Məlum olduğu kimi, 14 iyul 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı təcavüzünə və hərbçilərimizin şəhid edilməsinə etiraz olaraq minlərlə vətəndaş Bakının mərkəzi küçələrilə irəliləyərək Şəhidlər Xiyabanına kütləvi şəkildə axın etmişdir. Vətənpərvərlik, ordumuza və dövlətimizə dəstək şüarları ilə müşayiət edilən yürüş qısa zamanda böyük bir izdihama çevrilmişdir. Vətəndaşlarımızın Ali Baş Komandana, ordumuza və dövlətimizə səmimi-qəlbdən bağlılığının, dəstəyinin əyani göstəricisi olan bu yürüş hər bir azərbaycanlıda ən ülvi vətənpərvərlik hisslərini oyatmış, böyük iftixar duyğuları doğurmuşdur.
Ancaq çox təəssüf ki, gecə saatlarında Şəhidlər Xiyabanına toplanmış çoxminli insan kütləsinin içərisindəki bir qrup təxribatçının təhrikedici hərəkətləri və çağırışları nəticəsində izdihamla hüquq-mühafizə orqanlarının nümayəndələri arasında gərginlik yaranmışdır. Cənab Prezidentin iradəsi nəticəsində ölkədə bərqərar olmuş demokratik mühitdən, ifadə azadlığından öz məkrli niyyətləri üçün bəhrələnməyə çalışan təxribatçılar çaşqınlıq yaradan şüarlar səsləndirmiş, hər vəchlə çoxminli kütləni idarəolunmaz səviyyəyə çatdırmağa cəhd göstərmişlər. Polisin uzun müddət baş verənlərə təmkinlə yanaşması, insanların emosional durumuna anlayış göstərməsi isə kütlənin bəzi nümayəndələri tərəfindən zəiflik kimi qəbul edilərək, arzuolunmaz hərəkətlərə yol açmışdır. Əfsus ki, milli hisslərə qapılan gənclərimizin bir hissəsi təxribatçıların qanunsuz çağırışlarına uyaraq, cinayətkar əməllərin iştirakçısına çevrilmişdir. Polisin qanuni çağırışlarına məhəl qoymadan təxribatçılar asayişi kobud şəkildə pozaraq strateji dövlət obyekti hesab edilən Milli Məclisin inzibati binasına daxil olmuş, dağıntılar törətmiş, nəticədə dövlət əmlakına ciddi şəkildə zərər yetirilmişdir. Görülən qətiyyətli tədbirlər nəticəsində qısa müddətdə paytaxtda asayiş bərpa edilmiş, dövlət obyektinə qanunsuz müdaxilənin qarşısı alınmışdır.
Onu da xatırlatmaq yerinə düşər ki, baş verən bu hadisələrin gedişində qanunvericiliyin bir sıra tələblərilə yanaşı, ölkədə elan edilmiş karantin rejimi də kobud şəkildə pozulmuşdur. Bunun fəsadlarını isə biz heç şübhəsiz ki, yaxın günlərdə əyani şəkildə görəcəyik. COVID-19 olduqca təhlükəli bir virusdur və onunla mübarizədə bu cür məsuliyyətsizliyə yol vermək cəmiyyətin taleyinə, insanların sağlamlığına göstərilmiş bir etinasızlıqdır. Heç kimin siyasi iddiaları və emosiyaları minlərlə günahsız insanı yoluxdurmağa əsas vermir. Daxili İşlər Nazirliyinin buna dair çağırışlarını qulaqardına vurmaq yolverilməzdir.
Mən bu təxribatın bütün təşkilatçılarının qısa zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunacağına inanıram. Onlara qanunun sərt üzünün göstərilməsi ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması baxımından olduqca zəruridir. Ümidvaram ki, hüquq-mühafizə orqanları təhlükənin miqyasını dəqiqliklə qiymətləndirərək bənzər hadisələrin təkrarlanmaması üçün bütün qabaqlayıcı tədbirləri görəcəklər.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin silahdaşı kimi xalqımızı, xüsusilə də gənclərimizi bir daha əmin etmək istəyirəm ki, dövlət rəhbərliyi Qarabağ münaqişəsinin həlli istiqamətində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman prinsipial, güzəştsiz mövqe tutmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi heç vaxt müzakirə mövzusu olmamış və olmayacaqdır. Həmçinin bu illər ərzində Azərbaycan ordu quruculuğu sahəsində də ciddi addımlar atmış, müasir, yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələrin yaradılması istiqamətində əhəmiyyətli uğurlar qazanmışdır. 2016-cı ilin aprel döyüşləri ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Heç kəsin şübhəsi olmasın ki, zəruri siyasi şərait yetişdikdə və diplomatiyanın imkanları tamamilə tükəndikdə Azərbaycan bütün hərbi gücünü ərazi bütövlüyünün təmin edilməsinə yönəldəcəkdir. Müharibə dağıntı, insan faciəsi, iqtisadi tənəzzül deməkdir və ölkəmizin son illərdə əldə etdiyi sabitliyi, infrastruktur imkanlarını əsla hiss-həyəcana qurban verib, böyük itkilərə yol vermək olmaz. Kimliyimizdən və tutduğumuz vəzifədən asılı olmayaraq hər birimiz şəhid olmuş hərbçilərimizi hüznlə anır, onların əziz xatirəsi qarşısında ehtiramla baş əyirik. Şəhidlərimiz bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Ancaq müharibənin öz qanunları var və bu qanunlarda emosiyaya, həyəcana və düşünülməmiş addımlara əsla yer yoxdur. Belə addımların sonu ancaq və ancaq faciə ilə nəticələnir. Həm dünya tarixində, həm də müstəqilliyimizin ilk illərinin təcrübəsində bunu təsdiq edən xeyli sayda nümunələr var. Gənclərimizə tövsiyə edirəm ki, emosional addımlar atmamışdan öncə geriyə baxsınlar, hisslərini cilovlayıb keçmişin təcrübəsindən lazımi nəticələr çıxarsınlar.
Başa düşmək lazımdır ki, böyük siyasət, dövlət idarəçiliyi olduqca mürəkkəb, incə və çoxtərəfli bir prosesdir. Ona qətiyyən səthi, yaxud birtərəfli yanaşmaq olmaz. Siyasi, xüsusilə də dövlət əhəmiyyətli qərarların verilməsi göründüyü qədər də sadə deyildir. Belə qərarlar meydanlarda, qışqıraraq qəbul edilə bilməz. Onlar dəqiq təhlilə istinad etməli, soyuq başla verilməli və konkret hədəfə hesablanmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəlsəfəsi məhz bu təməllər üzərində bərqərardır. Dövlət başçısı daxili siyasətin dərin bilicisi, xarici siyasətin mahir ustasıdır. Gəlin razılaşaq ki, onun bu keyfiyyətləri olmasa idi, çətin ki, Azərbaycan uzun illər ərzində belə bir mürəkkəb regionda sabit şəkildə inkişaf edə biləydi.
Qeyd etdiyim kimi, Qarabağ məsələsi hər an dövlət başçısının nəzarətində və diqqətindədir, ölkənin bütün diplomatik resursları da məsələnin həlli üçün səfərbər edilib. Qarabağ məsələsi ətrafında siyasi manipulyasiyaların aparılması, münaqişədən daxili siyasi mühitin gərginləşdirilməsi üçün istifadə olunması əsla dövlət maraqlarına xidmət etmir. Hər birimizi məyus edən zorakılıq və dağıdıcılıq fəaliyyəti ancaq erməni təbliğatının maraqlarına xidmət edir, düşmənə daxili ictimai rəyi və dünya ictimaiyyətinin fikrini çaşdırmaq üçün əlavə bəhanələr verir. Hər kəs bunu yaxşı anlamalı, hərəkətlərini və bəyanatlarını yüz ölçüb bir biçməlidir. Təxribatçılar görməlidirlər ki, ölkəmizdə xalq-iqtidar birliyi sarsılmazdır.
İnsanların vətənpərvərlik duyğularını, şəhidlərimizin matəmini, cəmiyyətin kədərini çirkin siyasi oyunların alətinə çevirmək mənəviyyatsızlıq, hətta deyərdim ki, bağışlanmaz bir xəyanətdir. Belə oyunların iştirakçıları xalqımızın və dövlətimizin olduqca məkrli, təhlükəli düşmənləridir. Onların təxribatlarına qarşı ayıq olmaq hər birimizin borcu, müvafiq dövlət orqanlarının isə bilavasitə vəzifəsidir.
Cənab Prezidenti əmin etmək istəyirəm ki, Milli Elmlər Akademiyasının çoxminli kollektivi hər zaman onun yanındadır və öz müstəqil dövlətini və Prezidentini dəstəkləməkdən şərəf duyur. Cənab Prezident, əminəm ki, sizin uzaqgörən, düşünülmüş siyasətiniz, möhkəm iradəniz bundan sonra da Azərbaycanı işıqlı gələcəyə, tərəqqiyə aparacaq, düşmənlərin bütün hiylə və təxribatları isə baş tutmayacaqdır. Ermənistan rəhbərliyi, onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan xalqı üçün onun ölkəsinin müstəqilliyindən, ərazi bütövlüyündən, milli birlik və həmrəyliyindən daha əziz bir dəyər yoxdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.