Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

09.02.2024 14:58
  • A-
  • A
  • A+

Ceyms Vebbin materialları əsasında ulduzların təkamülü tədqiq olunub

Ceyms Vebbin materialları əsasında ulduzların təkamülü tədqiq olunub

Nyu Cersi Dövlət Universitetinin astronomlarından ibarət tədqiqat qrupu Wolf-Landmark-Melotte qalaktikasında ulduzların yaranma tarixini araşdırıb. Onlar Ceyms Vebb tərəfindən alınmış yeni materiallar əsasında qalaktikadakı ulduzların temperaturu, parlaqlığı və rəng göstəricisinə əsasən yaşlarını təyin edərək, kataloq hazırlayıblar.

Tədqiqat işinin nəticələri “Astrophysical Journal”da dərc olunub.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, qrupun tədqiqatının əsas məqsədi ilkin kainatda baş verən prosesləri araşdırmaqdır. Ona görə də alimlər əsasən kiçik kütlə tədqiqinə fokuslanıb, çünki bu ulduzların yaşı demək olar ki, elə kainatın yaşına bərabərdir. Kainatın ilkin dövrlərində yaranmış kiçik kütləli qalaktikalar tədqiqatçılara ulduzəmələgəlməni, kimyəvi elementlərin təkamülünü və ulduz əmələ gəlməsinin qalaktikadakı qazın miqdarı və quruluşuna təsirini öyrənməyə imkan verir.

Volf-Landmark-Melot qalaktikasının tədqiqat obyekti kimi seçilmə səbəbi isə bu qazla zəngin qalaktikada aktiv ulduzəmələgəlmə prosesinin getməsi və bu prosesin 13 milyard il əvvəl - kainat yeni yarandığı zaman başlamasıdır. Lakin “qaynar kainat” qalaktikadakı qazın həddən artıq qızmasına səbəb olmuş və ulduz əmələgəlmə prosesini bir neçə milyard il ərzində tormozlamışdır. Zamanla genişlənən kainat soyumuş və öz növbəsində qalaktikadakı qaz da soyuyaraq, proses yenidən başlanmışdır.

Tədqiqat işi üçün hesablamalar Universitetin bazasında yaradılmış  “Rutgers Office of Advanced Research Computing” tərəfindən idarə olunan yüksək sürətli  “Amarel” klasterində aparılmışdır.

Qeyd edək ki, Süd Yolu qalaktikasının da daxil olduğu lokal qrupun kənarında yerləşən irrequlyar qalaktika Yerdən 3.2 milyon işıq ili məsafədə, Balina bürcündə yerləşir. Qalaktika onu kəşf edən və detallı tədqiq edən astronomların şərəfinə adlandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: