Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Azad olunmuş ərazilərdə görülən işlərə alimlər elmi-tədqiqatlarla töhfə verir
05.08.2024 15:16
  • A-
  • A
  • A+

Azad olunmuş ərazilərdə görülən işlərə alimlər elmi-tədqiqatlarla töhfə verir

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev: “Azad edilmiş ərazilərdə ətraf mühitin qorunması ilə bağlı əhalinin maarifləndirilməsini sosial şəbəkələr vasitəsilə daha da sürətləndirmək olar”

İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevdir.

- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Şübhəsiz ki, Ali Baş Komandanın rəhbərliyi ilə mərd, igid və şücaətli hərbçilərimiz sayəsində xalqımızın müvəffəq olduğu torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi Vətən tariximizin ən şanlı səhifələrindən biridir. Fəxr hissi keçirir, qürur duyuruq! Buna görə də şəhidlər və qazilərimiz qarşısında minnətdarlıq duyğumuz var! Əlbəttə, torpaqlarımızın işğaldan azad edildiyi gündən dərhal sonra başlayan və davam edən işlər olduqca ürəkçandır. Qısa dövrdə gerçəkləşən minatəmizləmə əməliyyatı, beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün həyata keçirilən çoxsaylı tədbirlər, tikilib istifadəyə verilən beynəlxalq və strateji əhəmiyyətli hava limanları, salınan ağıllı kənd və şəhərlər, inanc yerimiz olan məscidlərin təmir-bərpası və tikilişi, eləcə də mərhələli şəkildə həyata keçirilən böyük qayıdış və Qarabağ Universitetində bu il başlanacaq tədris prosesi fantastik reallıqların bir hissəsidir.

- Haqqında danışdığımız mövzuda elmi tədqiqatlar necə aparılır? Elmi müstəvidə bu sahədə həyata keçirilən fəaliyyətlə bağlı hansı fikir və təklifləriniz ola bilər?

- İşğaldan azad olunan ərazilərdə görülən və davam edən işlərə alimlərimiz də apardıqları elmi tədqiqatlar ilə öz töhfələrini verməkdədir. Belə ki, AMEA alimlərinin tarixi həqiqətlərin və faktların sənədləşdirilməsi, arxeoloji və epiqrafik tədqiqatların aparılması, bioloqlarımızın işğal dövründə həyata keçirilən ekosidlərin biomüxtəlifliyə təsirinin araşdırılması, flora və faunanın məruz qaldığı ekoterrorun tədqiqi, ekoloqlarımızın uzun illər işğalçı dövlət tərəfindən istehsalat sularının çaylarımıza axıdılaraq Dünya Səhiyyə Təşkilatı tərəfindən qadağan olunmuş davamlı üzvi çirkləndirici və ağır metallarla çirkləndirilmə dərəcəsinin öyrənilməsi istiqamətində işlər görülür. Bir kimyaçı olaraq da deyə bilərəm ki, çalışdığım Kataliz və Qeyri-üzvi İnstitutnun alimləri tərəfindən azad edilmiş ərazilərdə hidroqurğuların vəziyyətinin monitorinqi aparılmış, korroziyaya məruz qalması öyrənilmiş və müvafiq tövsiyələr verilmişdir, həmçinin bir sıra təbii yataqlarda filiz tərkibinin öyrənilməsinə dair tədqiqatlar həyata keçirilməkdədir. Bundan başqa, Radiasiya Problemləri İnstitutunun alimləri müxtəlif ərazilərdə radiasiya fonunun öyrənilməsinə dair təqdiqatlar həyata keçirmişdirlər. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin alimlərinin türkiyəli həmkarları ilə birgə həmin ərazilərdə seysmoloji stansiyaları qurması da görülən mühüm işlərdəndir.

- Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənada, bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Bu istiqamətdə araşdırmalar aparılırmı?

- Əlbəttə, qeyd etdiyim kimi, araşdırılmalı problemlər var və görülməli işlər də çoxdur. Bunun fonunda hərtərəfli tədqiqatlar və layihələr də həyata keçirilir. Buna dövlət tərəfindən böyük dəstək göstərilir. Ötən zamanda Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən “Qarabağ–Azərbaycandır!” qrantları alimlər üçün xüsusi imkanlar yaratmışdır. Düzdür ki, işlər görülür. Bilirik ki, çox zaman bir işi qoruyub saxlamaq onu qurmaqdan daha çətin olur. Həmin çətinliyi də maarifləndirilmə tədbirləri ilə aradan qaldırmaq olar. Bu işdə KİV-lərin, ictimai fəalların və biz gənclərin öhdəsinə böyük iş düşür. Sosial şəbəkələr vasitəsilə bu işləri daha da sürətləndirmək olar.

- “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekoloji durumuna hansı təhlükə və təhdidləri var?

- Yəqin ki, “Çernobıl” Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəza və nəticələri barəsində çoxumuz məlumatlıyıq?! Həmin qəzadan sonra dünya alimləri və qabaqcıl texnologiya sahibləri AES-lərin bağlanması tələbini dilə gətirdilər. AES-lər insanlar üçün hər zaman həyati təhlükə mənbəyi hesab olunur. “Metsamor” AES-in istismar müddətinin çoxdan başa çatmasını və hazırda işə yararsız olduğunu nəzərə alsaq, nə qədər böyük təhlükə ilə üz-üzə olduğumuzu təsəvvür edə bilərik. Digər tərəfdən “Metsamor” AES-in seysmik aktiv bölgədə yerləşməsi təhlükəni daha da yüksək həddə çatdırır.

- “Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

- Turizmin inkişafına xidmət edən müntəzəm marşrut xətləri və hava reysləri ilə səfərlərin təşkili həyata keçirilməkdədir. Əlbəttə, bu həmin ərazilərin turizm potensialından tam istifadə demək deyil. Azad edilmiş ərazilərdə turizmin inkişafını həm də  “mina təhlükəsi” tormozlayır. Düşünürəm ki,  problemlər aradan qalxdıqca ekoturizmi inkişafı sürətlə baş verəcəkdir.

- Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

- Buna maarifləndirmə və ciddi hüquqi tədbirlərin tətbiqi ilə nail olmaq olar. Bu həm də vətəndaş məsuliyyətidir. Biz bilirik ki, vətəni qorumaq milli kimliyini qorumaqdır. Vətənin hər bir daşı, hər bir neməti dəyərlidir.  Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və bu işdə öz töhfəsini verməyi bacamalıdır. Çünki, biz Qarabağı dirçəldirik!

- Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?

- İnternet əsri və süni intellekt dövrüdür. Çoxlu elektron resurslar var ki, onlardan istifadə etməklə əsas auditoriya və hədəf qruplarına çatmaq, onları maarifləndirmək, təşviq etmək və məlumatlandırmaq olar. Fiziki olaraq, QHT-lərin, icitmai qurumların və könüllü təşkilatlarının azad edilmiş ərazilərə çoxsaylı səfərləri və səfər zamanı elektron daşıyıcılarla aparılan ətraf mühitin qorunması və ekoturizm standartlarına əməl edilməsi ilə bağlı qeydiyyatları sosial şəbəkələr və KİV-lər vasitəsilə geniş auditoriyaya çatdırılması ilə təbliğat və təşviqat həyata keçirilə bilər.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

ikisahil.az

  • Paylaş: