Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb
14.06.2021 12:34
  • A-
  • A
  • A+

“Elm” qəzetinin ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində ulu öndər Heydər Əliyevə həsr edilən xüsusi buraxılışı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində yer alan “Milli Qurtuluş Günü zəfər təntənəsi ilə” başlıqlı məqalədə qeyd olunur ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür və bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxa, dayaq olan Heydər Əliyevdir. Məqalədə o da vurğulanır ki, ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilib, bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.

“Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın alternativsiz və hamılıqla qəbul olunan lideri funksiyasını şərəflə daşıması bir daha göstərir ki, bu böyük dövlət xadiminin 1969-cu ildə hakimiyyətə gəlişi özünü tam doğrultmuş mühüm tarixi zərurət olmuşdur. Təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır. ...Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda milli özünüdərkin və milli özünüifadənin bütün formalarının geniş vüsət almasına, milli şüurun yüksəlməsinə təkan verən sürətli inkişaf strategiyasının seçilməsi və böyük uğurla həyata keçirilməsi Heydər Əliyevin 1969-cu ildən əsası qoyulmuş rəhbərlik və idarəetmə fəlsəfəsinin aparıcı ideya-siyasi qayəsini təşkil edir”, - bu sözlər isə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Müstəqil dövlətçiliyin Heydər Əliyev epoxası” sərlövhəli məqaləsində əksini tapıb.

Həmçinin yazıda o da vurğulanıb ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmiş buxovlardan azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır.

“...Şübhə yoxdur ki, ulu öndərin zəngin siyasi proseslər, hüquqi, demokratik dövlət quruculuğu və milli dirçəliş sahəsində mühüm nailiyyətlərlə müşayiət olunan hakimiyyət illəri müstəqil Azərbaycanın bu günü və gələcəyi baxımından taleyüklü, tarixi mərhələdir. Bu illərin ən mühüm nəticəsi, hər şeydən əvvəl, müstəqilliyimizin dönməz, əbədi xarakter alması, erməni təcavüzünün qarşısının alınması və ölkəmizin ərazi bütövlüyünü təmin etmək uğrunda apardığımız mübarizənin real bəhrələr verməsinə gəlib çatmasıdır”, - deyə akademik Ramiz Mehdiyev məqalədə qeyd edib.

Bundan əlavə, yazıda Prezident İlham Əliyevin ölkəmizdə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətti daha da zənginləşdirdiyi, Prezident İlham Əliyevin 2003-cü ildən başlanan müstəqil dövlətimizin möhkəmləndirilməsi missiyasının ölkəmizin tarixində yeni bir eranın yaranması ilə nəticələndiyi, bu illər ərzində Azərbaycan Respublikasının bütün istiqamətlər üzrə və hərtərəfli inkişaf etdirildiyi oxuculara çatdırılır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Elm” qəzetinin xüsusi buraxılışında yer alan məqaləsi isə “Müstəqillik yollarında Heydər Əliyevdən İlham Əliyevə” adlanır. Akademik məqalədə qeyd edir ki, Azərbaycan Respublikasının XX əsrin altmışıncı illərindən XXI əsrin bizim günlərə qədərki bütün inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin və ölkəmizin Prezidenti İlham Əliyevin çoxcəhətli fəaliyyəti ilə üzvü surətdə əlaqədardır. Akademik İsa Həbibbəyli ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən keçən 52 illik tarixi mərhələnin iki mühüm dövrü (Heydər Əliyev epoxası – 1969-2003-cü illər və İlham Əliyev erası – 2003-cü ildən) əhatə etdiyini vurğulayıb: “Heydər Əliyev epoxası ilə İlham Əliyev erası bir-birinin davamı olub, ayrılmaz və möhtəşəm bir tamın üzvü tərkib hissələridir. Zaman baxımından ardıcıl və vahid bir prosesi əhatə edən həmin tarixi mərhələlər siyasi qayəsi və mahiyyəti etibarilə də bir-birini tamamlayır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanın tarixindəki və müasir həyatındakı ən böyük xidmətləri hər iki qüdrətli dövlət rəhbərinin Azərbaycan Respublikasının müstəqilliyinin taleyində və inkişafındakı misilsiz rolları ilə bağlıdır”.  

Məqalədə, o cümlədən Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilmiş “Dəmir Yumruq” əməliyyatı nəticəsində rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi də əksini tapıb: “Lələtəpə-Cocuqmərcanlı qalibiyyət yürüşünün başlanğıcı, Günnüt-Naxçıvan uğurlu davamı, Qarabağ-Şuşa zirvəsi olmuşdur”.

“Elm” qəzetinin xüsusi buraxılışında, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru dosent Famin Salmanovun “Heydər Əliyev və Azərbaycan gəncliyi”, YAP AMEA ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanovanın “Azərbaycanı müstəqilliyə qovuşduran Ümummilli lider”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın “İlham Əliyev - Ulu öndər yolunun davamı və sabahı”, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirovanın “Ulu öndər Heydər Əliyev dühası və Azərbaycan mədəniyyətinin inkişafı”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Ümummilli lider Heydər Əliyev – Qafqazda davamlı sülh və əməkdaşlığın inkişaf ideyalarının müəllifidir” və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Nərgiz Bayramovanın “Heydər Əliyev – elm və təhsilin himayədarı” sərlövhəli məqalələri yer alıb.

Nəşrin son səhifəsində isə görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin fotoları oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: