Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətə başlamasından 5 il ötür
07.09.2021 14:28
  • A-
  • A
  • A+

“Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətə başlamasından 5 il ötür

Son illərdə AMEA elm, istehsal və sahibkarlığın birgə inkişafı yoluna qədəm qoymuşdur. Burada Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir. Bu məqsədlə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) öz rezidentləri vasitəsilə ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına öz dəstəyini verir.

Sentyabrın 7-də YT Parkın ilk rezidentlərindən olan “Elm və Texnologiya Parkı” MMC-nin fəaliyyətə başlamasından 5 il ötür.

AMEA Rəyasət Heyətinin 7 sentyabr 2016-ci il tarixli qərarı ilə yaradılmış müəssisənin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqindən ibarətdir.

5 il ərzində müxtəlif sahələrdə tətbiq olunan pilotsuz uçuş aparatlarının (PUA) geniş çeşidinin hazırlanması və istehsalı ilə məşğul olan müəssisə bugünədək PUA ilə yanaşı, radiodalğalar vasitəsilə məsafədən müxtəlif idarəetmə sistemləri, perimetr mühafizə sistemləri istehsalı, eyni zamanda, PUA vasitəsilə foto və video çəkilişləri və əldə olunan məlumatların emalı sahəsində bir çox uğurlu layihələrə imza atıb.

“Elm və Texnologiya Parkı” MMC ölkənin hərbi, ekoloji, ərzaq və digər sahələrdə təhlükəsizliyi baxımından çox önəmli sahələrdən olan PUA istehsalı istiqamətində kadr potensialının artırılmasına, yerli mütəxəssislərin yetişdirilməsinə də xüsusi əhəmiyyət verir.

Hazırda “Elm və Texnologiya Parkı” MMC-nin əsas hədəfləri dronların hərbi, mülki, kənd təsərrüfatı və digər sahələrdə tətbiq sahələrini genişləndirə biləcək digər cihazlarla inteqrasiya imkanlarının araşdırılması, perimetr mühafizə sistemlərinin inkişafı, sərhədlərin, xüsusi mühafizə olunan sahələrin, o cümlədən hava limanlarının mühafizəsində bu sistemlərdən səmərəli istifadənin təşkili, eləcə də foto, video çəkilişlər və əldə olunan məlumatların emalı, ortofoto xəritələrin hazırlanması, 3D xəritəçəkmə və “ağıllı ferma təsərrüfatı” üçün yeni həllərin hazırlanmasıdır. Həmçinin akademiyanın bir neçə institutu ilə birgə onların işləyib hazırladıqları layihələrin pilot versiyalarının sınaqlarının keçirilməsi, istehsala keçid imkanı və reallaşdırılması kimi layihələrin həyata keçirilməsi də prioritetdə nəzərdə tutulan istiqamətlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: