Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İşğaldan azad olunan ərazilərimizdəki kəhrizlər il ərzində 119,7 mln. kubmetr suvermə qabiliyyətinə malikdir
27.11.2020 10:49
  • A-
  • A
  • A+

İşğaldan azad olunan ərazilərimizdəki kəhrizlər il ərzində 119,7 mln. kubmetr suvermə qabiliyyətinə malikdir

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev YUNESKO-nun təşkilatçılığı ilə “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin IX onlayn konfransında “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni vandalizminə məruz qalmış kəhrizlər” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti ilə ölkəmiz 44 günlük Vətən müharibəsindən qalib çıxdı. “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini nə günə qoyublar? Əminəm ki, işğaldan azad olunmuş torpaqlarımızda tezliklə yeni evlər tikiləcək, yollar çəkiləcək. Torpaqlar əkin altında bol məhsul verəcək. Qədim su mənbələri kəhrizləri bərpa edəcəyik. Biz dağıdılmış rayonların bərpasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə yaxın vaxtlarda nail olacağıq”, - deyə torpaqşünas alim vurğulayıb.

Əlövsət Quliyev işğal illərində 5 rayonumuzda 332 kəhrizin 30 il ərzində erməni əsarəti altında qaldığını söyləyib. Diqqətə çatdırıb ki, coğrafi paylanmasına görə Cəbrayıl rayonunda 111, Füzulidə 71, Ağdamda 98, Dağlıq Qarabağda isə 52 kəhriz yayılıb: “Burada yayılmış kəhrizlərin saniyəlik su sərfi 3,743 m3/san, il ərzində əldə olunan suyun həcmi isə 119,7 mln. kubmetr təşkil edir. Kəhrizlər ən çox suya ehtiyacı olan bölgələrdə, çay olmayan, lakin zəngin yeraltı suya malik maili düzənliklərdə və çay yataqlarında qazılardı. Məhz qeyd olunan rayonlarda çay şəbəkəsi zəif, yeraltı sular isə bol olduğundan ta qədimdən bu yerlərdə kəhrizlərdən istifadə edilib”.

Alim Ağdam rayonundakı kəhrizlərin il ərzində 64,33 mln. kubmetr, Cəbrayılda 34,68 mln. kubmetr, Füzulidə 19,01 mln. kubmetr, Dağlıq Qarabağda isə 1,68 mln. kubmetr suvermə qabiliyyətinə malik olduğunu bildirib. Qeyd edib ki, kəhrizlər tarixən yaşayış məntəqələrimizə xidmət etməklə əhalini içməli və suvarma suyu ilə təmin ediblər: “Onlar xalqımızın qədim irs abidələri olub, oturaq mədəniyyətimizin əsasının qoyulmasında mühüm rol oynayıblar. Yəni biz tarixən köçəri xalq olmamışıq. Kəhrizlər üzərində müxtəlif memarlıq üslubunda inşa edilmiş “ərzaq saxlama saxlancları”, “hava sərinkeşləri” mövcuddur. Azərbaycanın bir çox yerlərində bu abidələr indiyədək saxlanmaqdadır”.

Məruzəçi erməni hərbi birləşmələrinin kəhrizlərdə minalar basdırdıqlarını vurğulayıb və gələcəkdə onların bərpası zamanı diqqətli olmağın vacibliyini söyləyib.

Alim çıxışının sonunda “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə beynəlxalq dövlətlərarası idarə heyətinin üzvlərini erməni vandalizminin nəticələrinə canlı şahidlik etmək üçün ölkəmizə dəvət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: