Cənubi Koreyada Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə üzən şəhərin prototipi hazırlanır. O, qlobal iqlim fəlakətləri zamanı özünü tam təmin etmək üçün bütün lazımlı texnologiyalarla təchiz ediləcək.
İqlim dəyişmələri üzrə hökümətlərarası ekspertlər qrupunun məlumatına görə, qlobal istiləşmə qaçılmazdır və yaxın zamanda planeti quraqlıqlar, yanğınlar, genişmiqyaslı daşqınlar və digər iqlim fəlakətləri gözləyir. Bu şəraitdə bəzi ölkələr gələcəkdə sağ qalmanın üsulları haqqında fikirləşməyə başlayıblar.
Pusan (Koreya Respublikası) şəhərinin rəhbərliyi, məskunlaşma bəndi üzrə BMT Proqramının üzvləri və “OCEANIX” texnologiya şirkəti üzən şəhərin dünyada ilk prototipinin yaradılması üçün səylərini birləşdiriblər. Şəhər ərazi baxımından Koreya Respublikasında yerləşəcək.
Gələcəyin şəhəri daşqından qorunacaq, həmçinin özünü resurslarla tamamilə təmin edə biləcək. Bu onun sakinlərinə dəniz səviyyəsinin artması zamanı xarici dünya ilə əlaqə olmadan sağ qalmağa imkan verəcək. Şəhər özü qidalanma məhsullarını, enerji və içməli suyu istehsal etmək imkanına malik olacaq. Platformaların altında yerləşən qəfəslər dəniz yosunları və ya digər dəniz məhsullarının saxlanılması üçün istifadə oluna bilər. Balıq tullantıları isə bitkilər üçün gübrələrə çevriləcək.
Yeni üzən şəhər suyun səthində yerləşdirilmiş altıbucaqlı platformalardan ibarət olacaq.
Layihənin ilkin qiyməti təxminən 200 milyon dollar təşkil edir, onun tikintisi isə təxminən üç il davam edəcək.