AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiya qrupu Goranboy rayonu ərazisində tədqiqatları davam etdirir.
Qaraçinar çoxtəbəqəli yaşayış yeri Kiçik Qafqazın şərq yamacında, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, Goranboy rayonunun Qaraçinar kəndi ərazisində yerləşir. Yaşayış yeri Qaraçayın sağ sahilində, indiki yer səviyyəsindən 5 metr hündürlükdə olmaqla, 1 hektara qədər ərazini əhatə edir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşir. Qaraçay öz başlanğıcını kiçik Qafqaz silsiləsinə aid dağlardan götürərək Kür çayına tökülür. Qaraçayın ətrafında Eneolit dövründən başlayaraq müxtəlif dövrlərə aid yaşayış yerləri və qəbir abidələri mövcuddur. Bu isə Qaraçayın min illər ərzində təbii-birləşdirici marşrut (keçid yolu) rolunu oynamasını göstərir. Sovet dövründə (1970-ci illərin əvvəli) burada ermənilər tərəfindən pivə zavodunun tikilməsi nəticəsində yaşayış yerinin mərkəzi hissəsi dağıntıya məruz qalıb. Zavodun tikildiyi ərazidə mədəni təbəqə tamamilə qazılaraq götürülüb. Həmin mədəni təbəqə torpağı yaşayış yerinin üzərinə tökülüb. Bu isə yaşayış yerinin bir tərəfində mədəni təbəqənin tamamilə dağılmasına, digər tərəfində isə qarışmasına səbəb olub.
Yaşayış yeri Naftalan-Goranboy arxeoloji ekspedisiyanın rəhbəri dosent Müzəffər Hüseynov tərəfindən 2014-cü ildə qeydə alınıb. Həmin il Qaraçay hövzəsində yeni abidələrin qeydə alınması məqsədilə kəşfiyyat işləri həyata keçirilib. Onlarla kurqan tipli qəbir abidələri ilə yanaşı, Qaraçinar yaşayış yeri də qeydə alınıb və yerüstü materiallar toplanılıb. Həmin il yaşayış yerinin Qaraçayın yarğanı olan sahəsində 4x4 metr ölçüdə yoxlama qazıntısı aparılaraq abidə haqqında ilkin məlumat əldə edilib. Yaşayış yerinin Son Eneolit dövründən başlayaraq orta əsrlərə qədər olan böyük bir dövrü əhatə etməsi məlum olub.
Toplanmış yerüstü materiallar orta əsrlər və Antik dövrə aid keramika nümunələri ilə yanaşı, Kür-Araz mədəniyyətinə aid tunc yastı balta və saxsı nümunələrindən ibarətdir. Abidədən yerüstü material kimi çoxsaylı kəsici əşyalar aşkarlanıb. Diqqət çəkən məqamlardan biri aşkar edilmiş bütün kəsicilərin obsidiandan hazırlanmasıdır.
2017-ci ildə abidəyə Fransa və İtaliya arxeoloqları baxış keçiriblər. Onlar abidənin Kür-Araz mədəniyyətinə aid Qafqazın ən əhəmiyyətli abidələrindən biri olaraq arxeoloji qazıntı işlərinə başlanılmasının vacibliyini qeyd ediblər.
2018-ci ildən yaşayış yerinin qazıntısına Azərbaycan arxeoloqları ilə yanaşı, Culio Palumbinin rəhbərlik etdiyi Fransa və İtaliyadan olan arxeoloqlar cəlb ediliblər. 2018-2023-cü illərdə yaşayış yerində Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası qazıntı işləri aparıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən abidədə tədqiqatlara ara verilib. Abidənin ən alt təbəqəsi Son Eneolit dövründən başlayır. Erkən Tunc dövrünə aid əsas təbəqənin qalınlığı 3 metrdən artıqdır. Həmin təbəqənin üzərində fasilələrlə Orta Tunc, Son Tunc - İlk Dəmir, Antik və orta əsrlər dövrlərinə aid təbəqələrə rast gəlinir. 2023-cü ildə burada 200 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb.
2024-cü ildə Qaraçinar yaşayış yerində qazıntı işlərini Müzəffər Hüseynovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya davam etdirib. Tədqiqatlar yaşayış yerinin 3 fərqli ərazisində aparılıb. Birinci sahədən kərpic binanın qalıqları aşkar edilib. Kərpic divar düzümünün yaxşı qaldığını söyləmək mümkündür. Divarın 7 metrdən artıq hissəsi təmizlənsə də, divar qalıqlarını tamamilə açmaq mümkün olmayıb. Təmizlənmiş hissəyə əsasən yuvarlaq tikilinin 100 kvadratmetrdən artıq sahəni əhatə etdiyini söyləmək olar. Ehtimal ki, böyük ölçülü tikili arakəsmələrlə bölünüb. Divarın daxilinin az bir hissəsi qazıntı sahəsinə düşürdü. Lakin bu kiçik sahənin təmizlənməsi nəticəsində əsasən obsidian və qismən çaxmaqdaşından oraq dişləri, sümük kəsici, sümükdən muncuq, mərkəzi hissəsində deşik açılmış diskşəkilli əşya və Erkən Tunc dövrünə aid saxsı qab hissələri aşkar edilib. Kərpic tikilinin kənarından isə təndir və təsərrüfat quyusu aşkarlanıb.
Yaşayış yerində, abidənin cənub-qərb tərəfində seçilən ikinci qazıntı yerindən isə Erkən Tunc dövrünə aid mədəni təbəqə aşkar edilib. Bu hissəsinin bütün qatlarından analiz nümunələri götürülüb.
Bu günə qədər aparılan arxeoloji tədqiqatların yekununa əsasən, Qaraçinar yaşayış yeri Kür-Araz mədəniyyətinə aid Cənubi Qafqazda tədqiq olunan ən mühüm abidələrdən biridir. Abidənin İlk Tunc dövrü mədəni təbəqəsinin qalınlığı (3 metrdən artıq) və zənginliyi, eləcə də Erkən Tunc dövründən Orta Tunc dövrünə keçid prosesinin izlənməsi onun əhəmiyyətini artırır. Yaşayış yerində tədqiqatların davam etdirilməsi qərara alınıb.