Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
30.09.2022 19:43
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq

Sentyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan birinci məsələ ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında olub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvləri bildiriblər ki, Heydər Əliyev XX əsrdə ümummilli ideyaları və həmin ideyaların gerçəkləşdirilməsinə nail olma bacarığı ilə xalqımızın tarixi taleyində müstəsna rol oynamış ən böyük tarixi şəxsiyyətlərdən biri olub. Vurğulanıb ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyi ilə bağlı işıqlı ideyalarının gerçəkləşməsinin nəticəsidir ki, bu gün Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolunda olan, öz ərazi bütövlüyünü bərpa edən müstəqil və qüdrətli bir dövlətdir.

Çıxışlarda o da qeyd olunub ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyev elmimizin inkişafında da mühüm xidmətlər göstərib, onun həyata keçirdiyi elmi potensialın qorunması və inkişaf etdirilməsi siyasətinin nəticəsi olaraq Azərbaycan elmi bir sıra uğurlara imza atıb.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin fəaliyyətində milli elmi kadrların hazırlanmasının da xüsusi yer tutduğunu deyən Rəyasət Heyətinin üzvləri bu gün ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil  müəssisələrində ulu öndərin yetişdirdiyi həmin kadrların uğurla fəaliyyət göstərdiklərini bildiriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görüb. 90-cı illərdə isə onun təşəbbüsü ilə Azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırılıb.

Natiqlər bildiriblər ki, müstəqillik illərində Heydər Əliyev Azərbaycan elminin inkişafı məqsədilə bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də Ümummilli Lider Heydər Əliyevin ənənələrini davam etdirdiyini deyən çıxışçılar qeyd ediblər ki, hazırda elmi potensialın inkişafı və ondan milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması, xüsusən “elm-təhsil-iqtisadiyyat” münasibətlərinin müasir dövrün tələbləri baxımından yenidən qurulması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir və bu istiqamətlərə uyğun olaraq indi Akademiyada köklü islahatlar aparılmaqdadır: “Bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir. Alimlərimiz belə hesab edir ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində  Heydər Əliyev ideyalarına ən böyük sədaqət  nümunəsidir”.

Qeyd olunanları nəzərə alaraq, ölkə başçısının Sərəncamının icrasından irəli gələn məsələlərin həlli məqsədilə AMEA-da Komissiya yaradılıb və Akademiyanın geniş Tədbirlər Planının hazırlanması qərara alınıb.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Hesabatların Elmi şuralarda, bölmələrdə və Rəyasət Heyətində dinlənilib təsdiqindən sonra “Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinin 2023-cü il fevralın 25-dək nəşrə hazırlanması və məcmuəyə AMEA-da və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin mühüm nəticələri, həyata keçirilmiş əsas elmi-təşkilati işlər, AMEA-nın fəaliyyətinin digər aspektləri və göstəriciləri haqqında ətraflı məlumatların daxil edilməsi barədə qərar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: