Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc alimin məqaləsi nüfuzlu jurnalda çap edilib
01.04.2022 12:22
  • A-
  • A
  • A+

Gənc alimin məqaləsi nüfuzlu jurnalda çap edilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılovun məqaləsi yüksək reytinqli beynəlxalq “Geography, Environment, Sustainability” jurnalında dərc edilib.

Müəllif “Şahdağ Milli Parkında Sentinel-2 peyk məlumatlarından istifadə etməklə spektral indekslərlə kövrək ekosistemlərin monitorinqi” adlı məqaləsində peyk məlumatlarının köməyi ilə Şahdağ Milli Parkı və onun ətraf ərazilərinin ekosistemlərində son illərdə gedən ekoloji dəyişiklikləri təhlil edib. Ekosistemlərin hesablanmış indeks göstəricilərini şəbəkə toru ilə əlaqələndirərək təsnifatını aparıb.

Nəticələrə əsasən, antropogen amillərə həssas olan seyrək meşələrdə, otlaq və kolluq ərazilərdə azalmalar qeydə alınıb. Milli parkın ətraf ərazilərində, xüsusilə yaşayış məntəqələrinin ətrafında və yüksək dağ çəmənliklərində antropogen təsirlərin nəticələri müşahidə olunur. Bu da ərazilərdə təbii ekosistemlərin transformasiyasına və kövrəkliyinə gətirib çıxarır. Milli park daxilində xüsusi mühafizə rejiminin tətbiqi isə təbii bərpa prosesini sürətləndirir.

Tədqiqatda istifadə olunan qiymətləndirmə metodu xüsusilə idarəetmə və ətraf mühitə təsirin qiymətləndirilməsi üçün plan və proqramların, sosial-iqtisadi fəaliyyətin, yerli ərazilərin inkişafına yönəldilmiş strategiyaların icrası zamanı ətraf mühit komponentlərinin real vaxt rejimində vəziyyətinin monitorinqinə imkan verir.          

Qeyd edək ki, jurnal “Scopus” və “Web of Science” platformasına daxil olan “RSCI” bazasında indeksləşib, “Elibrary” platformasında Coğrafiya və ətraf mühitin mühafizəsi sahələrində elmi indeksinə görə birinci yerdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: