Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm tarixi və elmşünaslıq” jurnalının 3-cü sayında mühüm məqalələr yer alıb
09.03.2022 09:43
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq” jurnalının 3-cü sayında mühüm məqalələr yer alıb

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının 3-cü sayı çapdan çıxıb.

Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və  alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan üçüncü sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.

Nəşrdə jurnalın baş redaktoru, Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanda elm tarixi və elmşünaslığın elmi sahə kimi təşəkkül tapması və inkişafı”, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın “Təbiətşünaslıq və texnika tarixi və fəlsəfəsi Sovet Milli Birliyinin fəaliyyəti prizmasından elm və texnika tarixində Rusiya-Azərbaycan əməkdaşlığı”, Elm Tarixi İnstitutunun şöbə müdirləri - tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasında progimnaziya və gimnaziyalar”, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və dosent Səadət Məmmədovanın həmmüəllif olduğu “Elm və elmin sosial problemləri – nəzəri və metodoloji tədqiqatların istiqaməti kimi”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımovun “Elmi göstəricilərin nüfuzlu elmi reytinq və istinad sistemlərinə inteqrasiyası və elmi inkişafın gələcək perspektivləri”, Elm Tarixi İnstitutunun elmi işçisi Vahab Fətəliyevin “Qədim və orta əsrlər dövründə “persiya” konsepti” və s. məqalələr oxuculara təqdim olunur.

Məlumat üçün bildirək ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı (AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının təsviri, onların elmi nailliyyətləri), elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.

Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.

Qeyd edək ki, “Elm tarixi və elmşünaslıq" jurnalı “Assos”, “Advanced Sciences Index”, “Academic Recourse Index”, “İndex Copernus” kimi beynəlxalq elmi nəşrlər bazalarında qeydiyyata alınaraq, ümumilikdə 12 indeksləşmə sisteminə daxil edilib.

Jurnalın elektron variantı ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: