“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələr elan edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin yanvarın 31-də keçirilən iclasında qəbul olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Nizami Gəncəvi adına Qızıl medalla təltif etmək səlahiyyətinin Prezident İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən AMEA Rəyasət Heyətinə verildiyini xatırladıb. Akademik qeyd edib ki, bu mükafat ildə bir dəfə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilərə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunur.
Adlı mükafatlar üzrə müsabiqənin də önəmliyini qeyd edən akademiya rəhbəri vurğulayıb ki, AMEA-nın Nəsrəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu Ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə təqdim edilir.
Qeyd edək ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə martın 1-dək Ekspert Komissiyasına təqdim edilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.