Sentyabrın 12-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İraqın Kərkük Universitetinin əməkdaşı, Türkməneli Akademisyenlər Təşkilatının sədri Dr. Nebil Şahin Məhəmməd, kərküklü tədqiqatçı Dr. Əli Hüseyn Bayatlı və Mosul Şimali Texniki Universitetinin nəzdində Kərkük Texniki İnstitutunun əməkdaşı Dr. Savaş Hürmüzlü ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Kərkükə ilk dəfə 1994-cü ildə görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin tərkibində səfər etdiyini bildirib.
Kərkükün və türkmanların Azərbaycan üçün böyük mənəvi önəm kəsb etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-da Azərbaycan-Kərkük ədəbi əlaqələri istiqamətində, türkman ədəbiyyatının, dilinin, folklorunun və s. öyrənilməsinə dair geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bu istiqamətdə qarşılıqlı əlaqələrin qurulması və inkişafında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və professor Qəzənfər Paşayevin xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin vurğulayıb ki, AMEA-da Əta Tərzibaşının anadan olmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib və kərküklü tədqiqatçı-yazıçı Şəmsəddin Kuzəçinin təşkilatçılığı ilə Kərkükdən tanınmış alim və tədqiqatçılar sözügedən tədbirdə iştirak ediblər. Akademik İsa Həbibbəyli, o cümlədən Azərbaycanın dili, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti ilə bağlı Kərkükə konfrans iştirakçıları vasitəsilə kitabların göndərildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri, həmçinin İraqda oktyabr ayında Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransda Azərbaycan alimlərinin də təmsil olunacağını bildirib. Səfər zamanı növbəti kitabların Kərkük Universitetinə hədiyyə ediləcəyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-nın Kərkükün elm xadimləri və ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycan-Kərkük ədəbi əlaqələrinin daha da inkişafı üçün zəruri dəstəyin göstəriləcəyini vurğulayıb.
Sonra çıxış edən Kərkük Universitetinin əməkdaşı, Türkməneli Akademisyenlər Təşkilatının sədri Dr. Nebil Şahin Məhəmməd AMEA-da olmaqdan məmnunluğunu ifadə edib, səmimi qəbula görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Elmi-pedaqoji fəaliyyəti barədə məlumat verən alim 17 ildir Kərkük Universitetində çalışdığını, Türkiyədə magistratura, Şotlandiyada isə doktorantura təhsili aldığını diqqətə çatdırıb. Bildirib ki, eyni zamanda Türkməneli Akademisyenlər Təşkilatının sədri olaraq gənclərlə və beynəlxalq elmi qurumlarla sıx əməkdaşlıq edirlər.
Dr. Nebil Şahin Məhəmməd Azərbaycanın İraqdakı səfirliyi tərəfindən daim onların fəaliyyətinə dəstək göstərildiyini söyləyib, bu görüşün Azərbaycan-Kərkük əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib.
Həmçinin qarşılıqlı kadr mübadiləsi, doktorantura təhsili, birgə konfransların təşkili, qarşılıqlı məqalələrin çapı, alimlərin əsərlərinə istinad edilməsi kimi təkliflərini səsləndirib və məmnuniyyətlə qəbul olunub.
Öz növbəsində kərküklü tədqiqatçı Dr. Əli Hüseyn Bayatlı və Kərkük Texniki İnstitutunun əməkdaşı Dr. Savaş Hürmüzlü da elmi fəaliyyətləri barədə məlumat veriblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.