Bu gün AMEA Rəyasət Heyətinin iclasında “AMEA-nın professoru” elmi adının təsis edilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin layiqincə qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasının son illər Akademiyada aparılan çoxşaxəli islahatların tərkib hissəsi olduğunu bildirib. Akademik bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirildiyini, yeni fəxri ad, diplom və mükafatların təsis edildiyini vurğulayıb.
AMEA rəhbəri “Akademik professor” elmi adının təsis edilməsinin beynəlxalq təcrübəyə əsaslandığını və yüksək elmi nailiyyətlər əldə etmiş alimlərin əməyinin stimullaşdırılması məqsədi daşıdığını söyləyib.
İclasda milli və beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə etmiş, uzun illər ərzində AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə “AMEA-nın professoru” elmi adının təsis edilməsi haqqında qərar qəbul edilib. Elmi adın Əsasnaməsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.