Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Urartu dövlətinin Cənubi Qafqaz siyasətindən bəhs edən monoqrafiya təqdim olunub
24.06.2021 15:05
  • A-
  • A
  • A+

Urartu dövlətinin Cənubi Qafqaz siyasətindən bəhs edən monoqrafiya təqdim olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin böyük laborantı Elmar Baxşəliyevin “Urartuluların Cənubi Qafqaz siyasəti” (Urartuların Güney Kafkasya politikası) monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli açıb. Yeni nəşr olunmuş əsərdə tədqiq olunan mövzular və əldə edilən elmi nəticələri yığcam şərh edən alim monoqrafiyanın tarix elmi üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində Türkiyə türkcəsində nəşr olunan kitabın ərsəyə gəlməsində 300-dən artıq elmi mənbədən istifadə edilib.

Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin monoqrafiya haqqında məruzəsi dinlənilib. Alim bildirib ki, əsər Atatürk Universiteti Türkiyat Araşdırmaları İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunub. “Ön söz”, giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və fotoşəkillərdən ibarət albomun yer aldığı monoqrafiyada Cənubi Qafqazın tarixi coğrafiyası, eləcə də Urartu dövlətinin yaranması, inkişafı və xarici siyasətində Cənub Qafqaz mövzuları araşdırılıb. Müəllif Cənubi Qafqazın təbii coğrafi şəraitini tədqiq edərək göstərir ki, urartuluların adıçəkilən ərazilərə işğalçılıq siyasəti bölgənin təbii sərvətlərindən istifadə məqsədini daşıyıb. Həmin işğalçı-hərbi səfərlər zamanı Araz vadisindəki bir sıra ərazilər Urartu dövlətinin nəzarətinə keçib, burada üç böyük şəhər inşa olunub. Alim diqqətə çatdırıb ki, Guriania və Kulhaya (indiki Gürcüstan) təşkil edilən səfərlərlə bağlı Urartu kitabələrindəki məlumatlara əsaslanan gənc tədqiqatçı işğalçıların bu şəhərlərdən Cənubi Qafqazın digər bölgələrinə talançı basqınlar etdiyi və yerli əhalinin inadlı müqaviməti ilə qarşılaşdığı qənaətindədir. Əsərdə Cənubi Qafqazın bəzi xalqlarının, o cümlədən etiunilərin xərac ödəməklə öz müstəqilliklərini qoruduqları göstərilir.

Aparılan araştırmalar Naxçıvanın urartululara qarşı sərt müqavimət göstərdiyini, Oğlanqalanın Şərur bölgəsini əhatə edən kiçik bir krallığın mərkəzi olduğunu və urartuluların heç bir zaman Naxçıvanı işğal etmədiyini təsdiqləyir. Mərkəzi Oğlanqala olan Naxçıvan tayfalarının xarici işğalçılara qarşı mübarizəsində skiflərin və Göyçə gölü ətrafında urartululara qarşı ittifaq yaradan etiuni qəbilə birliyinin mühüm rolu vurğulanır. Gənc tədqiqatçı əsərində türk tayfalarının e.ə. V-III minilliklərdən Yaxın Şərqdə yaşadığına və urartuluların mədəni mirasının türklərə məxsus olduğuna diqqət çəkir.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək təqdim olunan monoqrafiyanın Azərbaycan tarixşünaslığında çox maraqlı bir mövzuya həsr olunduğunu söyləyib. O, monoqrafiyada Urartu kitabələrində adı çəkilən Kuha-Albani, Etiuni, Aza və başqa yer adlarının etimologiyası, yerləşdikləri tarixi ərazilər haqqında ətraflı məlumatların əks olunmasını, bəzi tarixi abidələrin rəngli fotoşəkilləri və qrafik təsvirlərinin verilməsini yüksək qiymətləndirib. Vurğulanıb ki, əsərin ərsəyə gəlməsində çoxsaylı arxeoloji materiallardan istifadə edilməsi tədqiqatçının əsas uğurudur.

Sonda müəllif Elmar Baxşəliyev çıxış edərək gənc tədqiqatçılar üçün yaradılan şəraitdən söz açıb. Göstərilən diqqət və qayğının gənclərə böyük stimul verdiyini bildirib, təqdimat iştirakçılarına minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: