Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

27.11.2023 16:47
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma M1.48 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1 səviyyəli radiosiqnalların kəsilməsi, II-IV tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq, 11 ləkə qrupunda 169 ləkə və Tac dəliyi müşahidə olunur.

AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 1107 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 626 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 18 nT, radial istiqamətdə isə  -15 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 483 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.33 nT, radial istiqamətdə isə  -1.82 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi 21-22 noyabrda G1 (zəif), 25 noyabrda isə G2 (orta) səviyyəsinə kimi yüksəlmiş və geomaqnit qasırğaları baş vermişdir. Hal-hazırda Kp indeksi 1.7-ə bərabərdir.

Kosmik hava proqnozu – proqnoz günlərində (27 noyabr - 3 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 29 noyabradək yüksək səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinə müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsirinin zəifləməsi və normala dönməsi gözlənilir.

Geomaqnit sahəsinin Tac dəliyinin təsiri ilə 29 noyabradək aktiv və qeyri-sabit səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: