Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Prezident İlham Əliyevin Ermənistan üzərindəki növbəti siyasi-diplomatik qələbəsi
22.07.2020 13:59
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin Ermənistan üzərindəki növbəti siyasi-diplomatik qələbəsi

2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd göstərmişlər.

Qeyd etmək lazımdır ki, ermənilərin ardı-arası kəsilməyən təxribatları, Ermənistanın əslində terrorçu dövlət olmasını hər kəsə açıq-aşkar nümayiş etdirir. Belə ki, bu gün diktaturanın hökm sürdüyü Ermənistanda hər hansı demokratik prinsiplərdən söhbət gedə bilməz. Bu baxımdan Ermənistanın Venesiya Komissiyasının tövsiyələrinə riayət etməməsi də təəccüblü deyildir.

Ermənistan bu gün Azərbaycanı, əldə etdiyi nailiyyətlərə görə qısqanır. Belə ki, 2020-ci ilin iyulun 10-da möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə rəsmən açıq elan edilən BMT Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyası ölkəmizin növbəti böyük qələbəsi idi. Çünki, məhz Azərbaycan xüsusi səy göstərərək koronavirus pandemiyası ilə bağlı məsələni gündəmə gətirmiş və bununla bağlı operativ tədbirləri həyata keçirmişdir. Bu tarixi hadisə ilə bağlı 130 ölkənin bizi dəstəkləməsi isə Ermənistanın növbəti siyasi-diplomatik məğlubiyyətindən xəbər verir.

Qeyd edək ki, Ermənistan məqsədyönlü şəkildə heç bir tarixi əsası olmayan “dənizdən-dənizə böyük Ermənistan” xülyasını həyata keçirmək üçün planlı şəkildə təxribatlar həyata keçirir. Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev belə qeyd edir: “Ermənistan tərəfinin bu təxribata xeyli müddətdir əsaslı şəkildə hazırlaşdığı açıq-aydın görünür. Bu hazırlıqlar həm diplomatiya və informasiya cəbhələrində, həm də hərb sahəsində koordinasiyalı şəkildə həyata keçirilmişdir. Son aylarda Ermənistan ordusunun Azərbaycanın Qərb rayonlarını intensiv şəkildə atəş altında saxlaması, erməni diplomatlarının bütün platformalarda ölkəmizi işğalçı kimi qələmə vermək istiqamətindəki ardıcıl cəhdləri deyilənlərin bariz sübutudur”.

Aprel döyüşlərində olduğu kimi, ermənilər, iyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdə də ciddi itkilərlə üz-üzə qaldıqlarını mediadan gizlətməyə çalışırlar. Bununla yanaşı, Ermənistan KİV-ləri düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yalan məlumatlar yayırlar. Bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı belə qeyd edir: “Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.

Belə bir məqamda isə aydın olur ki, ermənilər sırf ictimai fikri çaşdırmaq üçün bu cür addım atırlar. Bu baxımdan görkəmli tarixçi alimimiz, millət vəkili Musa Qasımlı belə qeyd edir: “Müharibə təkcə döyüş texnikası və canlı qüvvə ilə deyil, eyni zamanda, informasiya vasitələri ilə də aparılır. İnformasiya müharibəsində bir çox sahələrdə üstünlük də əldə edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi aparması, yalan və uydurmalar tirajlaması da səbəbsiz deyil. Bununla təcavüzkar ölkə insanlar arasında çaşqınlıq yaratmağa və öz istəyinə nail olmağa çalışır. Amma unudurlar ki, Azərbaycan dövləti 90-cı illərdə deyil, əvvəlki illərdən qat-qat güclüdür. Biz təkcə döyüş meydanında deyil, həmçinin informasiya cəbhəsində də düşmənə layiqli cavab veririk. Düşmən heç bir zaman öz istəyinə nail ola bilməz. Baş verən hadisələr bizim cəmiyyətimizdə daha mütəşəkkil olmağı tələb edir”.

Ermənilər bir qayda olaraq xaincəsinə qəfil hücumlar edərək mövqelərimizi ələ keçirməyə çalışırlar. Bu baxımdan 2020-ci ilin iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, ermənilərin ancaq mülki əhaliyə, hərbi postumuza atəş açmağa gücləri çatır ki, bu da onların çirkin və məkrli mahiyyətlərini ortaya qoyur.

Bu gün ermənilər özləri də Ermənistanda ciddi xaosun, anarxiyanın və başıpozuqluğun baş alıb getdiyini dərk edərək ölkələrini tərk edirlər. Bu baxımdan Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryanın işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə sığınması təsadüfi hal deyildir. Belə ki, Narek Sardaryan, Ermənistandakı zorakılıqdan, məmur özbaşnalığından və ona qarşı olunan ədalətsizlikdən bezərək ölkəmizə sığındığını qeyd edir. Sardaryan, həmçinin Ermənistan ordusunda hərc-mərcliyin, intizamsızlığın və rüşvətxorluğun baş alıb getdiyini, bundan əlavə, ordunun narkotikadan istifadə etdiyini etiraf edir. 

Sonda onu qeyd etmək istəyirik ki, bu gün Azərbaycanın necə güclü orduya malik olması ermənilərə də məlumdur. Ordumuzun çevikliyi sayəsində düşmən hər dəfə cavab atəşi ilə susdurularaq böyük itkilərə məruz qalır. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, düşmənə adekvat cavab verilmiş, hərbçilərimizin qisası alınmışdır və bundan sonra da alınacaqdır.

Kamal Salayev, AMEA-nın  Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

 

  • Paylaş: