Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
04.03.2021 15:40
  • A-
  • A
  • A+

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi baş tutub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd edib. 

Bildirilib ki, cari ildə 14 şəhər və rayonun ümumtəhsil məktəbində təhsil alan 208 şagird 123 elmi  layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihə olub. 

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədilə alimlərdən ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülüb.  

Qaliblər sırasından İSEF-Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək üçün  isə 7 layihə  seçilib.

“Sabahın alimləri” respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin Xüsusi Mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə (17 şagirdə) təqdim olunub. 

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları veriləcək. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi kimi tədbirdə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: