Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.11.2022 09:08
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin fevralı

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin fevralı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

1993-cü ilin iyununda Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Xalqımız özünün taleyüklü anlarında Ulu Öndəri köməyə çağırdı. Vətənin və xalqın ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi dərin böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı və o vaxtdan ölkəmizin həyatında yeni səhifə açıldı.

1 fevral. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cəbhə bölgəsində vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirdi.

2 fevral. Türkiyənin Hacettepe Universitetindən bir qrup professoru qəbul etdi.

3 fevral. Türkiyə jurnalistlərinə müsahibə verdi.

4 fevral. Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alimlər və mütəxəssislərlə görüşdü.

7 fevral. Türkiyənin ali məktəblərində təhsil almağa gedən azərbaycanlı tələbələri qəbul etdi.

8-11 fevral. Türkiyədə rəsmi səfərdə oldu.

15 fevral. Gürcüstan nümayəndə heyətini qəbul etdi.

19 fevral. Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanqı qəbul etdi.

20 fevral. Prezident Aparatının, Nazirlər Kabinetinin, nazirliklərin, bankların və dövlət şirkətlərinin iştirakı ilə geniş müşavirə keçirdi.

22-25 fevral. Böyük Britaniyada rəsmi səfərdə oldu.

26 fevral. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in (indiki ATƏT) verdiyi təkliflərin müzakirəsinə həsr olunmuş müşavirə keçirdi.

27 fevral. Respublikada ordu quruculuğu məsələlərinə dair müşavirə keçirdi.

Ulu öndər Heydər Əliyev torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın hərbi təcavüzünün qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görür, ordu quruculuğu və cəbhədəki vəziyyətlə bağlı müşavirələr keçirirdi. Növbəti müşavirə 1994-cü il fevralın 1-də oldu. Müşavirədə cəbhədəki vəziyyət müzakirə edildi və ordu quruculuğu sahəsindəki problemlərin aradan qaldırılması üçün tapşırıqlar verildi.

Heydər Əliyev ölkə iqtisadiyyatının dirçəldilməsində neft sənayesinin inkişafına xüsusi önəm verirdi. 1994-cü il fevralın 5-də Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alimlər və mütəxəssislər ilə görüşən Ulu Öndər xarici şirkətlərlə imzalanması nəzərdə tutulan müqavilələrin ölkəmizin iqtisadi mənafeyinə nə dərəcədə cavab verib-vermədiyini müəyyənləşdirmək məsələsinə diqqət çəkdi. Bununla bağlı görüş iştirakçılarının təkliflərini dinlədi.

Dahi rəhbər Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının reallaşdırılmasında Türkiyə ilə əməkdaşlığı vacib hesab edirdi. Bu məqsədlə 1994-cü il fevralın 8-11-də Türkiyəyə rəsmi səfər edən Heydər Əliyev qardaş ölkədə yüksəksəviyyəli görüşlər keçirdi, həmçinin Türkiyə Böyük Millət Məclisində çıxış etdi. Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq haqqında müqavilələr imzalandı. Ulu Öndər, həmçinin Bilkənd Universiteti idarə heyətinin sədri İhsan Doğramaçı ilə görüşdü, İstanbulda “Sülh və səbir” beynəlxalq dini konfransında çıxış etdi, ali məktəblərdə təhsil alan azərbaycanlı gənclərlə görüşdü, Türkiyə Hərbi Akademiyasında oldu, ölkənin iş adamlarını qəbul etdi. Beləliklə, bu səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Azərbaycan Prezidenti dövlətimizin dünya siyasətinə inteqrasiyası istiqamətində də mühüm addımlar atırdı. Onun 1994-cü il fevralın 22-25-də Böyük Britaniyaya rəsmi səfəri bu baxımdan diqqət çəkir. Dahi rəhbər səfər çərçivəsində Birləşmiş Krallığın Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşdü, Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə”ni imzaladı. Eyni zamanda, müxtəlif sahələrdə (vergi, energetika, aviasiya və s.) əməkdaşlıq üzrə müqavilələr bağlandı. Heydər Əliyev, həmçinin Böyük Britaniya Sənayeçiləri Konfederasiyasında, Kral Beynəlxalq Münasibətlər İnstitutunda nitq söylədi. Böyük şirkətlərin nümayəndələri ilə görüşlər keçirdi və onları əməkdaşlıq üçün Azərbaycana dəvət etdi. Bütün görüşlərində və çıxışlarında Azərbaycan Prezidenti Ermənistanın təcavüzkar siyasətinə və torpaqlarımzın işğal edilməsinə diqqət yönəldir, ona ünvanlanan sualları tarixi və elmi dəlillərlə cavablandırırdı.

Sitat: Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisinin bir hissəsi də vaxtilə Azərbaycan torpaqları idi. Mən həmin ərazini sizə göstərə bilərəm. O, Zəngəzur adlanır. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır…

Azərbaycan Prezidenti səfəri çərçivəsində, həmçinin Britaniyada yaşayan azərbaycanlılarla görüşdü və onları birliyə səslədi: “Xalqımızın çox gözəl xüsusiyyətləri, ənənələri var, qədim tarixi var. Ancaq qüsurlu cəhətləri də var. O da bundan ibarətdir ki, bir-birimizlə möhkəm əlaqə saxlaya bilmirik. İnciməsəniz deyə bilərəm ki, düşdüyünüz mühitdə bəziləri əriyib başqalarına qarışır, öz milli mənliyini saxlaya bilmir. Bu, bizim nöqsan cəhətimizdir. Hesab edirəm ki, Azərbaycan müstəqil dövlət olandan sonra, digər ölkələrdə yaşayan azərbaycanlılar özlərinin Azərbaycan kimi bir Ana Vətəni olduğunu dərk edəndən sonra bu çatışmazlıq, bu nöqsan da aradan götürülə bilər…

Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətinin ağır və çətinliyindən asılı olmayaraq, gərək hər kəs öz Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha da çox bilməlidirlər ki, indi bizim nəhayət müstəqil dövlətimiz – Azərbaycan Respublikası var, azərbaycanlılar üçün Ana Vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli, harada olursan-ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən. Bax, buna görə də mən bu gün azərbaycanlıların burada, bu salonda toplaşmasına çox sevinirəm.

Ulu Öndər Azərbaycan haqqında, o cümlədən xalqımızın tarix boyu məruz qaldığı soyqırımları, eləcə də Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması üçün bütün imkanlardan istifadə edirdi. Lakin əvvəlki rəhbərlik bununla bağlı heç bir addım atmadığı üçün əlavə səylər tələb olunurdu. Məhz Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edildi və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi.

Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətləri haqqında

• Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur.

• Azərbaycan torpaqlarının bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bunun bəzi subyektiv və obyektiv cəhətləri vardır. Ancaq Azərbaycan xalqı yaxşı bilir ki, bütün bu illərdə Azərbaycanı müdafiə etmək üçün Türkiyənin səsi çox gur gəlib. Türkiyənin köməyi Azərbaycana mənəvi dayaq olub. Biz bu mənəvi yardımdan, köməkdən bu gün də istifadə edirik.

• Əsrlər boyu nə qədər çətinliklər, nə qədər müharibələr, mücadilələr olmuşsa da, tarixi köklərimizin birliyi heç vaxt qırılmamışdır. Bu tellər daim bir-biri ilə bağlı olmuşdur. Ancaq elə illər olmuşdur ki, insanlar bir-birini görməyə, əlaqə saxlamağa həsrət qalmışlar. Lakin yenə də ümidlərini itirməmişlər.

• Xalqlarımızın qardaşlıq, dostluq əlaqələri, milli ənənələrin eyni kökdən olmaları bu gün bizim üçün həm örnəkdir, həm də indimiz və gələcəyimiz üçün çox böyük təməldir, əsasdır.

• Bizim indiki görüşlərimiz son illərdə Azərbaycan ilə Türkiyə arasında yaranmış əlaqələrin davamıdır. Böyük iftixar hissi ilə, böyük məmnuniyyətlə demək olar ki, 70 il bir-birindən ayrı düşmüş xalqlarımız qısa müddətdə bir-birinə qovuşdu, bir-birini qucaqladı və sanki bu 70 ildə ayrılıq heç olmamışdır. Ürəklərdən ürəklərə olan hisslər dövlətlər arasında əlaqələrə çevrildi və ötən illərdə bu sahədə çox iş görüldü.

• Hələ gənc yaşlarımda kitablardan, qəzetlərdən Türkiyə haqqında, türk xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə həsrətlə baxır, ona böyük maraq göstərir, Böyük Millət Məclisinin işi barədə, onun qəbul etdiyi qərarlar barədə məlumatları həvəslə, diqqətlə oxuyurdum. Hər dəfə də düşünürdüm ki, bu mötəbər və nüfuzlu Böyük Millət Məclisi – türk xalqının həyatında dəyərli və diqqətəlayiq işlər görən bu məclis nə qədər də qüdrətli və nə qədər də məqsədyönlü siyasət aparan bir məclisdir.

• Türkiyə cəmiyyəti, Türkiyə dövləti bütün sınaqlardan çıxmışdır, indi də uğurla irəliləyir. Hazırda Türkiyə böyük bir dövlətdir. Türkiyənin dünya miqyasında böyük bir dövlət olmasına görə biz də iftixar hissi keçiririk.

• Xalqımız ilk demokratik dövlət qurduğu dövrdə Türkiyə Azərbaycanla bir olmuş, bərabər olmuş, Azərbaycana çox böyük kömək və yardım etmişdir. Bunu Azərbaycan xalqı heç vaxt unutmayıb və unutmayacaqdır. O vaxtlar xalqımız neçə-neçə düşmənin təcavüzünə məruz qalmışdı. Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır.

• Biz uzun illər ərzində, 70 il bir-birimizdən ayrı düşmüşdük. Əvvəllər də birliyimizə maneçilik törədən amillər olmuşdur. Lakin elm, mədəniyyət, ədəbiyyat adamlarımız bizim həmişə birgə olmağımızı təmin etmişlər. Biz bir-birimizdən məsafəcə uzaq olsaq da, ərazicə ayrı düşsək də, bir-birimizi görə bilməsək də, ulu babalarımızın bizə verdikləri nəsihətlərlə yaşamış olan xalqlarımızın mütəfəkkirləri, milliyyətimizi, milli ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi unutmağa qoymayıblar və heç vaxt da unutmamışıq.

Qeyd: Bu fikirlər Ulu Öndərin 1994-cü ilin fevralında Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə və tədbirlərdəki çıxışlarından götürülüb.

  • Paylaş: