www.science.az
15.11.2018 15:38

Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunan elmi sessiya öz işinə başlayıb

Noyabrın 15-də AMEA-nın Əsas binasında Geologiya və Geofizika İnstitutunun (GGİ) 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar, ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatların direktorları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Sessiyanı AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə açaraq müəssisənin ötən 80 ildə şərəfli yol keçdiyini, ölkəmizdə geologiya elminin inkişafında mühüm rola malik olduğunu bildirib. Qeyd edib ki, bu elmi müəssisə uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə, ölkəmizin neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

A.Əlizadə 1945-ci ildə AMEA-nın təşkil olunmasında Azərbaycanın görkəmli geoloq alimləri - Ələşrəf Əlizadə, Mirəli Qaşqay və Şamil Əzizbəyovun yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, Ş.Əzizbəyov, M.Qaşqay, Ə.Əlizadə, M.Əliyev, Q.Əfəndiyev, Ş.Mehdiyev və digər istedadlı alimlərin gərgin əməyi nəticəsində Azərbaycanda geologiya elmi inkişaf etdirilib. O, institutun qurulmasında və inkişafında məşhur rus alimləri - İ.Qubkin, D.Qolubyatnikov, V.Boqaçyov, N.Vasseviç, V.Veber, A.Vinaqradov, elmi işçilərin hazırlanmasında gürcü həmkarları - L.Davitaşvili, Q.Dzosenidze, İ.Kaçarova və digərlərinin müstəsna xidmətləri olduğunu vurğulayıb.

Alim 1950-ci illərdə akademik Musa Əliyevin müəllifliyi və redaktorluğu ilə 7 cildlik "Azərbaycan geologiyası" toplusunun nəşr olunduğunu və sözügedən vəsaitin gənc geoloqların yetişməsində əvəzsiz rol oynadığını söyləyib.

AMEA-nın prezidenti ümummilli lider Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra ölkəmizdə elmin inkişafına diqqət və qayğının artdığını, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan geoloqlarının Qərb alimlərilə birgə tədqiqatlar aparmağa başladığını, nəticədə müasir texnologiyaları mənimsədiyini deyib.

Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, elmi müəssisənin 80 illik yubileyi münasibətilə bir qrup əməkdaşa fəxri adlar, orden və medallar verilib.

A.Əlizadə institut əməkdaşlarının gələcəkdə də elmi tədqiqatlarda yeni geofiziki üsullar və müasir texnologiyalar tətbiq edərək yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı, kosmik texnologiyalar bazasında geoloji təhlükəli proseslərin öyrənilməsi ilə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb, yubiley münasibətilə institutun kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Sonra Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov "Elm zirvələrinə aparan 80 illik yol" mövzusunda məruzə ilə çıxış edib. Alim GGİ-nin formalaşmasının 1923-cü ildə Azərbaycanın Öyrənilməsi və Tədqiqi Cəmiyyətinin yaradılması ilə başlandığını bildirib: "1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi məqsədi ilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsi (AzFAN) yaradılıb. 1935-ci ildə AzFAN-ın bazasında geologiya da daxil olmaqla, bir sıra elmi istiqamətləri əhatə edən sektorlardan ibarət SSRİ EA-nın Azərbaycan filialı təsis edilib. 1938-ci ildə Geologiya sektoru bazasında müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutu yaradılıb. 2014-cü ildə isə institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılıb".

Onun sözlərinə görə, hazırda Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən elmi mərkəzdir. D.Hüseynov GGİ-də neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və geodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblərin yarandığını diqqətə çatdırıb. O, elmi nailiyyətlərin və təcrübənin nəsildən-nəslə ötürülməsi nəticəsində geologiya və geofizika, neft yataqlarının istismarı və işlənilməsi sahəsində yaranmış fundamental və tətbiqi araşdırmalar aparan məktəblərin qorunub saxlanıldığını bildirib.

Məruzəçi GGİ alimlərinin əldə etdikləri nailiyyətlərin həm SSRİ, həm də müstəqil Azərbaycan Respublikasının Dövlət mükafatlarına layiq görüldüyünü deyib. Bundan əlavə, müəssisədə çalışan 18 alimin AR Əməkdar elm xadimi adı ilə təltif edildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, geologiya-minerologiya üzrə elmlər doktoru, professor Hikmət Mahmudov, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Yemelyanov, Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini, geologiya-minerologiya üzrə elmlər doktoru Vasiliy Lavruşin və digərləri çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, əldə etdiyi uğurlu nəticələrdən danışıb, qurumun geologiya elminə böyük töhfələr verdiyini bildiriblər.

Daha sonra Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Qeyd edək ki, elmi sessiya öz işini noyabrın 16-da Geologiya və Geofizika İnstitutunda elmi məruzələrin dinlənilməsi ilə başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.