Alimlər NASA-nın 2 missiyası tərəfindən yarım əsr aralıqla çəkilmiş şəkilləri müqayisə edərək Yupiterin peyki lo-da nəhəng yeni aktiv vulkan aşkar ediblər.
Yeni vulkan, lo ekvatorunun cənubunda əvvəllər heç bir vulkanik xüsusiyyətin aşkar edilmədiyi ərazidə ortaya çıxıb. Bu, 1997-ci ildə Galileo kosmik aparatı tərəfindən eyni bölgədən çəkilmiş şəkillərlə müqayisə edildikdə aşkar edilmişdir. Tədqiqatçılar, bu nəhəng vulkanik quruluşun son 27 ildə meydana gəldiyini bildiriblər. Bu tapıntılar, lo vulkanik strukturunun nə qədər aktiv olduğunu bir daha ortaya qoyur.
JunoCam tərəfindən çəkilən görüntülər, vulkanın şərq tərəfində qırmızı ləkələrlə örtülmüş ərazinin olduğunu göstərir. Elm adamları, bu qırmızı ləkələrin kosmosa atılan kükürdün lo səthinə geri enməsi nəticəsində yarandığını düşünürlər. Qərb tərəfində isə 2 tünd lava axını və təxminən 100 kilometr uzunluğunda 2 boz dairəvi çöküntü var.
“JunoCam” 2023 və 2024-cü illərdə planetdə aktiv vulkanik birləşmələrlə əlaqəli 9 fərqli püskürmə və yeni lava axınları kimi səth dəyişikliklərini müşahidə edib. Təxminən Ay ölçüsündə olan “lo” Yupiter və digər Qaliley peykləri Avropa və Qanimed arasında sıxışdırılmış vəziyyətdədir. Bu vəziyyət bir-biri ilə rəqabət aparan cazibə qüvvələri səbəbindən “lo”nun daxili strukturunda çoxlu sürtünmə əsaslı istilik yaradır. Bu səbəbdən vulkan püskürmələri daim peykin səthini bombalayır. Bu partlayışların ərimiş kükürd və onun komponentlərini atdığı güman edilir.