Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Möhtəşəm Azərbaycançılıq hadisəsi
01.07.2020 12:42
  • A-
  • A
  • A+

Möhtəşəm Azərbaycançılıq hadisəsi

Azərbaycançılıq ideyası və idealı haqqında ilk mətbu çağırışların meydana çıxdığı XIX  əsrin sonları və XX əsrin əvvəllərindən bizim günlərə qədər kifayət qədər ədəbi, elmi və siyasi fikirlər irəli sürülmüş, bir çox tədqiqat əsərləri və məqalələr meydana çıxmışdır.

Ölkəmizin müstəqil dövlətçilik statusu qazanması ilə əlaqədar olaraq XX əsrin doxsanıncı illərindən sonra azərbaycançılıq ideyasından həm də dövlət ideologiyası modeli kimi də söz açılmaqdadır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası olaraq bəyan etməsi ilə bu anlayışın ətrafındakı araşdırmalarda olan milli düşüncəni azərbaycançılıq ideologiyasının əhatə dairəsi, mahiyyəti və əhəmiyyəti kimi məsələlərin şərh edilməsi əvəz etmişdir. Artıq elmi-ədəbi və ictimai mühitdə azərbaycançılıq anlayışına fəlsəfi-siyasi, hüquqi-tarixi və dilçilik və ədəbiyyatşünaslıq aspektlərindən yanaşmaları ifadə edən mövqelər, təhlillər və dəyərləndirmələr mövcuddur. Lakin azərbaycançılıq ideyasına bütün yönləri ilə hərtərəfli şəkildə və kompleks yanaşmaları özündə cəmləşdirən, anlayışın tam mənasını real tarixi-həyatı və yüksək elmi-ədəbi səviyyədə ifadə edən ümumiləşdirici  əsərlərə ciddi ehtiyac vardır. Fikrimcə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 2020-ci ildə Bakıda, "Qanun" nəşriyyatında çap olunmuş "Yaşamaq haqqı" adlı kitabı ölkəmizdə azərbaycançılıq istiqamətində yaşanmış tarixi təcrübələri, aparılmış elmi-ədəbi axtarışları, keçilmiş ictimai-siyasi prosesləri və mühüm ədəbi-tarixi şəxsiyyətlərin fəaliyyətini özündə geniş şəkildə əks etdirən möhtəşəm elmi-publisistik əsərdir. Bu, azərbaycançılıq anlayışının tərkibinə daxil olan bütün əsas və ən mühüm komponentləri özündə cəmləşdirib, ədəbi və ictimai proseslərin işığında real surətdə, geniş şəkildə əks etdirən və ümumiləşdirilmiş təsəvvür yaradan ilk ədəbi-ictimai və elmi-tarixi kitabdır. "Yaşamaq haqqı" - Xalq yazıçısı Anarın təqdimatında azərbaycançılığın əsrlərin süzgəcindən keçərək, tarixin sınaqlarından çıxaraq, davamlı ənənələrə çevrilmiş və artıq dayanıqlıq qazanmış dəyərlərinin genişhəcmli bir kitabda ümumiləşdirilmiş təcəssümüdür. Hər bir azərbaycanlı üçün gərəkli və əhəmiyyətli olan azərbaycançılıq ideallarını Xalq yazıçısı Anar, necə deyərlər, "öz köynəyindən" keçirməklə, bu taleyükü ümummilli ədəbi-ictimai dəyərlərə baxışlarını meydana qoymaqla mütəfəkkir bir Azərbaycan yazıçısının təqdimatında azərbaycançılığın miqyasını və masştabını müasir cəmiyyətin diqqətinə çatdırmaq vəzifəsini şərəflə və məsuliyyətlə yerinə yetirmişdir. Bu mənada konkret bir yazıçının baxışlarının və dünyagörüşünün ifadəsi olsa da, "Yaşamaq haqqı" kitabı hər bir Vətən övladı üçün təsirli və əhəmiyyətli azərbaycançılıq dərsləri səviyyəsində ümumiləşdirilmiş traktat təəssüratı yaradır.

Xalq yazıçısı Anarın mövzu ilə əlaqədar olaraq zəngin bədii ədəbiyyat nümunələri və özünün şəxsi müşahidələri ilə yanaşı, həm də dövrü mətbuat materiallarından, arxiv sənədlərindən, ailə arxivindən, elmi əsərlərdən, memuarlardan, məktublardan və nadir fotoşəkillərdən yerli-yerində və yaradıcı şəkildə istifadə etməklə meydana qoyduğu "Yaşamaq haqqı" kitabı canlı və əyani bir azərbaycançılıq traktatı missiyasını yerinə yetirir. Geniş mənada "Yaşamaq haqqı" - Xalq yazıçısı Anarın təqdimatında mükəmməl bir ümumiləşdirilmiş Azərbaycannamədir. Fikrimizcə, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində yazdığı məşhur "Anamın kitabı" dramından və Xalq şairi Səməd Vurğunun elan etdiyi "Azərbaycan epopeyası"ndan sonra Xalq yazıçısı Anarın təqdim etdiyi "Yaşamaq haqqı" Azərbaycan ədəbi-ictimai fikrində azərbaycançılıq haqqında yaranmış növbəti möhtəşəm abidədir. Məlum olduğu kimi, böyük demokrat Cəlil Məmmədquluzadə Azərbaycanın taleyi haqqında fikirlərini 1920-ci ildə qələmə aldığı "Anamın kitabı" adlı dram əsəri ilə, Səməd Vurğun poemalar silsiləsi vasitəsilə mənsub olduğu xalqa bədii şəkildə böyük vətəndaşlıq ruhu ilə çatdırmaq missiyasını həyata keçirmişlər. Anarın "Yaşamaq haqqı" kitabı isə bədii əsər olmayıb, elmi-ədəbi və ictimai-tarixi traktat kimi meydana çıxmışdır. Müəllif özü "Yaşamaq haqqı"nın janrını "şəxsi xatirələr işığında tarixi-siyasi traktat", yaxud "çox iri esse; və ya dastan" adlandırsa da, kitabda elm və ədəbiyyat faktorunun geniş yer tutduğu da aşkar müşahidə olunur. Fikrimizcə, "Yaşamaq haqqı"nın janrını müəyyən edərkən bura müəllifin qeyd etdiyi "tarixi-siyasi" istiqamətlərlə yanaşı, elmi-ədəbi faktorları da əlavə etmək lazımdır. Bizə görə, Anar özü də əslində, təqdim etdiyi formatda həmin genişliyi nəzərdə tutmuşdur. Belə ki, Anarın "janr təyini" kimi müəyyən etdiyi formatdakı "şəxsi xatirələr işığında" sözlərinin daşıdığı məna çalarları içərisində onun əsərin yazılması prosesində bir yazıçı kimi öz müşahidələrinə, ədəbi mülahizələrə, ədəbiyyat amilinə istinad edildiyi etiraf olunmuşdur. Bundan başqa, kitabda birbaşa ədəbiyyat məsələlərinə, ədəbi şəxsiyyətlərin xidmətlərinə, fəaliyyətlərinin müxtəlif məqamlarına, hətta ayrı-ayrı bədii əsərlərə həsr olunmuş hissələr də mövcuddur. Yazıçı Anarın ədəbi fəaliyyətində isə elm faktoru həmişə özünəməxsus xüsusi yer tutmuşdur. "Sizsiz" və "Kərəm kimi", "Əsrim-nəslim" kimi sənədli romanlarında, Dədə Qorqud, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov və Hüseyn Cavidə həsr edilmiş ssenarilərində, tanınmış simalar haqqındakı esselərində ədəbiyyat materialı ilə yanaşı, elm faktorunun da böyük yeri vardır. Bundan başqa, Anarın "Dədə Qorqud dünyası", "Anlamaq dərdi", "Nəsrin fəzası", "Şairin dərdi", "Türkün sözü", "Şairin hünəri" və sair kimi ciddi elmi əsərləri professional ədəbiyyatşünaslıq faktı kimi qəbul edilir. Anar "Qobustan" jurnalının baş redaktoru olaraq da ədəbi fəaliyyətində qoşa qanad kimi ədəbiyyatşünaslıqdan başqa, dilçilik, sənətşünaslıq, tarix, folklor, etnoqrafiya sahələrinin imkanlarından yaradıcı şəkildə istifadə etməyin mükəmməl örnəklərini meydana qoymuşdur. Bütün bunlara görə, "Yaşamaq haqqı"nın ilk növbədə ictimai-tarixi aspektdə yazılmış elmi-ədəbi traktat kimi meydana çıxması tamamilə qanunauyğun olub, Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətinin təkamül prosesindən doğan mühüm hadisədir. Anarın bu vaxta qədərki bədii əsərlərində elm ikinci faktor kimi iştirak edirdisə, indi burada, "Yaşamaq haqqı"nda tərəflərin yeri dəyişdirilərək, mətndə ədəbiyyat amili ikinci plana keçirilmişdir. "Yaşamaq haqqı" traktatında Anar elmlə, tarixlə, siyasətlə ədəbiyyatın mükəmməl bir sintezini yaratmağa müvəffəq ola bilmişdir. Ona görə də, geniş əhatə dairəsi nəzərə alınmaqla, "Yaşamaq haqqı"nın janr baxımından elmi-ədəbi traktat adlandırmaq daha real təyinatdır. Həm də Anarın yazıçı olaraq yanaşmalarında elmlə ədəbiyyat, tarixlə siyasət əksər məqamlarda üzvü vəhdət təşkil etdiyindən yığcam və anlaşıqlı olsun deyə "Yaşamaq haqqı"nı ədəbi-tarixi traktat adlandırmaq kifayət edir. Yazıçının fəhm etdiyi "bəlkə doğrudan da dastan" mülahizəsi isə "Yaşamaq haqqı"nın geniş həcmi ilə uyğun gəlsə də, dastan janrı üçün xarakterik olan mübaliğələrlə təqdim olunan kitabdakı obyektiv reallığa mümkün olduqca daha çox sədaqət göstərmək prinsipi üst-üstə düşmür. Traktat janrının tələb etdiyi təqdim olunan problemləri ictimai mühitin müzakirəsinə çıxarmaq, fikir mübadiləsinə meydan açmaq prinsiplərinin "Yaşamaq haqqı" üçün də uyğun olduğunu nəzərə almaqla, əsəri ədəbi-tarixi traktat adlandırmaq oxuculara çatdırılan mətnin forma və məzmununa tam münasibdir. Beləliklə, Mirzə Fətəli Axundzadənin məşhur "Kəmalüddövlə məktubları" janr etibarilə fəlsəfi traktat, Əli bəy Hüseynzadənin "Siyasəti-fürusət" əsəri ədəbi-siyasi traktat olduğu kimi, Anarın "Yaşamaq haqqı" da XXI əsr Azərbaycan ədəbiyyatının mükəmməl ədəbi-tarixi traktatıdır.

"Yaşamaq haqqı"nda ən qədim dövrdən bizim günlərə qədərki Azərbaycan tarixinə və azərbaycançılıq ideyasının təkamülünə dair ictimai-ədəbi baxışlar, hadisələr və proseslər özünün geniş əksini tapmışdır. "Yaşamaq haqqı" - tariximizdə və günümüzdə hər olub keçən əhvalatların və təfərrüatların deyil, xalqımızın milli varlığını müəyyən edən, tarixi mərhələyə çevrilmiş, zamanın irəliyə doğru inkişafına təsir göstərə bilən ədəbi-tarixi proseslərin traktatıdır. Anar tarixdən və ədəbiyyatdan ayrı-ayrılıqda bizlərə bəlli olan hadisələr və şəxsiyyətlər haqqındakı seçilmiş ədəbi-tarixi faktları və prosesləri, görkəmli şəxsiyyətlər haqqında baxışları xronoloji qaydada azərbaycançılıq ideyası ətrafında vahid süjet xətti üzrə birləşdirərək yeni və zəngin ədəbi-elmi material kimi oxuculara təqdim edir. "Yaşamaq haqqı"nda ən qədim hadisə kimi "Orxon-Yenisey" kitabələrindən, "Kitabi - Dədə Qorqud" dastanlarından, Oğuznamələrdən, "Divani-lüğət-it türk" divanından başlayaraq, orta əsrlərin böyük dil hadisəsi olan klassik poeziyanın yaradıcılarına, çar Rusiyasının Azərbaycanı işğal etməsinə, ölkəmizin parçalanmasına, maarifçilik hərəkatına, "Molla Nəsrəddin"in tarixi roluna və "Füyuzat"la münasibətlərinə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyinə, Qafqazda erməni məsələsinə, bolşeviklərin ərazilərimizi işğal etmələrinə, repressiya hadisələrinə, Mir Cəfər Bağırov dövrünün ziddiyyətlərinə, Cənubi Azərbaycanda gedən demokratik proseslərə, mühacirət xadimlərinə, "Xruşov mülayimləşməsinə", görkəmli dövlət xadimi Heydər Əliyev epoxasının birinci və ikinci mərhələlərinədək, minilliklər ərzində baş vermiş mühüm proseslər ədəbi-tarixi planda əks etdirilmişdir. Burada həmçinin, yaxın dövr tariximizin Dağlıq Qarabağ hadisələrinə, dövlət müstəqilliyi uğrunda mübarizənin mürəkkəb ictimai-siyasi vəziyyətinə və nəhayət, yeni tarixi epoxanın böyük hadisələrinə və Yazıçılar Birliyində gedən proseslərədək olan çox mühüm ədəbi-tarixi hadisələrin mahiyyəti azərbaycançılıq düşüncəsi işığında açıqlanmışdır. Beləliklə, bir neçə tarixi epoxanın hadisələrini və şəxsiyyətlərini təsvir edib mənalandıran "Yaşamaq haqqı" azərbaycançılıq haqqında ədəbi-tarixi epopeya təəssüratı yaradır. Bu, azərbaycançılıq idealları uğrunda gedən çoxəsrlik mübarizələrin mərhələlər üzrə ayrı-ayrılıqda tarixi romanı, tam halda isə epopeyasıdır. Sadəcə olaraq epik ədəbiyyatın janrları olan tarixi roman və epopeyadan fərqli olaraq "Yaşamaq haqqın"nda hadisələrə və şəxsiyyətlərə münasibətdə üslub cəhətdən yazıçı fantaziyasından çox, tarixi yanaşmalar və elmi-analitik dəyərləndirmələr ön mövqeyə çıxarıldığı üçün fərqli bir janrda-traktat janrında orijinal bir əsər yaranmışdır.

"Yaşamaq haqqı" - mütəfəkkir yazıçı qavrayışı ilə düşünülmüş, ictimai-mənəvi dərketmə və elmi-publisist dəyərləndirmələr əsasında yazılmış, ədəbi-tarixi cəhətdən mükəmməl şəkildə ümumiləşdirilmiş traktatdır.

"Yaşamaq haqqı" - roman və ya epopeya janrlarında olduğu kimi, vahid süjet xətti ətrafında cərəyan edən çoxşaxəli proseslərin inkişaf dialektikasını özündə əks etdirən traktatdır.

Fikrimizcə, 1999-cu ildə yazılmış "Azərbaycançılıq haqqında düşüncələr" essesi "Yaşamaq haqqı" traktatının proqramı, romançı dili ilə desək, proloqudur.

"Yaşamaq haqqı" - "Azərbaycançılıq haqqında düşüncələr"də deyildiyi kimi, "tarixçi olsa da, olmasa da, qanrılıb geriyə baxmaq ehtiyacının, həm özünün yaşadığı həyatı, həm içində ömür sürdüyü zaman kəsiyini, həm də mənsub olduğu xalqın, millətin keçmişini yada salmaq, bilmək, anlamaq istəyi"nin ədəbi-tarixi ifadəsindən ibarət olan mənalı, düşündürücü və ibrətamiz bir traktatdır. Bu mənada Anarın böyük istedadla yazdığı Cəlil Məmmədquluzadəyə həsr edilmiş "Anlamaq dərdi" essesi "Yaşamaq haqqı" traktatının epiqrafı kimi səslənir. Azərbaycan xalqının dili, tarixi, dövlətçilik ənənələri, milli-mənəvi bütövlüyü, dövlət müstəqilliyi məsələləri "Yaşamaq haqqı"nda qarşıya qoyulan, davam və inkişaf etdirilən ana xətlərdir. Anarın ana dili - dövlət dili haqqında fikirləri müxtəlif vaxtlarda bu barədə meydana çıxmış "Qafqaz tatarları", "müsəlman", "tatar", yaxud ümumi şəkildə işlədilən "türk" terminlərinin araşdırılıb aydınlaşdırılmasından milli özünəməxsusluğun mütləq şəkildə qorunub saxlanılmasına və xalq üçün milli-tarixi özünüdərkin zəruriliyinə qədərki bütün məsələləri aydın surətdə əhatə edib ümumiləşdirir. Bu mənada "Yaşamaq haqqı" kitabındakı "Türklərin əbədi qayğısı: ana dili uğrunda mübarizə" bölməsi dil tariximizə yüksək yazıçı-vətəndaş və professional  dilçi-ədəbiyyatçı münasibətinin mükəmməl nümunəsi olmaqla bərabər, həm də tarixdən bu günə qədər mövcud olmuş suallara aydın elmi cavabın ifadəsidir. 

"Orxon-Yenisey" daş kitabələrinə, Mahmud Qaşqarlı, Fəzullah Rəşidəddin, Yusif Balasaqunlu kimi ümumtürk bilicilərinin yazılı kitab-abidələrinə yerli-yerində istinad edən Anar "Yaşamaq haqqı"ndakı tədqiqatları ilə XXI əsrin yeni tipli oğuznaməsini yaratmışdır. Anarı yeni tarixi epoxanın əsas oğuznaməçilərindən biri hesab etmək olar. Anarın dil tarixinə dair mülahizələri bir qayda olaraq dilin keşiyində dayanmaq missiyası ilə üzvü surətdə əlaqədə, daha doğrusu, ayrılmaz vəhdətdə verilir. Vətəndaş yazıçı nəticə olaraq ana dilinə - dövlət dilinə müstəqil dövlətin və mənsub olduğu xalqın milli-siyasi varlığının əsas ifadə vasitəsi kimi baxır. Ona görə də yazıçının ana dili görüşləri ölkənin və xalqın adı, ərazi bütövlüyü, müstəqil dövlətçilik məsələlərini də əhatə etməklə yeni tipli tədqiqatlara çevrilir. Ana dili Anar üçün azərbaycançılığın ekvator xətti kimi öz oxu ətrafında ölkəmiz və xalqımız haqqında taleyüklü nə varsa, bütün əsas mətləbləri özündə birləşdirir. Anarın 8 yanvar 1993-cü ildə "Müstəqil qəzet"ə verdiyi müsahibədən gətirdiyim aşağıdakı sitat vətəndaş yazıçının da, müasir cəmiyyətin də ana dili - dövlət dili haqqındakı baxışlarının əsas müddəalarını düzgün şəkildə əks etdirir: "Azərbaycan dili müstəqil bir dildir. Necə ki, qırğız, tatar dili müstəqildir. Heç bir vaxt tatar gedib başqa dildə danışmayacaq. Azərbaycan da danışmamalıdır. Çünki Azərbaycan dilinin özünün özəllikləri, özünəməxsus xüsusiyyətləri var. Nə qədər qanun, nə cür qərar qəbul edilməsindən asılı olmayaraq, xalqımızı əmin etmək istəyirəm ki, Azərbaycan dili var və yaşayacaq. Azərbaycan yazıçıları da ömürlərinin axırınadək bu dildə yazacaqlar. Bu dilə xəyanət - Cəlil Məmmədquluzadəyə xəyanət olardı". 

"Yaşamaq haqqı"ndakı "Dilimizin adı haqqında mübahisələr", "Dilə qarşı təhlükə", "Dövlət dili məsələsi" bölmələrində irəli sürülən tezislər dilimizin tarixinin xalqımızın taleyi ilə üzvü əlaqədə şərhinin və dərkinin Anara məxsus izahıdır. Ona görə də ana dili məsələsi yalnız "Yaşamaq haqqı"nın girişi, müqəddiməsi deyil, kitabdakı əksər fəsillərin ana xətlərini birləşdirən və əlaqələndirən ən mühüm arqumentlərdən biridir. Yekun olaraq kitabda ifadə edilmiş doğru və haqlı qənaətdir ki, dili qorumaq və inkişaf etdirmək millət və ölkə üçün yaşamaq haqqının təsdiqidir.

"Yaşamaq haqqı" - tarixin ittihamı və imtahanı haqqında ibrətamiz kitabdır. Anara görə "tarix siyasi və mədəni həyatın hadisələrindən (təbii ki, iqtisadi yaşamın da olayları, inqilablar, çevrilişlər, müharibələr daxil olmaqla) ibarətdir. Qədim zamanlarda da, indi də hər bir mədəniyyət xadiminin ömrü tarixin axarı içərisində keçir və çox vaxt siyasi gerçəkliklə müəyyənləşdirilir". "Yaşamaq haqqı" - Azərbaycan xalqının "tarixin axarı içərisində" keçən və "siyasi gerçəkliklə" müəyyənləşdirilən keşməkeşli taleyinin, ağrıları və uğurlarının kitabıdır. Görkəmli ədib Anar "Yaşamaq haqqı"nda sözün həqiqi mənasında vətəndaş yazıçı-tarixçi missiyasını məsuliyyətlə yerinə yetirmiş, Azərbaycan tarixinin dönüş məqamları,  ictimai-siyasi prosesləri və böyük ədəbi-tarixi şəxsiyyətləri haqqında obyektiv elmi söz deməyi bacarmışdır. "Yaşamaq haqqı"nda aparıcı mövqeyə malik olan, əsas yer tutan Azərbaycanın çar Rusiyası tərəfindən işğalı Azərbaycan Xalq Cümhuriyyəti, Qafqazda erməni məsələsi, Cənubi Azərbaycanda milli demokratik proseslər, Stalin dövrünün əzablı yolları, Heydər Əliyev - İlham Əliyev epoxasının tarixi gedişatı və böyük uğurları mövzuları tarix kitablarında olduğundan da aydın, canlı, obyektiv və təsirli şəkildə təqdim olunmuşdur. "Yaşamaq haqqı"ndakı "General Sisianovun Cavad xanla epistolyar dueli", "Yeni dövrün ilk siyasi xadimləri", "Şərqdə ilk cümhuriyyətin yaranması", "Cənubi Azərbaycanda milli şüurun oyanması",  "Tarixi şans", "Mülayimləşmə", "Mir Cəfər Bağırovun süqutu", "Avqust putçu və sistemin iflası", "İki sistemdə vahid məqsəd" kimi tarixi-siyasi icmallar fərqli yöndən yazılmış Azərbaycan tarixi oçerkləridir. Bunlar mövcud Azərbaycan tarixi oçerklərinə xalq yazıçısı Anarın ciddi əlavələridir. Sənədlərə və tarixi faktlara əsaslanan tarix kitablarından fərqli olaraq Anarın "əlavə etdiyi" tarix sənədliliklə yazıçı fəhminin və fakta dair sənətkar müşahidələrinin vəhdəti əsasında yaradılmış, tarixiliklə bədii düşüncənin sintezi vasitəsilə ifadə olunmuş traktatlardır.

Məlumdur ki, tarixdə şəxsiyyətin rolu məsələsinə elmdə fərqli münasibət olmuşdur. Tarixdə şəxsiyyətin rolu süni şəkildə şişirdildikdə şəxsiyyətə pərəstiş yaranmış, şəxsiyyətlərin xidmətləri bilərəkdən və ya bilməyərəkdən azaldıqda həmin tarixi dövrlər boş qalmışdır. Anarın tarixdə şəxsiyyətin rolu məsələsinə münasibətində obyektivlik əsas meyar kimi qəbul olunur. "Şəxsiyyət - necə varsa" formulu Anarın tarixi və ədəbi şəxsiyyətlərə münasibətinin düsturudur. Anar müəllim şəxsiyyətləri böyük tarixi dövrlərlə və hadisələrlə birlikdə təqdim etdiyi üçün "Şəxsiyyət - necə varsa" düsturunu "Tarix - necə varsa" formulu kimi də başa düşmək olar. Anar tarixi və ədəbi şəxsiyyətləri siyasi-tarixi hadisələrin axarında təhlil edib qiymətləndirdiyinə görə şəxsiyyətin fəaliyyət istiqamətini müəyyən edən tarixi hadisənin və ya tarixi faktın obyektiv mövqedən dəyərləndirilməsi şəxsiyyətin mahiyyətinin açılmasına, yaxud proseslərin ön mövqeyinə çıxarılmasına imkan yaradır. Məsələn, Azərbaycanın parçalanması hadisəsindən bəhs edərkən Anar uzun zamanlar boyu sovet tarixçilərinin bu hadisəni "Azərbaycanın könüllü olaraq Rusiyanın tərkibinə daxil olması", "sonralar daha ehtiyatlı şəkildə "Azərbaycanın Rusiyaya birləşdirilməsi" adlandırılmasından fərqli olaraq, mövcud hadisənin real mahiyyətinin işğalçılıq siyasəti olmasını Azərbaycanda Cavadxanın, Qafqazda Şeyx Şamilin mübarizəsi və taleyinin fonunda əsaslandırmışdır. "Yaşamaq haqqı"nda Şeyx Şamilin tarixi şəxsiyyət olaraq xidməti onun "iyirmi ildən artıq Qafqaz xalqlarının çar işğalçılarına mübarizəsinə rəhbərlik etməsi" faktı ilə səciyyələndirilmişdir. Cavad xanın tarixi siması isə Gəncəni işğal etmək iddiasında olan çar generalı Sisianovla yazışmalarındakı milli qürur və vətənpərvərlik notalarında "Sən mənə savaşa hazır ol deyirsən. Mən də savaşa sən Şəmsədinə gəlib onun camaatını özünə tabe etdirdiyin gündən hazırlaşıram", nəhayət, "Sən şəhərə yalnız mənim meyitimin üstündən girəcəksən" - kimi öz ifadəsini tapmış qəti və mərdanə mövqeyi və həmin müddəaları təsdiq edən həyatının faciəli qəhrəmanlıq nümunəsi ilə müəyyən olunmuşdur. Bu məqamda Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Heydər Hüseynovun faciəsi onun Rusiyaya qarşı vuruşmuş Şeyx Şamili və müridizmi müdafiə etməsinə İosif Stalin dövrünün "gerçəkliyi" təqdim olunmuşdur. Əlimərdan bəy Topçubaşovun siyasi portreti isə tanınmış dövlət xadiminin dünyagörüşünün və dövlət müstəqilliyi uğrunda mübarizəsinin mahiyyətini bəyan edən aşağıdakı öz sözləri ilə açıqlanmışdır: "Əgər ermənilərin və gürcülərin hər hansı günahı məhkəmədə, faktlar əsasında sübuta yetirilməliydisə, müsəlmanlar bəri başdan dəlilsiz-sübutsuz müqəssir sayılırdılar... Öz ölkələri Azərbaycanın adını çəkmək, özlərini azəri türkü, ya azərbaycanlı adlandırmaq qadağan idi. Onların haqqı yox idi ki, mənşəcə türk xalqı olduqlarını etiraf etsinlər".

Eyni zamanda, "Yaşamaq haqqı"nda Azərbaycan maarifçilərinin, siyasi xadimlərin, tarixi şəxsiyyətlərin yazıçı və şairlərin çoxcəhətli fəaliyyətlərindən bəhs edib, xidmətlərini müəyyənləşdirərkən onların ölkəsinə, xalqına, azərbaycançılıq hərəkatına hansı səviyyədə, necə və nə ilə xidmət göstərmələri başlıca meyar kimi nəzərə alınmışdır. Ədəbi-tarixi şəxsiyyətlərin xidmətlərinə qiymət verərkən Anarın tərəzinin bir gözünə onun digər sahələrdəki fəaliyyətini, o biri gözünə isə azərbaycançılıq istiqamətindəki mübarizəsi ilə əlaqədar işlərini qoysa da və tərəzinin hər iki gözünə aid hadisələrin hər birini əhəmiyyətli hesab etsə də, son nəticədə şəxsiyyətin azərbaycançılıq davasındakı yeri, mövqeyi, rolu məsələsinə ağırlıq vermişdir. Necə deyərlər: "Yaşamaq haqqı"nda əsas meyar azərbaycançılıqdır! Anar haqlı olaraq bu fikirdədir ki, "şəxsiyyətlərin təməlqoyucu töhfələri olmadan mədəniyyətimizin, ədəbiyyatımızın, ictimai-siyasi fikrimizin, son nəticədə milli özünüdərkimizin... inkişafını təsəvvür etmək mümkün deyildir".

Bu baxımdan yanaşdıqda Anar müəllim görkəmli Azərbaycan maarifçiləri olan Mirzə Kazım bəyin Azərbaycan dilçiliyinin, rus türkologiyasının əsasını qoymasını və Azərbaycan dilinin ilk qrammatikasının müəllifi olmasını, Azərbaycan tarixindən bəhs edən məşhur "Gülüstani-İrəm" kitabını yazmış Abbasqulu ağa Bakıxanovun Avropa tipli ilk Azərbaycan tarixçisi olmaq missiyasını həyata keçirməsini, Firidun bəy Köçərlinin ilk dəfə Azərbaycan ədəbiyyatı tarixini yaratmasını və birinci seminariyanı  - Qazax Müəllimlər Seminariyasını təsis etməsini, Mirzə Əbdürrəhim Talıbovun, Zeynalabdin Marağayinin "Cənubi Azərbaycanda və İranda realist ədəbiyyatın ilk örnəklərini" meydana qoymalarını onların mənsub olduqları xalq qarşısında tarixi xidmətləri hesab etmişdir. Azərbaycanda orta əsrlə yeni dövr arasında yaxşı mənada "böyük uçurum" yaradaraq xalqımızın feodal həyat tərzindən Qərb maarifçiliyi səviyyəsində düşünmək və yaşamaq mərhələsinə çatdırmaqda müstəsna xidmətlər göstərmiş Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin azərbaycançılıq idealının inkişafındakı yerinin "Yaşamaq haqqı"nda Məhəmmədəmin Rəsulzadənin aşağıdakı fikirləri ilə ifadə olunması yenə də şəxsiyyətin dəyərləndirilməsində vətən və millət idealının birinciliyini isbat edir: "Mənim zənnimcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər, onda müstəqillik fikri də, Azərbaycan partiyası da əlli il sonra yaranardı. Bunların arasında sıx əlaqə var - öz türklüyünü və azərbaycançılığını dərk etməmiş xalq müstəqillik bəyannaməsini elan edə bilməzdi".

Azərbaycançılığın fikir-ideya cərəyanı kimi formalaşdırılması və inkişaf etdirilməsində Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xidmətlərinin "Yaşamaq haqqı" kitabında xüsusi olaraq dəyərləndirilməsi də obyektiv tarixi reallığın ifadəsidir. Azərbaycanın həm coğrafi ərazi, həm də vahid vətən kimi qavranılması Cəlil Məmmədquluzadənin və məslək dostlarının azərbaycançılığın inkişafında yeni tarixi mərhələ yaratmaları hesab olunması Anarın Azərbaycan anlayışının pillə-pillə irəliyə doğru inkişafı proseslərini obyektiv meyarlar əsasında izləyib ümumiləşdirməsinin nəticəsidir. Ədəbiyyatda və mətbuatda "Haradır Azərbaycan?", (Cəlil Məmmədquluzadə), "Zaqafqaziya müsəlmanlarını necə adlandırılmalıdı" (Məhəmməd ağa Şahtaxtlı), "Mən kiməm" (Ömər Faiq Nemanzadə), "Nə dili danışırsan" (Üzeyir Hacıbəyli), "Qul sözünü calamaq" (Salman Mümtaz) və sair kimi ciddi və açıq ruhlu mətləblərin gündəmə gətirilməsi, "Anamın kitabı" kimi azərbaycançılığın proqram əsəri olan dram əsərinin yazılması milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi, milli dövlətçilik ideyasının meydana gəlməsi kimi şərh olunmuşdur.

"Yaşamaq haqqı"nda Nəriman Nərimanov məsələsi də azərbaycançılıqla və dövlətçiliklə əlaqədar olub, həm də şəxsiyyətin miqyasının və faciəsinin zamanla bağlı şəkildə şərh edilməsi əsasında izah edilməsi ilə aydınlaşdırılmışdır. Anar "peşəsinə görə həkim, ədəbi istedadına görə yazıçı, taleyinə görə siyasətçi" kimi təqdim etdiyi, "faciəli fiqur" saydığı, "Avropa tipli sosial demokrat" olaraq qəbul etdiyi Nəriman Nərimanovun çoxcəhətli fəaliyyətinin qiymətləndirilməsində də azərbaycançılığı diqqət mərkəzinə çəkmişdir: "Əgər Nərimanovun vəzifəsini Əliheydər Qarayev, ya Mirzə Davud Hüseynov kimi siyasətçilər tutsaydı, bu, nəinki çox pis olardı, bəlkə heç Azərbaycan özü də olmazdı... O, aydın şəkildə dərk etmişdi ki, əgər o, olmasa, Azərbaycanın şərəfli və ləyaqəti, sadəcə mövcudluğu, yaşamaq haqqı uğrunda mübarizəni heç kim aparmayacaq". "Nəriman Nərimanovun şəxsiyyətində dramatiklik və hətta faciəvilik nədədir?" sualına Anarın verdiyi aşağıdakı cavab da şəxsiyyətə obyektiv və ədalətli mövqenin ifadəsidir: "Ondadır ki, onun bütün şüurlu ömrünü sərf etdiyi, uğrunda həbsxanaya düşdüyü ideya və idealları ilk vaxtlarda təntənə ilə elan etdiyi məqsədlərlə əslində, daban-daban zidd imiş".

"Yaşamaq haqqı"ndakı Cənubi Azərbaycan araşdırmaları əslində, müstəqil bir tədqiqatdır. "Cənubi Azərbaycan maarifçiləri", "Cənubi Azərbaycanda milli şüurun oyanışı", "Tarixi şans", "Azadlıq nə şirin sözdür", "Azadlığın bədəli", "Şəhriyar təsəllisi" adlanan bölmələr tam halda bütöv bir tarixi roman, yaxud ciddi bir doktorluq dissertasiyası təəssüratı yaradır. Kitabda Cənubi Azərbaycanda gedən demokratik proseslərin mükəmməl bir salnaməsi yaradılmışdır. Bu, Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanından sonra Azərbaycan tarixinin həmin hadisəsi haqqında yaradılmış ən mühüm elmi-ədəbi hadisədir. Cənubi Azərbaycan problemi ilə əlaqədar bir çox mətləblər və sənədlər ilk dəfə Anar müəllim tərəfindən elmi-ədəbi fikrin dövriyyəsinə gətirilmişdir. Eyni zamanda, "Yaşamaq haqqı"nda Azərbaycan tarixinin ziddiyyətli şəxsiyyətlərindən biri olan Mir Cəfər Bağırovun təzadlı həyatı və fəaliyyəti də tarixi sənədlər, elmi mənbələr, istintaq materialları əsasında bütün yönləri ilə araşdırılıb oxuculara çatdırılmışdır. "Mir Cəfər Bağırovun süqutu", "Mir Cəfər Bağırovun iki mələyi", "Mir Cəfər Bağırov və ziyalılar"dan hər biri ciddi araşdırma materialları əsasında yazılmış ibrətamiz tarixdir. Haqqında əksər hallarda birtərəfli qaydada yaxşı, yaxud pis fikirlər yazılmış və ya deyilmiş Mir Cəfər Bağırovun mürəkkəb dövrü, həyatı və fəaliyyətini Anar ilk dəfə olaraq bütün yönləri ilə araşdırmış, şəxsiyyətin tarixi səhvlərini, yanlışlıqlarını göstərməklə bərabər, müsbət cəhətlərini də seçib ayırmış və əsaslandırmışdır. Azərbaycan altmışıncılarının, o cümlədən, Anarın özünün də ədəbi taleyində xüsusi rolu olan "Xruşov mülayimləşməsi" dövrü də İosif Stalin də daxil olmaqla şəxsiyyət və zaman münasibətlərinin zəminində işıqlandırılmışdır. Anar Azərbaycanda XX əsrin əllinci illərində respublika rəhbərliyinin tutduğu milli mövqenin və həyata keçirdiyi dövlət tədbirlərinin fonunda Xalq yazıçısı Mirzə İbrahimovun ictimai-siyasi baxışlarının və dövlət dili uğrunda apardığı mübarizənin mahiyyətini açıqlamış, onun hərtərəfli ədəbi obrazını yaratmışdır.

"Yaşamaq haqqı"nda görkəmli Azərbaycan ziyalıları Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Cəfərov, Mikayıl Rəfili, Abbas Zamanov, Rəsul Rza, Şixəli Qurbanov, böyük türk şairi Nazim Hikmət və başqaları zamanı irəli aparan şəxsiyyətlər kimi təqdim olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü və ikinci mərhələsi "Yaşamaq haqqı" kitabında şəxsiyyət və zaman miqyasında obyektiv mövqedən canlandırılmışdır. Kitabdakı "Hakimiyyətdə Heydər Əliyevdir", "Ən böyük dissident Heydər Əliyevdir", "Əliyev Moskvaya getdi" kimi bölmələrdə Ulu öndərin hakimiyyətinin birinci dövrünün gerçək və işıqlı mənzərəsi yaradılmışdır. Anar haqlı olaraq bu fikirdədir ki, "Heydər Əliyev ona zəmanət verənlərin və onu bu vəzifəyə təyin edənlərin hamısından ağıllı idi. Bu, birincisi. Və ikinci məsələ, heç bir şəraitdə o, öz xalqının maraqlarına qarşı çıxış etməzdi. Və o, öz qabiliyyəti ilə problemləri bildiyi kimi həll etmək üçün kifayət qədər təcrübəyə, bacarığa və iradəyə malik idi". Kitabda respublika rəhbərinin yüksək dövlətçilik istedadının işığında Azərbaycanda ictimai fikrin, ədəbiyyatın və mədəniyyətin inkişaf etdirilməsi xalqın milli şüurunun oyanışına xidmət edən düşünülmüş, uzaqgörən tədbirlər kimi təqdim olunur. Bu, sovet rejimi çərçivəsində ölkədə dissident yazıçı və şairlərin, milli düşüncəyə malik sənətkarların yaratdığı ədəbiyyatın düşünülmüş siyasi vasitələrlə hərtərəfli şəkildə dəstəklənməsi yolu ilə həyata keçirilmiş dövlət tədbirləri idi. Xalq yazıçısı Anarın müşahidə etdiyi kimi, böyük dövlət xadimi Heydər Əliyev "Azərbaycan KP MK-nın Birinci katibi seçiləndə ondan gözlənilən millətçiliyə qarşı mübarizəni yavaş-yavaş korrupsiyaya, rüşvətxorluğa, qohumbazlığa qarşı yönəltməklə" həll etmişdir. "Yaşamaq haqqı"nda Moskvada - Kreml rəhbərliyində erməni separatizminin genişləndiyi və Siyasi Büronun üzvü Anastas Mikoyan tərəfindən dəstəkləndiyi bir şəraitdə Azərbaycanın görkəmli yazıçı və şairlərinə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi doğru olaraq "Heydər Əliyevin siyasi cəsarəti" kimi səciyyələndirilmişdir. Bu məqamda Anar haqlı olaraq Heydər Əliyevi Kommunist Partiyası daxilində "ən böyük dissident" kimi qiymətləndirir. Anar Heydər Əliyevin Azərbaycandan Moskvaya - SSRİ dövlətinin əsas rəhbərlərindən biri vəzifəsinə getmək ərəfəsindəki həyəcanlarına da uzaqgörən yazıçı-siyasətçi kimi obyektiv qiymət vermişdir: "Moskvanın hakimiyyət olimpinə uçuş ərəfəsində doluxsunmasına, doğma şəhərdə mütəəssir olmasına səbəb illərdən bəri tanıdığı insanlara nəzər salanda Azərbaycanın onsuz yaşayacağı illər ərzində başına gələcək faciələrin, fəlakətlərin, məşəqqətlərin dəhşətli mənzərəsini hansısa möcüzəylə, qəlbinin fəhmi ilə görməsi idi".

Heydər Əliyev mövzusu Anarın kitabının adı və leytmotivi üçün  seçdiyi "Yaşamaq haqqı" ideyası ilə tam üst-üstə düşür. Azərbaycan ölkəsinin və azərbaycançılıq ideallarının irəli aparılıb möhkəmləndirilməsini, əbədi bir prosesə çevrilməsini "yaşamaq haqqı" hesab edən Anar görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən bütün həyatı və mübarizəsini xalqımızın və ölkəmizin yaşamaq haqqının, böyük ideallarının nəinki həyata keçirilməsinə, hətta müstəqil dövlətimizin xilas olunmasına, irəli aparılmasına xidmətin tarixi dərsləri kimi ürəklə söz açmışdır. Bu mənada Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsi müstəqil dövlətçiliyin qorunub saxlanılması və inkişaf etdirilməsinə həsr olunmuş böyük ömrün böyük ideallar uğrunda mübarizəsinin yeni tarixi mərhələsi kimi mənalandırmışdır. Bu, dahi insanın "həyatını riskə ataraq" Vətənə Qayıdışı Azərbaycanda Milli Quruluşa nail olmaq missiyasının birdəfəlik həlli, siyasi sistemin dəyişməsinə baxmayaraq, daha da genişləndirilmiş ikili standartlar şəraitində Azərbaycanı qorumaq, xilas etmək və inkişaf etdirmək vəzifələrinin qətiyyətlə həyata keçirilməsi zəminində hərtərəfli surətdə təsvir olunmuşdur. Bu cəhətdən kitabda Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına Prezident seçkiləri ərəfəsində, 21 sentyabr 1993-cü ildə Milli Elmlər Akademiyasında ziyalılarla keçirdiyi tarixi görüşündə Anarın çıxışının mətninin təqdim edilməsi ölkədə mövcud olan real vəziyyəti və qüdrətli bir sükançının meydana çıxması zərurətini aydın surətdə təsəvvür etməyə imkan verir: "Azərbaycan bu gün doğrudan da tarixin çox ağır günlərini yaşayır və çoxları kimi mənim də bu ağır günlərdən qurtarmaq ümidlərimiz Heydər Əliyevin rəhbərliyə gəlməyi ilə bağlıdır. Tək kiçik qonşumuzun - ermənilərin yox, böyük qonşularımızın da siyasi oyunlarını yaxşı bilən, dünya siyasəti miqyaslarında düşünən, zəngin təcrübəyə malik olan, siyasi addımlarında yüz ölçüb, bir biçməyi bacaran Heydər Əliyev bəlkə də bu ağır günlərdə Azərbaycanımızın son şansıdır... Tarixin ən ağır günlərində tarixin meydana çıxardığı böyük bir şəxsiyyət - Atatürk Türkiyəni həm xilas etdi, qurtardı, həm də qurdu, gələcəyini sağlam demokratik əsaslar üzərində müəyyənləşdirdi... Yeni rəhbərliyin Azərbaycanı həm qurtaracağına, həm də quracağına inanmaq istəyirəm".

"Yaşamaq haqqı"nda Milli Quruluşun elm və ədəbiyyatdakı təsdiqinin işığında  ölkəmizdə dövlət müstəqilliyi yolunda ziyalıların roluna münasibətlər də nəzərə alınmaqla, atılmış mühüm və məsuliyyətli addımlara real ədəbi-elmi və siyasi qiymət verilmişdir. "Yaşamaq haqqı"ndakı "Heydər Əliyev dünyaya qalib gəldi və dünyadan qalib getdi. Onun yeri həmişə görünəcək" - sözləri Anarın canlandırdığı əbədi Heydər Əliyev obrazını tamamlayır. "Yaşamaq haqqı"ndakı Ulu öndərə dair  faktlar və hadisələr Anarın bundan əvvəl görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş "Unudulmaz görüşlər" kitabını yeni  və yaddaqalan motivlər və detallarla daha da zənginləşdirir. 

"Yaşamaq haqqı"nda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş bölmələrdə ölkəmizin yeni həyatının reallıqları zəminində cəmiyyətdə irəliyə doğru inkişafın özünəməxsus templəri zəngin yaddaş notları və dövrü mətbuat materialları əsasında təbii bir proses kimi işıqlandırılır. Anarın təqdimatında "öz fəaliyyəti ilə həm atasına, həm də Zamana" bənzədilən Prezident İlham Əliyevin siyasi portreti Azərbaycanın yeni tarixi epoxasının ritmləri ilə həmahəng şəkildə canlandırılır: "İlham Əliyev rus və ingilis dillərində sərbəst danışır, bu - orta və ali təhsilin nəticəsidir. Azərbaycan dilini o, sonra işlətməyə başlayıb, amma elə bil ki, doğulandan bütün ömrü boyu bu dildə danışıb... Doğma dili kamil şəkildə mənimsəməkdən başqa, Heydər Əliyev oğlunu məqsədyönlü şəkildə mühüm dövlət missiyalarına hazırlaması da mühüm rol oynayıb.

Heydər Əliyevdən fərqli olaraq o (İlham Əliyev - İ.H.) məhz XX əsrin son onilliklərinin və XXI əsrin yetirməsidir. İdman pərəstişkarıdır və özü də idmançıdır... Gənc nəslin zövqünə uyğun musiqinin və ədəbiyyatda dedektiv janrın həvəskarıdır… Məhz yeni ziyalı nəslinin əhvali-ruhiyyəsinin ifadəçisidir.  "Kənardan açıq və gizli təhlükələr altında İlham Əliyev həm Qərblə, həm Rusiya ilə, həm Türkiyə ilə, həm İranla münasibətdə çevik və dürüst siyasət aparır. Ermənistanla münasibətdə təzyiqlərə baxmayaraq, güzəştlərə getmir. Prezident İlham Əliyev mədəniyyət sahəsində də öz dahi atasının xəttini davam etdirməyə çalışır".

Beləliklə, "Yaşamaq haqqı"nın Azərbaycanda dövlət müstəqilliyi uğrunda aparılan mübarizələrin çətin, keşməkeşli, məsuliyyətli və şərəfli mərhələsinin  fəsilləri və bölmələri biri digərini əvəz edir. Müstəqillik ərəfəsindən bizim günlərə qədərki mühüm tarixi mərhələnin akademik səviyyədə dərk olunmuş tarixinin yenidən və daha əsaslı şəkildə yazılması üçün "Yaşamaq haqqı"nın yeni tarixi epoxaya həsr olunmuş fəsilləri çox əhəmiyyətli mənbədir. Əslində, "Yaşamaq haqqı"nın müstəqillik tariximizə aid fəsilləri Azərbaycanın dövlət müstəqilliyinin Anara məxsus ədəbi-tarixi oçerkləridir. Bu, mürəkkəb və şərəfli epoxanın təqdimatı iki istiqamətdə: baş vermiş çoxsaylı taleyüklü ictimai-siyasi hadisələrin yazıçı-mütəfəkkir Anarın gözü ilə təsvir edilərək qiymətləndirilməsi və müəllifin özünün tərcümeyi-halının müstəqillik dövrü sınaqları və imtahanlarının şərhi vasitəsilə tarixləşdirilmişdir. Qeyd etməyi lazım bilirəm ki, hər iki istiqamətdəki təqdimatlarında, təhlillərində və dəyərləndirmələrində Anar obyektivlik müəllim və ədalət meyarlarına sədaqət prinsiplərindən çıxış etməyi qoruyub saxlamışdır. Ona görə də, "Yaşamaq haqqı"ndakı müstəqillik dövrünün Xalq yazıçısı Anara məxsus fəsilləri geniş mənada Azərbaycan tarixinin dövlət müstəqilliyi epoxasının tarixi oçerkləri kimi səslənir. Kitabda SSRİ-nin dağılması proseslərinin şərhi ilə əlaqədar məsələlərə Anar keçmiş İttifaq miqyasında gedən ictimai-siyasi hadisələri həm əsl vətəndaş mövqeyindən, həm də yüksək hazırlıq səviyyəsinə, geniş dünyagörüşünə malik Azərbaycan ziyalısı kimi dərindən təhlil edib dəyərləndirməyi bacarmışdır. Kitabdakı "SSRİ Ali Sovetində çıxışlarımdan", "Moskva döyüşləri", "Qorbaçovun qəbulunda", "Foyedə söhbətlər", "Hücumlar və təhdidlər", "Parlament çarpışmaları və çayxana qeybətləri", "Avqust putçu və sistemin iflası", "Kommunist partiyasının sonu: "SSRİ-nin süqutu" kimi hissələrdə Azərbaycanla bağlı məsələlərin fonunda Sovetlər İttifaqı səviyyəsində baş vermiş hadisələrin təhlil edilib dəyərləndirilməsi yazıçı Anarın həm də geniş dünyagörüşə və konkret mövqeyə malik siyasət adamı olmasını nümayiş etdirir. Kreml sarayında, Qafqazda və Azərbaycanda bütün kitab boyu haqqında söz açılan "erməni" problemi"nə münasibətdə də yazıçı-vətəndaş Anarla tarixçi-siyasətçi Anar bir-birini tamamlayır. Buna görədir ki,  "Yaşamaq haqqı"nda müstəqillik tariximiz üçün ibrətamiz olan Sumqayıt hadisələri, keçid dövrünün Mütəllibov - Vəzirov "iqtidarı" olayları, milli-azadlıq hərəkatı, Qara Yanvar qətliamı, Xocalı hadisəsi, "demokratiya eyforiyası", Dağlıq Qarabağ hadisələri və sair kimi mühüm siyasi-tarixi hadisələrə dair mürəkkəb suallara da geniş, dərin, əhatəli və əsaslandırılmış cavablar tapmaq mümkündür. Bütün bunlar yaşadığı epoxanı dərindən dərk və şərh edən əsl yazıçının aydın vətəndaşlıq mövqeyi ilə bərabər, həm də dərin, əhatəli tarixi biliyə və yüksək siyasi hazırlığa malik olmasını zəruri şərtlər sırasına çıxarır. Bütün yaradıcılığı boyu siyasi hadisələrə ədəbi-bədii vasitələrlə cavab verməyin nümunəsini göstərmiş, "Ağ liman", "Dantenin yubileyi", "Yaxşı padşahın nağılı", "Ağ qoç, qara qoç" kimi həm də dərin siyasi-fəlsəfi əhəmiyyətə malik olan qiymətli bədii əsərlər yaratmış Xalq yazıçısı Anar "Yaşamaq haqqı"nda böyük tarixi-siyasi idraka malik olduğunu da qabarıq surətdə göstərir. "Yaşamaq haqqı" bir daha göstərir ki, sözün geniş mənasında əsl yazıçı-mütəfəkkir olmadan bütövlükdə ictimai-tarixi prosesləri, hər hansı bir konkret epoxanı tam mahiyyəti ilə ədəbiyyatda canlandırmaq və gələcəyə baxışı bədii vasitələrlə ifadə etmək mümkün deyildir. İndiki halda cəmi bir neçə yazıçımız, xüsusən də Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yazıçı-mütəfəkkirlik miqyasını fəth etmişdir.

Eyni zamanda, dövlət müstəqilliyi ərəfəsində və sonrakı illərdə Azərbaycan Yazıçılar Birliyində və ətrafında gedən proseslərin, yaşanan gərgin hadisələrin, yazıçıların qurultaylarında səsləndirilmiş mətləblərin dəqiq və əhatəli təsvirləri bu mürəkkəb və şərəfli dövrün yazıçı və zaman müstəvisində dəyərləndirilməsinə imkan yaradır. Anar müəllim hər biri ayrıca bir tarix ola bilən hadisələri sadəcə sadalamamış, seçilmiş, yaddaqalan hadisələrin, baş vermiş əhvalatların, canlı xatirələrin, dövrü mətbuatda getmiş məqalələrin işığında hərtərəfli şəkildə və yüksək professionallıq səviyyəsində təsvir və şərh etmiş, obyektiv nəticələr çıxarmışdır.

Eyni zamanda, "Yaşamaq haqqı"nı müəyyən qeyd-şərtlə Xalq yazıçısı Anarın avtobioqrafik romanı da adlandırmaq mümkündür. Burada yazıçının ailə-nəsil şəcərəsi, yaxın-uzaq qohumları, Azərbaycanın ədəbi-ictimai fikrinin inkişafında  mühüm xidmətləri olmuş valideynləri, ailə üzvləri, əqidə dostları haqqında da yazıçı müşahidələrinin izi ilə, sənədlər və materiallar əsasında yazılmış mühüm hadisələr və təfərrüatlar öz əksini tapmışdır. Belə məqamlarda Anar şəxsi tərcümeyi-hal faktlarını ölkədə gedən proseslərin axarında təsvir etməklə dövrün çoxcəhətli təqdimatının üzvü tərkib hissəsinə çevirməyi bacarmışdır. Bu mənada Anarın deputat kimi keçmiş SSRİ Ali Sovetinin iclaslarında və müstəqil Azərbaycan Respublikasının Milli Məclisində, Mədəniyyət Komissiyasında cərəyan etmiş hadisələr haqqındakı müşahidələri, bu hadisələrin gedişində tutduğu mövqe və apardığı işlər yazıçının şəxsi tərcümeyi-halının hüdudlarını keçərək, dövrün və mühitin mühüm hadisələrinə çevrilir. Hətta belə hesab edirik ki, əgər həmin hadisələri yazmaq digər əsas iştirakçılara, məsələn, mərhum akademik Tofiq İsmayılova və ya Xalq yazıçısı Yusif Səmədoğluna qismət olsaydı, onda o dövrün hadisələri fonunda Anarın rolu və yeri daha geniş masştabda görünə bilərdi. Bununla belə, Anarın və onun mənsub olduğu nəslin tərcümeyi-halı ilə əlaqədar "Yaşamaq haqqı"nda verilmiş bölmələr yazıçının bugünkü və gələcək bioqrafları üçün  əhəmiyyətli mənbələrdir.

Göründüyü kimi, Xalq yazıçısı Anarın "Yaşamaq haqqı" kitabı ölkəmizin və xalqımızın tarixi taleyi, bugünkü inkişaf prosesləri və sabahı haqqında ciddi, əhəmiyyətli və ümumiləşdirilmiş, mükəmməl bir ədəbi-tarixi traktatdır. Xalq yazıçısı Anarın doğma diyara sonsuz sevgisinin işığında səsləndirilmiş ölkəmizin gələcəyi haqqındakı xoşməramlı arzuları "Yaşamaq haqqı"nda təsvir edilmiş azərbaycançılıq ideallarının daha böyük sabahlarını düşünməyə, irəliyə doğru nikbin baxışla və inamlı addımlarla getməyə çağırır. Bu baxımdan "Yaşamaq haqqı"nı Anarın yazdığı "vəsiyyətnamə" olaraq yox, tarixdən ibrət dərsləri çıxarmağa və daha böyük gələcəyə doğru inamla addımlamağa çağırışlar kimi qəbul etmək lazımdır. Tam halda özünün mahiyyəti və əhəmiyyəti baxımından "Yaşamaq haqqı" ədəbi-ictimai fikrimizin möhtəşəm azərbaycançılıq hadisəsidir. "Yaşamaq haqqı"na yüksək səviyyədə müqəddimə yazmış istedadlı ədəbiyyatşünas və publisist Pərvinin dəqiq ifadə etdiyi kimi, bu kitab xalqımızın tarixlərin sınaqlarından çıxmış və daha böyük gələcəyə ünvanlanmış "yaşamaq haqqının" ədəbi-tarixi təsdiqidir.

İsa HƏBİBBƏYLİ, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

525-ci qəzet

  • Paylaş: