23-26 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər iştirak etməyə dəvət olunur.
Konfransın əsas elmi istiqamətləri:
- Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və karbohidrogen sistemlərinin modelləşdirilməsi;
- Neft və qazın axtarışı və kəşfiyyatının geofiziki üsulları və müasir texnologiyaları;
- Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və süxurların mexanikası.
Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” mövzusunda elmi forumun keçirilməsi nəzərdə tutulur.
Daha ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə etmək olar.
Konfrans üçün tezislərin qəbulu 10 aprel 2023-cü il tarixinədək davam edəcək. Konfransın rəsmi dilləri: Azərbaycan, ingilis və rus dilidir. Məruzənin genişləndirilmiş tezisi bu dillərdən birində yazıla bilər.
Tezis təklif olunan şablonda tərtib edilməli və 4 səhifədən ibarət olmalıdır. Azərbaycan, ingilis və rus dillərində şablonları konfransın saytından endirmək olar. Şablondakı mətnlər tələblərə uyğun formatdadır, onları sadəcə öz mətninizlə əvəz etmək kifayətdir. Tezis annotasiya, açar sözlər və strukturlaşmış əsas mətn (giriş, metod və ya nəzəriyyə, müzakirə və nəticə bölmələri olmaqla) formasında tərtib edilməlidir. Tezisə ən azı 1 şəkil əlavə etmək mütləqdir. Tezisin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı yerləşdirilməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.