Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə dəyərli töhfə
10.06.2021 13:02
  • A-
  • A
  • A+

Beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə dəyərli töhfə

Azərbaycan Milli Elmlər Akademiyasında aparılan tədqiqatların nəticələrinə dair nəşrlər beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir. Belə ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və Qədim və orta əsr türk ədəbiyyatı üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlının müəllifi olduqları “Tukay və Azərbaycan” kitabına görə Rusiya Federasiyasının Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Məkzüm Salahov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlıq məktubu ünvanlayıb.

Məktubda Azərbaycan və rus dillərində işıq üzü görən nəşrin Tatarıstanın görkəmli şairi Qabdulla Tukayın 135 illiyinə qiymətli hədiyyə olduğu qeyd edilib, kitabda yeni tarixi faktların, hətta Tatarıstan alimlərinə az tanış olan mənbələrin yer aldığı vurğulanıb. Bundan əlavə, bildirilib ki, əsər tukayşünaslığın inkişafına, habelə Rusiya Federasiyasının Tatarıstan Respublikası ilə Azərbaycan arasında əlaqələrin və XX əsrin əvvəllərində bütün türk dünyası miqyasında baş verən tarixi-mədəni intibahın öyrənilməsinə təkan verəcək.

Sonda akademik Məkzüm Salahov Tatarıstan alimlərinin azərbaycanlı həmkarları ilə hər zaman fəal əməkdaşlıq etməyə, hər iki xalqın mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafına dair tədqiqatları davam etdirməyə hazır olduqlarını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: