Monqolustan Respublikasının paytaxtı Ulan-Bator şəhərində VII beynəlxalq Altay topluluqları konfransı keçirilib.
Tədbir Türkiyə Altay Topluluqları Qurumu, Monqolustan Elmlər Akademiyası və Monqolustan Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Monqolustan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Vyetnam və Qırğızıstandan alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib.
İ.Həbibbəyli tədbirdə “Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindən Orxon yazılarınadək” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindəki piktoqraflar və damğaların ümumtürk yazı mədəniyyətinin formalaşmasındakı rolundan və Orxon abidələrində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə səsləşən motivlərdən bəhs olunub.
Azərbaycanlı alim tədbirdə Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib.
İ.Həbibbəyli daha sonra Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdellə görüşüb. Görüşdə iki ölkənin ali elmi qurumu arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib, həmçinin Bakıda və Ulan-Batorda Orxon yazılı abidələrinə və ortaq tarixi problemlərə həsr olunan birgə elmi tədbirlərin keçirilməsi barədə razılığa gəlinib.
Monqolustanda keçirilən tədbirlər çərçivəsində AMEA-nın Ədəbiyyat İnstitutu ilə Monqolustan EA-nın Dil və Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair müqavilə imzalanıb. Müqaviləni Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Monqolustan EA-nın Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Gadamba Bilqudey imzalayıblar.
İsa Həbibbəyli, o cümlədən tanınmış monqol şairi və ədəbiyyatşünası, professor Dojooqiyn Sedevlə də görüşüb.
AMEA-nın vitse-prezidenti daha sonra Monqolustandakı məşhur Bilgə Kağan, Gültegin və Tonyukuq məzarüstü Orxon yazılı abidələrilərini ziyarət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.