Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Astronomik müşahidələrin təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib
21.05.2021 15:21
  • A-
  • A
  • A+

“Astronomik müşahidələrin təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin “Fizika” ixtisası üzrə təhsil alan və hamiliyə götürülən tələbələrinin iştirakı ilə “Astronomik müşahidələrin təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib.

Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamınının gələcək mütəxəssislərin formalaşmasında və onların peşə biliklərinə yiyələnməsindəki önəmindən söz açıb. Alim sərəncama uyğun olaraq hamiliyə götürülmüş tələbələr ilə aparılan ardıcıl işlərdən, gənclərdə elmə marağın yaradılması istiqamətində keçirilən tədbirlərdən danışıb.

Sonra Qulu Həziyev “Astronomik müşahidələrin tarixi və müasir aspektləri”, rəsədxana əməkdaşlarından Ruslan Məmmədov “Tədris müəssisələrində sadə astronomik müşahidələrin təşkili və aparılması”, Türkan Məmmədova isə “Müasir optik teleskoplar” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə astronomik müşahidələrin ən qədim dövrlərdən günümüzədək keçdiyi inkişaf yolu, müşahidələr zamanı istifadə olunan cihazlar haqqında məlumatlar xronoloji ardıcıllıqla tələbələrin diqqətinə çatdırılıb. Seminarda astronomiya sahəsində tətbiq olunan ən son elmi yeniliklərdən, müasir optik teleskopların işləmə prinsiplərindən bəhs olunub. Tədris müəssisələrində sadə astronomik müşahidələrin aparılma qaydaları, bu müşahidələrin tədris mühitinə, öyrənmənin keyfiyyətinə təsiri ilə bağlı məlumatlar seminarın əsas mövzularından olub.

Seminarın sonunda tələbələrlə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: