www.science.az
17.04.2017 14:17

AMEA-da professor Roza Eyvazovanın 80 illik yubileyi qeyd olunub

Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim və şairə, filologiya elmləri doktoru, professor Roza Eyvazovanın anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli alimin Azərbaycanda humanitar elmlərin inkişafında müstəsna xidmətləri olduğunu və R.Eyvazovanın 200-ə yaxın əsərinin dilimizin tarixi və onomastikasının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. T.Kərimli alimin tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da peşəkar dilçi kimi tanındığını bildirib.

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb. R.Eyvazova ilə tanışlıqlarının 1982-ci ildə Əfqanıstanda baş tutduğunu deyən M.Nağısoylu alimin müharibəyə baxmayaraq bu ölkədə elmi fəaliyyətini əzmlə davam etdirdiyini söyləyib. Kişvərinin divanı üzərində işləməyin çətin olduğunu deyən M.Nağısoylu bildirib ki, R.Eyvazova dil biliyi və şəxsi keyfiyyətləri sayəsində bunun öhdəsindən gələrək "Kişvərinin Divanının dili" kimi mükəmməl əsər ortaya qoyub. M.Nağısoylu R.Eyvazovanın gənc alimlərin hazırlanmasında, Əfqanıstanda türk mənşəli toponimlərin, Şumerlərin tarixinin, Azərbaycan ərazisində azsaylı xalqların dillərinin tədqiqində səmərəli elmi fəaliyyətlə məşğul olduğunu vurğulayıb.

Konfransda AMEA-nın müxbir üzvü Nizami Cəfərov və akademik Vasim Məmmədəliyev çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, R.Eyvazova elmə, ölkəmizə bağlı insandır və hər zaman öz mövqeyi sayəsində Azərbaycanın mənafeyini beynəlxalq tədbirlərdə qoruyub.

Tədbirdə Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin "Dilçiliyimizin canlı tarixi", institutun baş elmi işçisi filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun "Kişvəri dilinin tədqiqatçısı", institutun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın "Şərəfli alim ömrü" adlı məruzələri dinlənilib.

Konfransda, həmçinin Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin R.Eyvazovaya ünvanlanmış təbrik məktubu oxunub.

Sonda R.Eyvazova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.