www.science.az
25.09.2020 17:11

AMEA-nın prezidenti Fizika İnstitutunun maddi-texniki bazası və burada yaradılan şəraitlə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fizika İnstututunda aparılan elmi-tədqiqat işləri, müəssisənin maddi-texniki bazası və əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri - birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər akademik İradə Hüseynova, akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik Tofiq Nağıyev, akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov də iştirak ediblər.

AMEA-nın prezidenti, akademik  Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında AMEA rəhbərliyinə məlumat veriblər.

Sonra AMEA Rəyasət Heyətinin üzvləri institutun rəhbərliyi ilə görüş  keçiriblər. Görüşdə institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər.

Akademik Ramiz Mehdiyev institut əməkdaşlarının burada görülən işlər haqqında ətraflı məlumat verdiklərini bildirərək elmi-tədqiqat müəssisəsində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Akademiya rəhbəri institutda bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdıraraq qeyd edib ki, bu çatışmazlıqlar büdcə vəsaiti ilə yanaşı, daxili imkanlar və müxtəlif layihə, qrantlar hesabına aradan qaldırılmalıdır. Elmi fəaliyyətlə bağlı AMEA rəhbəri bildirib ki, burada əsas diqqət elmin tətbiqinə istiqamətləndirilməlidir. Bunun üçün Fizika İnstitutunda hər cür şəraitin olduğunu vurğulayan akademik Ramiz Mehdiyev səmərəli tədqiqatların aparılmasında elmi potensialın əsas rol oynadığını xüsusi qeyd edib. Bildirib ki, Elmlər Akademiyasında əsasən üç prioritet istiqamətə - fizika, kimya və biologiyaya xüsusi diqqət yetirilməlidir və bu sahədə bütün potensial birləşdirilməlidr.

Fizika İnsititutun direktoru, akademik Nazim Məmmədov elmi-tədqiqat müəssisəsinin tarixi haqqında məlumat verərək bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Həsən Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında Fizika İnstitutu yaradılıb. O, Fizika İnstitutunun 4 əsas elmi istiqamət üzrə (kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, energetikanın fiziki-texniki problemləri) fəaliyyət göstərdiyini qeyd edib. Nazim Məmmədov bildirib ki, Fizika İnstitutunda çalışan əməkdaşlardan əsasən fizika sahəsində elmi bilikləri, dil bilikləri, cihazların xüsusiyyətləri haqqında məlumatlı olmaqları tələb olunur. Qeyd edib ki, institutda mövcud olan müasir avadanlıqların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrant layihələri çərçivəsində əldə olunub.

Akademik Cavad Abdinov, həmçinin innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov çıxış edərək laboratoriya və avadanlıqlar, mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Fizika İnstitutunun alimlərinin hazırladığı günəş bateriyalarından bəhs edərək bəzi problemlər səbəbindən onların hələ də tətbiq edilmədiyini diqqətə çatdırıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müxtəlif istiqamətli elmi tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq institut rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.