Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İraq Qadisiyyə və Babil universitetlərinin mühazirəçisi Nizami Muzeyini ziyarət edib
10.09.2024 14:16
  • A-
  • A
  • A+

İraq Qadisiyyə və Babil universitetlərinin mühazirəçisi Nizami Muzeyini ziyarət edib

İraq Qadisiyyə və Babil universitetlərinin mühazirəçisi, İslam dövrü memarlıq abidələri üzrə mütəxəssis Samir Alivi Tame əl-Cuburi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Daha çox tarixi tikililərlə maraqlanan əl-Cuburi nəfis xalçalar üzərində əks olunmuş qədim Şərq abidələrinin təsvirlərini, Azərbaycan ərazisində mövcud olan unikal abidə və qalaların maketlərini gördükcə heyranlığını gizlədə bilməyib, böyük məmnuniyyətlə memarlıq sahəsində malik olduğu qiymətli fikirləri ilə bölüşüb. Samir Alivi orta əsrlərdə Azərbaycanda inşa olunmuş qədim tikililərin dövrümüzədək qorunub saxlandığına şad olduğunu, İraqda isə belə abidələrin əksəriyyətinin, təəssüf ki, dağıntılara məruz qaldığını bildirib. Mütəxəssisin fikrincə, bunun əsas səbəbi bir tərəfdən tarix boyu baş vermiş amansız hərbi hücumlardırsa, digər tərəfdən də Azərbaycanda tikinti materialı kimi möhkəm daşdan, ərəblərdə isə gildən istifadə olunmasıdır.

Samir Alivi Tame əl-Cuburi onu da əlavə etdi ki, on günlük səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan qədim məscidlər barədə ətraflı məlumat toplamaq və bu haqqında əldə etdiyi informasiyanı üzərində çalışdığı “İslam dövrü abidələri” adlı tədqiqat işinə daxil etməkdir.

Muzeyin Doktorantura və təhsil şöbəsinin elmi işçisi Rəhilə Sadıqova tərəfindən ərəb dilində verilən izahatdan məmnun qaldığını bildirən qonaq sonda ürək sözlərini muzeyin "Rəy kitabı"na həkk edib: “Həqiqətən bu əsrarəngiz muzey məni çox heyrətləndirdi. Burada Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyətinə aid çox sayda eksponat gördüm. Mən Azərbaycan dövlətinin bu muzeyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirəm”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: