Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2023 15:50
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev İli”nə töhfə olaraq Nadir ağaclar parkı salınıb

AMEA-da “Heydər Əliyev İli”nə töhfə olaraq Nadir ağaclar parkı salınıb

AMEA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Akademiya şəhərciyində Nadir ağaclar parkı salınıb.

Nadir ağaclar parkının salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq ölkəmizdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyada bu istiqamətdə görülən işlərdən danışıb, nəzərdə tutulan kitablardan artıq ilk əsərin çap olunduğunu bildirib.

AMEA-nın Naxçıvan və Gəncə bölmələri, Lənkəran və Şəki regional elmi mərkəzlərində də Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini qeyd edən AMEA prezidenti, bundan başqa, görkəmli oftolmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın da yaradıcılığına həsr olunmuş tədbirlərə başlanıldığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli AMEA-nın “Heydər Əliyev İli”nə töhfə olaraq Nadir ağaclar parkının salınmasının önəmindən bəhs edərək bildirib ki, bu, AMEA-nın Ümummilli Lider qarşısında borcunun bir ifadəsidir. O, ağacəkmə aksiyası zamanı Azərbaycan florasının qədim və “Qırmızı kitab”a düşmüş Gözəl ağcaqayın, Hirkan ağcaqayını, dəmirağac, Qafqaz xurması, Lənkəran akasiyası, Naxçıvan florasına aid olan nalbənd, eləcə də vələsyarpaq azat kimi ağacların seçilərək əkildiyini qeyd edib. Bildirib ki, AMEA-da bu ərazi yaşıllıq sahə olmaqla bərabər, həm də elmi-təcrübi baza rolunu oynayacaq.

Nadir ağaclar parkında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də elmi müəssisə və təşkilatların baş direktorları və əməkdaşlarının iştirakı ilə ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ 50 ağac və 50 kol bitkisi əkilib.

Qeyd edək ki, yeni əkilmiş ağaclara ilk aqrotexniki qulluq göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: