Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Akademik Nərgiz Axundova: “Böyük Qayıdışla bağlı aparılan tədqiqatlar Qarabağ tarixini zənginləşdirəcək və tarix elmində yeni perspektivlər açaçaq”
07.08.2024 12:45
  • A-
  • A
  • A+

Akademik Nərgiz Axundova: “Böyük Qayıdışla bağlı aparılan tədqiqatlar Qarabağ tarixini zənginləşdirəcək və tarix elmində yeni perspektivlər açaçaq”

Görkəmli tarixçi alim, səmimi və təvazökar insan, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundovanın 65 yaşı tamam olur. Azərbaycan elmi və təhsilinin, ictimai fikir tariximizin inkişafında, eləcə də azərbaycanşünaslığın təbliği istiqamətində əvəzsiz xidmətləri olan akademik Nərgiz Axundova yubileyi ərəfəsində tarix elminin müxtəlif aspektləri ilə bağlı suallarımızı cavablandırıb, aktual məsələlərə münasibətini bildirib.

Hörmətli Nərgiz xanım, Azərbaycanda tarix elminin inkişafında hansı yeni tendensiyalar müşahidə olunur?

 Azərbaycan tarix elminin müstəqillik dövründə inkişafı son zamanlar ən çox elmi diskussiyaları ortaya çıxaran məsələlərdəndir. Bunun bir neçə səbəbi vardır. Belə ki, SSRİ-nin dağılması, ölkədə yeni ideoloji mühitin yaranması, elmə siyasi təsirlərin azalması, ənənəvi marksizm ideologiyasından uzaqlaşma və s. yeni nəzəri-metodoloji axtarışların əsasını qoymuşdur. Bu illərdə Azərbaycan xalqının tarixində çox mühüm siyasi, sosial-iqtisadi və ictimai proseslər baş vermişdir. Bütün bunlar müasir milli tarixşünaslıqda öz əksini tapmışdır. Həmin dövrün problemlərinin tədqiqi bu gün də davam etdirilir.

Digər tərəfdən isə, dövlətimizin inkişafı və güclənməsi tarix qarşısında çoxsaylı suallar, problemlər qoyur. Bu problemlərin həlli cəmiyyətimizin yeni strateji vəzifələrinin həyata keçirilməsində mühüm rol oynaya bilər. Bu gün  müasir tarix elminin əsas vəzifəsi geniş faktoloji material əsasında əsl tarixi yazmaq, yaratmaq, onu köhnə stereotiplərdən azad etməkdir. Elmdəki “ağ ləkələr”in aradan götürülməsi arxiv axtarışlarına və bununla əlaqəli nəşrlərə marağı gücləndirir. “Tarix elmi hara gedir?” sualına isə bu gün birmənalı cavab tapmaq çox çətindir. Dünyada mövcud və öndə olan postmodernizm, sosial antropologiya, qlobal tarix məsələləri Azərbaycanda da tədricən tədqiqat mövzularına çevrilir. Gündəlik tarixə, mikro tarixə maraq günü-gündən artır. Həmçinin Azərbaycan tarixinin dövrləşmə problemi və bunun əsasında yeni elmi araşdırmaların aparılması aktual məsələyə çevrilir.

Onu da vurğulamaq istərdim ki, bütün hallarda, alim öz fəaliyyətində peşəkarlığı, vətənpərvərliyi üstün tutmalı, vətəndaşlığı gücləndirən, konyunkturadan azad olan faktların və hadisələrin analizinə diqqət yetirməlidir. Çünki, hər bir tarixçi hadisələrə münasibətinə, əldə etdiyi elmi nəticələrə görə həm də mənəvi məsuliyyət daşıyır.

– Qarabağın erməni işğalından azad olunması Azərbaycanda tarix elminə marağı daha da artırdı. Qarabağ tarixinin öyrənilməsinə dair hansı aktual problemlər mövcuddur?

– Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ tarixi heç vaxt tarixçilərimizin diqqətindən kənarda qalmamışdır. İşğal dövründə isə tarixi həqiqətləri dünyaya çatdırmaq üçün böyük işlər həyata keçirilmiş, yüzlərlə kitab və  monoqrafiyalar işıq üzü görmüşdür. Qarabağnamələrin mənbə kimi tərcümələri və şərhləri, Qarabağa ermənilərin köçürülməsi məsələsi, burada gedən siyasi proseslər, soyqırımların tarixi  geniş işiqlandırılmışdır.

Böyük Zəfərdən sonra isə Qarabağ tarixinin daha da ətraflı, dərindən öyrənilməsi həm də siyasi-ictimai əhəmiyyət daşımağa başladı və həmin tarixin bütün aspektlərinin müasirlik nöqteyi-nəzərdən araşdırılmasına ehtiyac duyuldu. Hazırda Qarabağın qədim türklərin vətəni olması, burada qədim dövrlərdən mövcud olan dövlətlərin, əsasən də Albaniyanın tarixi araşdırılır, bu ərazidə dini müxtəlifliyin səbəbləri dərindən öyrənilir. İkinci Qarabağ müharibəsi, əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən Böyük Qayıdışın tarixinin öyrənilməsi hazırda alimlərimizin qarşısında duran əsas vəzifələrdəndir. Düşünürəm ki, bu istiqamətdə aparılan elmi axtarışlar Qarabağ tarixini zənginləşdirəcək və tarix elmində yeni perspektivlər açaçaq.

– Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını tarixi həqiqətlər baxımından necə qiymətləndirirsiniz? Bu istiqamətdə tədqiqatlar aparılırmı?

– Dövlət başçısı İlham Əliyev öz çıxışlarında Qərbi Azərbaycan məsələsinə dəfərlərlə toxunub, faktlara əsaslanaraq bu torpaqların bizim tarixi ərazimiz olduğunu vurğulayıb. Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınlarının tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına, Qərbi azərbaycanlıların böyük həvəslə öz doğma torpaqlarında yaşayacaqlarına əminliyini ifadə edib.

Əlbəttə ki, qısa vaxt ərzində işğaldan azad olunan torpaqlarımızda bu qədər sürətli şəkildə quruculuq işlərinin görülməsi və artıq Füzuliyə, Zəngilana, Laçına və digər ərazilərə qayıdışın təmin olunması həqiqətən böyük nailiyyət və tarixi hadisədir.

Alimlər çoxsaylı tarixi mənbələrə əsaslanaraq həmin ərazilərin Azərbaycanın qədim torpaqları olduğunu təsdiqləyir. Hələ XIX əsrdə Rusiya, Osmanlı imperiyası və İran ərazisindən ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz torpaqlarından çıxarılmasına başlanmışdı, onlara qarşı etnik təmizlənmə siyasəti həyata keçirilirdi. Həmin proses XX əsr boyunca davam etmiş və nəticədə bütün azərbaycanlılar Qərbi Azərbaycandan (Ermənistandan) deportasiya olunmuşdu. Həm ilk mənbələr, həm də arxiv sənədləri sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus olan toponimlər dəyişdirilmiş, tarixi abidələr ya dağıdılmış, ya da mənimsənilmişdir. Ermənistan ərazilərindən qovulan azərbaycalıların sülh yolu ilə geri qayıtmalarının təmin edilməsi problemi bu gün həm dövlətimizin, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra, Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın da ata-baba torpaqlarına qayıdacaqlarına inamları artdı. Təbii ki, sivil bir dövlət olaraq, bu prosesi dinc, danışıqlar yolu ilə həyata keçirmək arzusu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapmışdır. Hələ Ulu Öndər Heydər Əliyev zamanında demişdir ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik. Həmin prinsipdən irəlin gələrək, bu gün azərbaycanlıların öz torpaqlarına qayıtmalarının təmin edilməsi tarixi zərurətdir və qəbul edilmiş Qayıdış Konsepsiyası bu fəaliyyətin əsas istiqamətlərini müəyyən edən yol xəritisidir.       

- Azərbaycan alimləri tarix sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək istiqamətində hansı tədbirləri həyata keçirir?

  Əvvəlcə onu qeyd edim ki, müstəqillik illəri Azərbaycan elmi üçün geniş perspektivlər açıb. Əlbəttə ki, beynəlxalq elm aləminə inteqrasiya olunmaq üçün birinci növbədə elmimizin beynəlxalq meyarlar əsasında fəaliyyət göstərməsi vacibdir. Bu istiqamətdə müəyyən addımlar atılır, Azərbaycana tanımış alimlər dəvət olunur, xarici ölkələrin elm və təhsil qurumları ilə müvafiq sahədə kadr və təcrübə mübadiləsi aparılır. Bizim elmi diaspora üzvlərimiz də bu prosesdə fəal iştirak edirlər. Eyni zamanda, dünyanın tanınmış elm ocaqları ilə əlaqələr qurulur, birgə beynəlxalq layihələr həyata keçirilir. Azərbaycan alimləri beynəlxalq elmi qurumlara üzv seçilirlər, nüfuzlu elmi konfrans və seminarlarda dünya alimləri ilə birgə öz fikirlərini, elmi nəticələrini bölüşürlər.

Çox vacib şərtlərdən biri də alimlərin öz məqalələrinin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çapı ilə bağlıdır.  Buraya “Web of Science”, SCOPUS kimi elmi bazalara daxil olan elmi nəşrlər aiddir. Fikrimcə, humanitar elmlər sahəsində bu istiqamətdə problemlərin həlli ilə bağlı ciddi tədbirlər görülməldiir.

Qeyd edim ki, son zamanlar Elektron Akademiyanın qurulması və uğurlu fəaliyyəti Azərbaycan elminin nailiyyətləri haqqında dünya informasiya məkanında geniş təsəvvür yaratmağa xidmət edir. Təəssüf ki, xarici ölkələrdə Azərbaycanda aparılan tədqiqatlar və alimlərimiz barədə məlumatlandırma ürəkaçan səviyyədə deyil. Avropa dillərində də nəşr olunan, ingilis dlinə tərcümə olunan əsərlərimizin sayı çox azdır. Bütün bunlar beynəlxalq aləmə inteqrasiya üçün vacibdir. Daha çox gənclər dil öyrənməyə meylli olmalı, xüsusən də beynəlxalq elmin ünsiyyət dili olan ingilis dilindən geniş istifadə etməlidirlər.

Doğrudur, Türkiyə və ümumilikdə türkdilli dövlətlərlə əlaqələrimiz günü-gündən genişlənir,  birgə tədqiqatlar aparılır, tədbirlər təşkil olunur, kitablar yazılır. Lakin bu sahədə hələ ciddi tədbirlərin həyata keçirilməsinə, dövlət səviyyəsində kompleks addımların atılmasına ehtiyac vardır.

– Nərgiz xanım, necə düşünürsünüz, hazırda ölkəmizdə aparılan tarixi tədqiqatlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tariximizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından müasir elmin tələblərinə cavab verirmi?

  Bizim alimlər, ilk növbədə, həqiqi, obyektiv tarixi araşdırmalı, gələcək nəsillərə çatdırmalıdır. Onlar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməli, dövlətimizi dünyada layiqincə təmsil etmək üçün öz səylərini birləşdirməlidir.  Belə bir ifadə var, deyirlər xalq əhali olanda ölür. Xalq isə əhaliyə o zaman çevrilir ki, tarixini unudur. Buna qətiyyən yol vermək olmaz.

Qeyd etdiyim kimi, alimlərimiz Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük əmək sərf edirlər. Onların müasir metodikalara əsaslanan dəqiq və əsaslandırılmış elmi nəticələri dünyaya yayılır, həmfikir tapır. Gələcək nəsillər isə tarixdən dərs almalı, keçmiş səhvlərə yol verməmələri, problemlərin həlli üçün tarixi təcrübəyə müraciət etməlidirlər. Bu gün tarix elminin nümayəndələri, alim və ziyalılarımız da öz üzərinə düşən məsuliyyəti dərk edir və dövrün çağırışlarına cavab verməyə çalışırlar.

Mən çox istərdim ki, Azərbaycan tarix elmində istedadlı, Vətənini sevən gənclərin sayı artsın. Çünki, tarixin öyrənilməsi milli-mənəvi dəyərlərin qurunub saxlanmasına kömək edir, həm ailəyə, həm də millətə və dövlətə olan sevgini artırır. Əminəm ki, gənclərimizin ortaya qoyduğu yeni baxışlar, ideya və yanaşmalar tarix elmində yeni məktəblərin yaranmasına gətirib çıxaracaq və gələcəyə daha nikbin baxmağa imkan verəcək.   

– Nərgiz xanım, maraqlı müsahibəyə görə sağ olun. Bir daha sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, tarix elminin inkişafına yolunda yeni nailiyyətlər arzu edirik!

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: