2-8 sentyabr 2023-cü il tarixlərində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Gənc alimlərin yay düşərgəsi” keçirilib.
Açılış mərasimində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək, düşərgənin əhəmiyyətindən, gənc alimlərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən danışıb. O, Gənclər və İdman Nazirliyi ilə AMEA-nın Gənc Alim və Müətəxəssislər Şurasının gənclər üçün təşkil etdiyi yay düşərgələrinin mütəmadi hal aldığını, ötən il də respublikanın müxtəlif bölgələrində düşərgələrin keçirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, düşərgənin proqramına əsasən “Yumşaq sosial bacarıqlar”, “Zirinc bitkisinin insan sağlamlığında rolu”, “Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər və bu fərqliliyin xərçəng xəstəliyinin müalicəsindəki rolu”, “Sadhu terapiya beyində işıqları necə yandırır?!”, “Holoqrafik kvant xromodinamikası. Kainatın 5 ölçülü təsviri”, “Azərbaycanın Palçıq vulkanizmi”, “Dünyada dialektoloji atlas təcrübəsi və "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, “Elmin kommersiyalaşdırılmasının innovasiya prosesində əhəmiyyəti: laboratoriyadan bazara”, “Həyat sığortasının Azərbaycan sosial müdafiə sisteminin qiymətləndirilməsində rolu” və s. kimi mövzularda gənclər üçün elmi-praktiki təlim, seminar və mühazirələr təşkil edilib.
Düşərgənin təşkilində başlıca məqsəd Azərbaycanın gənc elm adamlarının bir-biri ilə ünsiyyətini təşkil etmək, gələcəkdə həyata keçiriləcək elmi işlərin və layihələrin icrasında gənc alim və mütəxəssislərin fikir mübadiləsi aparmasına şərait yaratmaqdır. Düşərgənin son günündə iştirakçılar “Göytəpə Arxeoloji Parkı”na baş çəkib, Tovuz şəhərinin tarixi, əsrarəngiz və gözoxşayan təbiəti ilə yaxından tanış olublar. Həmçinin düşərgə müddətində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual-əyləncəli oyunlar, idman yarışları, müsabiqələr keçirilib, gənclər müxtəlif medal və təltiflərə layiq görülüb, sertifikatla təmin olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.