Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.08.2022 16:55
  • A-
  • A
  • A+

“Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilir

“Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilir

28 avqust - 8 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində “Palçıq vulkanları və neft-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilir.

Neft və Qaz İnstitutu (NQİ), M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) və Oslo Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin ikinci günü AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev yay məktəbinin gündəliyində nəzərdə tutulan məsələlər barədə məlumat verib.

Ölkəmizin palçıq vulkanları ilə zəngin olduğunu və Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanındığını deyən akademik İbrahim Quliyev bildirib ki, palçıq vulkanlarının əksəriyyəti Xəzər akvatoriyasında, Bakı və Abşeron yarımadasında yayılıb və GPS vasitəsilə onların fəallığı öyrənilməkdədir. Alim ölkəmizdə palçıq vulkanlarının bütün formalarına - fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı və s. rast gəlindiyini söyləyib, dünyanın ən fəal beş palçıq vulkanından biri olan Lökbatan palçıq vulkanının da Azərbaycan ərazisində yerləşdiyini xatırladıb.

O, beynəlxalq yay məktəbinin palçıq vulkanlarının tədqiqi sahəsində aparılan tədqiqatların dərinləşdirilməsinə, o cümlədən ölkəmizin təbii sərvətlərinin dünyada tanıdılmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Daha sonra məruzələr dinlənilib. Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı Adriano Mazzini akademik İbrahim Quliyevlə birgə həmmüəllifi olduğu “Palçıq vulkanlarının ümumi icmalı”, MDU-nun əməkdaşı Qriqori Axmanov “Avropa ərazisində palçıq vulkanları”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşı Elçin Bağırov “Azərbaycanda neft sistemləri və palçıq vulkanizmi”, akademik Namaz Yusubov akademik İbrahim Quliyevlə birgə həmmüəllifi olduğu “Palçıq vulkanları və karbohidrogen sistemləri”, Tromso Universitetinin əməkdaşı Giuliana Panieri “Karbohidrogen miqrasiyasının ekstremal mühitlərinin araşdırılması: müasir dövr və keçmiş” adlı məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, yay məktəbi Neft və Qaz İnstitutu, MDU və Oslo Universiteti arasında 2018-ci ildə imzalanmış üçtərəfli müqaviləyə əsasən keçirilir.

Sentyabrın 8-dək davam edəcək yay məktəbi çərçivəsində iştirakçıların palçıq vulkanlarına, o cümlədən Yanardağa ekskursiyaları və praktiki sahə təlimləri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: