Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2021 16:35
  • A-
  • A
  • A+

MEK-in Reproqrafiya şöbəsi geniş oxucu kütləsini e-resurslarla təmin edir

MEK-in Reproqrafiya şöbəsi geniş oxucu kütləsini e-resurslarla təmin edir

2021-ci il AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) üçün bir sıra yeniliklərlə yaddaqalan olması ilə yanaşı, həm də dünya elminə əvəzsiz töhfələr bəxş edən alimlərin zəngin irsinin toplanılması, saxlanılması və cəmiyyətə düzgün çatdırılmasında da mühüm işlərə imza atdı.

MEK-də kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi, həmin nəşrlərin e-kataloqunun yaradılması proseslərini icra edən Reproqrafiya şöbəsi də müstəsna əhəmiyyətə malikdir. Oxucuların müraciətlərinə əsasən fondlardan daxil olan nəşrlər əməkdaşlar tərəfindən skan edilir, konvertasiya olunur, daha sonra hazır material e-bazaya yerləşdirilərək oxucuların istifadəsinə verilir.

Əsas fəaliyyət istiqamətləri kitabxananın elektron bazasını yaradaraq, oxuculara xidmət etmək olan sözügedən şöbə cari ildə 1000-dən artıq müxtəlif elmi məzmunlu nəşrlərin elektron formatda e-bazaya yerləşdirilməsinə nail olub. Ümumi olaraq 2021-ci il ərzində skan edilmiş səhifələrin sayı 70 mindən, konvertsiya edilmiş səhifələrin sayı isə 103 mindən artıq olub. Nəşrlər sırasında kitab, qəzet, jurnal materialları yer alıb.

Məlumat üçün vurğulayaq ki, materiallar Zeutschel və by Metis aparatları vasitəsilə skan olunur. Nadir və qiymətli nəşrlər şöbəsindən daxil olan qədim kitab, qəzet və jurnallar isə Canon 5D Mark III aparatı vasitəsilə, əl dəyilmədən hündürlükdən çəkilir, bu isə həmin nəşrlərin zədələnməsinin qarşısını alır.

Qeyd edək ki, MEK-də mövcud olan bu aparatlar texnologiyanın ən son nailiyyətləri nəzərə alınaraq oxucunun istəyinə uyğun tərzdə daha tez və anında xidmət göstərməyə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: