Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.01.2022 14:15
  • A-
  • A
  • A+

Arxeoloq alimlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilən seminarda iştirak ediblər

Arxeoloq alimlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə keçirilən seminarda iştirak ediblər

17-21 yanvar 2022-ci il tarixlərində, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində keçirilən “Mürəkkəb vəziyyətlərdə olan insan cəsədlərinin axtarılması və bərpa edilməsi-əsas elementlər” mövzusunda seminar keçirilib.

Tədbirdə Səhiyyə və Müdafiə Nazirliklərinin məhkəmə-tibb həkimləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluğunun əməkdaşları, DİN məhkəmə genetik ekspertləri ilə yanaşı, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov, “Azərbaycanın arxeoloji abidələri toplusu” bölməsinin müdiri Mikayıl Mustafayev, Antropologiya mərkəzinin elmi əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva da iştirak ediblər.

Təlimçilər Argentina Məhkəmə Antropologiya Qrupunun məhkəmə tibb eksperti Dr. Mercedes Salado Puetro və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə eksperti Dr. Derek C.Benedix eksqumasiya prosesi haqqında, vəfat etmiş şəxslərin cəsədləri ilə düzgün iş aparılması, kimliklərinin müəyyən edilməsi ilə həmin şəxslərin ailələrinə yardım kimi məsələlərin nəzəri və praktiki hissəsi ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Seminardan sonra təlimçilər Argentina Məhkəmə Antropologiya Qrupunun məhkəmə tibb eksperti Dr. Mercedes Salado Puetro və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə eksperti Dr. Derek C.Benedix və Beynəlxalq Qırmızı Xaç Komitəsinin məhkəmə-tibbi ekspertiza məsələləri üzrə regional koordinatoru Uyum Vehit AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar. İnstitutun baş direktoru, professor Abbas Seyidov qonaqları salamlayaraq, erməni vandallarının Azərbaycan torpaqlarında yerli əhalinin başına gətirdiyi zülmlərdən, Vətən müharibəsindəki qələbəmizdən və ümumilikdə Qarabağ müharibələrində itkin düşənlərdən danışıb.

Daha sonra Dr. Mercedes Salado Puetro qeyd edib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda məhkəmə arxelogiyası və antropologiyasına nəzarət baxımından yetərli qədər potensiallı əməkdaşlar var və sözügedən müəssisə Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstək verdiyi bu işdə köməklik edə bilər.

Baş direktor Abbas Seyidov bu mötəbər işdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə institutun dəstək göstərəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: