www.science.az
18.04.2017 15:42

Təbii fəlakətlər zamanı yarana biləcək zərərin azaldılması istiqamətində yeni yanaşma təklif edilib

Aprelin 18-də AMEA Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Alim iclasın seysmik təhlükələr, zəlzələlər və təbii fəlakətlər mövzusuna həsr olunduğunu bildirib.

Sonra Almaniyanın Karlsrue Universitetinin professoru, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Baş katibi Alik İsmayıl-zadə "Seysmik təhlükə, zəlzələlər və təbii fəlakətlər: Onlar proqnozlaşdırıla bilərmi?" mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, episentral zonalarda rəqəmli olaraq qeyd olunan qrunt titrəyişlərinin səviyyəsi seysmik təhlükənin sadə nöqtəvi alqoritmlər vasitəsilə hesablanması əsasında layihələşdirilən binalar üçün müəyyən edilmiş titrəyiş səviyyəsindən yüksəkdir. Təbii təhlükələr və fəlakətlər arasında qarşılıqlı əlaqələrin öyrənildiyini deyən alim təbii hadisələrin təsirinin təhlükəsizlikdə buraxılan zəif məqamlar və ya boşluqlarla birbaşa əlaqədar olduğunu söyləyib.

A.İsmayıl-zadə zəlzələlər və digər təhlükələrdən yaranan riskin inteqral tədqiqinə yeni yanaşma təklif etdiyini bildirib: "Bu yanaşma təbii fəlakətlərin və dayanıqlılığın daha dərin tədqiqinə, sistemli analiz vasitəsilə riskin qiymətləndirilməsinə yönəlib. Yanaşma təbii fəlakətlər zamanı yarana biləcək zərərin azaldılması istiqamətində tövsiyyələr paketinin hazırlığını nəzərdə tutur".

Sonra məruzə ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun doktorantı Kənan Abbasovun YUNESKO və Polşanın birgə maliyyələşdirdiyi “Balkanlarda metal filiz yataqlarının geoloji xarakteristikası” layihəsi üzrə hesabatı dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.