblər

Yanvarın 14-də İran İslam Respublikası Təbriz Universitetinin təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Konfransı giriş nitqi ilə Təbriz Universitetin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi Saib Təbrizinin yaradıcılığından söhbət açıb, ədibin Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri olduğunu söyləyib.

Daha sonra akademik İsa Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə, həmçinin Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Məhəmməd Mehdipurun “Saib və onun əxlaqi görüşlərinə baxış”, Türkiyə İstanbul Universitetinin professoru Məhəmməd Atalayın “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, gürcü alimi, professor Helen Ginaşvilinin “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi”, Əlyazmalar İnstitutunun direktor müavini, filiologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi”, Təbriz Universitetindən İbrahim İqbalinin “Saib şeirinə hind mədəniyyətinin təsiri”, Məhəmməd Xakpurun “Saib şeirlərində mövzu birliyi və motivləri” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb, təcrübə mübadiləsi barədə müzakirə aparıblar.  

Bir sıra Azərbaycan şairlərinin, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.