AMEA Mərkəzi Nəbatat Bağının növbəti qonaqları İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin şagirdləri olub. Bağın fəaliyyəti ilə maraqlanan məktəblilər buradakı canlı kolleksiya ilə əyani tanış olmaq imkanı əldə ediblər. MNB-nın elmi işçisi Ofeliya Qafarova şagirdlərə Bağın kolleksiyasına daxil olan Azərbaycan florasına aid endem və nadir bitki növləri, həmçinin dərman bitkilərini nümayiş etdirərək onların təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri haqda ətraflı məlumat verib.
Bağın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Fərid Seyfullayev Dendroxronologiya elmi, onun əhəmiyyəti və tətbiq sahələrindən danışıb. F.Seyfullayev müasir burğu vasitəsilə ağacdan nümunə götürülməsi qaydalarını, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyinini, ətraf mühitdə baş verən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişiklikləri izah edib. Arxeoloji qazıntılar zamanı tapılan 3 və 6 min il bundan əvvələ aid ağac və yaşı 10 min illərlə ölçülən daşlaşmış oduncaq nümunələrinin nümayişi şagirdlərin xüsusi marağına səbəb olub.
Sonda şagirdlərlə bitki müxtəlifliyi üzrə öyrəndikləri yeni məlumatlar ətrafında maraqlı müzakirələr aparılıb və sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.