Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti iclası keçirilib.
Onlayn tədbirdə FRTEB Elmi şurasının üzvləri, elmi müəssisələrin rəhbərləri, direktor müavinləri, elmi katibləri, təhsil, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, eləcə də Gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
İclasın gündəliyində olan ilk məsələ – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələrə həsr olunub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev vurğulayıb ki, bu ilin fevral ayının 4-də dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur.
Prezident İlham Əliyevin müvafiq Sərəncamında qeyd edildiyi kimi, “Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür”.
Lütfi Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.
Rasim Əliquliyevin sözlərinə görə, cənab Prezident tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirilməsi barədə tapşırıq qoyulub.
Onlayn tədbirdə FRTEB-in Elmi şurasının üzvləri və elmi müəssisələrinin direktorlarının iştirakı ilə dünya şöhrətli alimin 100 illik yubileyinə dair tədbirlər planının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Akademiklər Adil Qəribov, Əli Abbasov, Arif Həşimov, Cavad Abdinov, Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Misir Mərdanov, Afiq Həsənov, Əminağa Sadıqov, Bilal Bilalov, Namiq Cəlilov, Fizika İnstitutunun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və digərləri öz təkliflərini irəli sürüblər.
Aparılan geniş müzakirələrdən sonra FRTEB-in Elmi şurası tədbirlər planın hazırlanması məqsədilə irəli sürülən təkliflər haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə müvafiq qərar qəbul edib.
Sonda bir sıra digər məsələlər müzakirə olunub, suallar cavablandırılıb və müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.