Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.09.2024 11:00
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin nitqindən irəli gələrək Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti haqqında məruzələr müzakirə edilib

Prezident İlham Əliyevin nitqindən irəli gələrək Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti haqqında məruzələr müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Nərgiz Axundovaya, AMEA-nın müxbir üzvləri Qeylani Pənahova və Əyyub Quliyevə yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanı təqdim olunub.

Tədbirdə giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan və Rusiya dövlət başçılarının 18-19 avqust 2024-cü il tarixlərində Bakıda keçirilən görüşü zamanı Prezident İlham Əliyevin Xəzər dənizinin ekoloji problemləri ilə bağlı narahat edən məsələləri diqqətə çatdırdığını bildirib. Qeyd edib ki, dövlət başçıları ekoloji fəlakətin qarşısını almaq və həll yollarını müəyyənləşdirmək barədə razılığa gəliblər.

Akademik İsa Həbibbəyli dövlət başçısının nitqindən irəli gələrək Xəzər dənizinin hazırkı ekoloji vəziyyəti haqqında məruzələrin Rəyasət Heyətinin iclasında müzakirə edilməsinin zəruri olduğunu deyib, tədbirdə Xəzərin səviyyə dəyişmələri və aparılan arxeoloji tədqiqatlara dair iki məruzənin dinləniləcəyini diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, təqdim olunan məruzələr Azərbaycan elminin Bakıda keçiriləcək nüfuzlu COP29 iqlim konfransına və dövlət başçısının 2024-cü ildə ölkəmizdə elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə növbəti töhfəsidir.

Daha sonra iclasda AR ETN-nin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişərək, dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. Qeyd edib ki, bu proses nəticəsində respublikanın təqribən  850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb.

Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən alim bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min ha torpaq sahəsinin çıxdığını vurğulayıb.

“Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Hazırda Xəzərsahili ərazidə əhalimizin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurmuşdur”, - deyə professor Əmir Əliyev diqqətə çatdırıb.

Alim, həmçinin qeyd edib ki, Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər.

Professor Əmir Əliyev çıxışında Xəzərin ekoloji problemləri ilə bağlı öz təkliflərini də səsləndirib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən bir sıra mühüm qərarlar qəbul olunub.

Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Abbas Seyidov “Xəzərin Arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, XX əsrin ikinci yarısında Azərbaycanda sualtı arxeoloji tədqiqatların aparılması ön plana çəkilib. Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyul 1968-ci il tarixli Sərəncamı və Azərbaycan SSR EA-nın 9 avqust 1968-ci il tarixli qərarı ilə Xəzər dənizinin sualtı tarixi-arxeoloji abidələrinin öyrənilməsinə hazırlıq işləri aparılıb. T.e.d. Zelik Yampolski elmi məsləhətçi olmaqla, praktiki iş dalğıc Viktor Kvaçidzeyə həvalə olunub. 1986-cı il də daxil olmaqla - 19 il ərzində V.Kvaçidze Xəzər sahillərində və adalarda tədqiqat işləri apararaq, 4000-dən artıq maddi-mədəniyyət qalığı aşkar edib. Tədqiqatlar Şuvəlan burnunda, Gurqan burnu ilə üzbəüz Abşeron yarımadasının şərq hissəsində, Bakı buxtası və Səbail sualtı istehkamında, Salyan rayonu ərazisində Kürün qədim kanalı və Bəndovan burnunda aparılıb.

Məruzədə vurğulanıb ki, AMEA-da aparılan struktur islahatlarına müvafiq olaraq, Xəzər dənizində sualtı tədqiqatların və sahilboyu ərazilərdə, digər su hövzələrində arxeoloji tədqiqat işlərinin aparılması üçün AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya və Antropologiya İnstitutunun strukturunda daxili imkanlar hesabına Xəzər arxeologiyası şöbəsi yaradılıb.

Müəllif qeyd edib ki, 27 avqust-12 sentyabr 2024-cü il tarixlərində Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası ekspedisiyası Abşeron yarımadasının Xəzər rayonu ərazisində yerləşən Zirə və Pirallahı istiqamətində, həmçinin orta əsrlərə aid Şəhri-Gürqanda arxeoloji kəşfiyyat işləri aparıb və tədqiqatlar zamanı XIX əsrə aid iki batmış gəminin qalıqları və XII-XIV əsrlərə aid saxsı məmulatları aşkarlanıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda və sahilboyu ərazilərində arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrə dair yeni araşdırmalar aparmaq, aşkar olunacaq abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək, planını çıxarmaq və digər zəruri işləri icra etmək üçün Xəzər arxeologiyası şöbəsinin fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

AMEA-nın Rəyasət Heyəti ilə birlikdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bazasında “Asiya ədəbiyyatı: prioritetlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.

Həmçinin iclasda AMEA üzrə müxtəlif elm sahələrini əhatə edən mütəxəssislərin arxeoloji ekspedisiyalarda iştirakı haqqında məsələ də müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, arxeoloji ekspedisiyaların fəaliyyəti zamanı tarix, etnoqrafiya, dilçilik, paleocoğrafiya, memarlıq, paleobotanika, paleozoologiya və s. elmi ixtisasları üzrə mütəxəssislərin iştirakı gələcəkdə ölkəmizin zəngin madi-mədəni irsinin daha sistemli və hərtərəfli öyrənilməsinə geniş imkanlar yarada bilər.

Rəyasət Heyəti tərəfindən Arxeologiya və Antropologiya İnstitutunun koordinasiyasında AMEA üzrə müxtəlif elm sahələrini əhatə edən mütəxəssislərin arxeoloji ekspedisiyalarda iştirakı haqqında qərar qəbul olunub.

İclasda, o cümlədən dahi Azərbaycan şairi Məhəmməd  Füzulinin 530 illiyinə həsr edilmiş X Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakı haqqında məsələ də müzakirəyə çıxarılıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3-8 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan X Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı, 200-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır və sərgidə 60 minə yaxın ziyarətçinin iştirakı gözlənilir.

Sərgidə AMEA-nın xüsusi stendlə iştirakının nəzərdə tutulduğunu deyən akademik İsa Həbibbəyli elmi müəsissə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Rəyasət Heyəti tərəfindən X Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakını həyata keçirmək, kitab sərgisi çərçivəsində zəruri tədbirləri və müzakirələri təşkil etmək məqsədilə Komissiya yaradılıb.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək sual və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: