Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.08.2022 15:42
  • A-
  • A
  • A+

Gənclərin innovasiya yay düşərgəsi başa çatıb

Gənclərin innovasiya yay düşərgəsi başa çatıb

Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə keçirilən gənclərin innovasiya yay düşərgəsi başa çatıb.

8-13 avqust tarixlərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan düşərgənin proqramına əsasən AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislər, eləcə də müxtəlif universitetlərdə təhsil alan tələbələr üçün “Smart şəhər: Dörd əsas texnologiya”, “Elm və təhsildə innovativ texnologiyalar”, “Mexatronika və machine learning”, “Simulyasiya proqramları”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi”, “Robototexnika”, “Alternativ enerji mənbələri”, “Süni intellekt”, “Hədəflərimizə doğru addımlayaq”, “Mənim uğur hekayəm” adlı təlimlər keçirilib. Həmçinin  “Brain ring” intellektual-əyləncəli oyunu, üzgüçülük, stolüstü tenis, voleybol yarışları və bədii yaradıcılıq müsabiqələri təşkil edilib.

Düşərgə müddətində 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Namiq İbrahimli, Elman Abuşov və Abdulla Abdullayevin gənclərlə görüşü baş tutub. Müharibə iştirakçıları və gənclər arasında səmimi söhbətlər aparılıb, Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

Düşərgənin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri Kənan Kərimov, AMEA-nın GAMŞ-ın sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli iştirak ediblər.

Tədbirdə düşərgələrin gənclər üçün önəmindən bəhs edən Elmir Babayev bundan öncə təşkil olunmuş gənc alimlərin yay düşərgəsi və indiki gənclərin innovasiya yay düşərgəsinə ümumilikdə 150-dən çox iştirakçı və təlimçinin qoşulduğunu bildirib. Qeyd edib ki, onların yarıdan çoxunu AMEA-nın gənc alim və mütəxəssisləri təşkil edir.

Daha sonra düşərgə müddətində keçirilmiş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyələr təqdim edilib.

Məlumat üçün qeyd edək ki, 18-23 avqust tarixlərində Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənc mühəndislərin yay düşərgəsi təşkil ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: