Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.08.2021 11:55
  • A-
  • A
  • A+

Ali təhsil müəssisələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib

Ali təhsil müəssisələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib

Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin koordinatoru, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin (ATM) beynəlxalq əlaqələr üzrə məsul nümayəndələri üçün “Horizon Avropa” proqramı üzrə Məlumat günü keçirilib.

Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov açaraq sözügedən proqramın ATM-nin alim və mütəxəssisləri üçün əhəmiyyətini və bu istiqamətdə fəaliyyətin gücləndirilməli olduğunu vurğulayıb.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva isə “Horizon 2020” proqramı çərçivəsində fəaliyyətin nəticələri, proqramdan istifadə üçün Avropa Komissiyası, AMEA və MƏŞ Şəbəkəsi üzvləri tərəfindən keçirilmiş seminarlar, vebinarlar, təlim kursları haqqında məlumat verib, “Horizon Avropa” proqramının Azərbaycanın alim və mütəxəssisləri üçün açdığı perspektivləri iştirakçıların diqqətinə çatdırıb. O, məlumat və yeniliklərin səmərəli ötürülməsi və birgə fəaliyyət üçün ATM-dən olan həmkarları ilə əlaqələndirici şəbəkənin yaradılmasını təklif edib.

Tədbirdə Hüquq və maliyyə istiqaməti üzrə MƏŞ, AMEA İdarəetmə sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, texnika elmləri  üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon Avropa” proqramının hədəfləri, yeniliklər, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında ətraflı məlumat verib.

Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə MƏŞ, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “Yeni COST proqramı və Azərbaycan alimləri üçün imkanlar” mövzusunda təqdimatında COST-da iştirak qaydaları, üstünlükləri və açdığı imkanlar, mövcud layihələr və müraciət yolları, Azərbaycan mütəxəssislərinin son illərdə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Mariya Skladovskaya Küri təqaüd proqramı üzrə MƏŞ, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov bu proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər, ayrılmış büdcə, maliyyə mexanizmləri, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları, onlara müraciət yolları haqqında təqdimat edib.

Səhiyyə, demoqrafik dəyişiklik və rifah istiqaməti üzrə MƏŞ, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova “Horizon Avropa”: tibb üzrə işçi proqram və layihə imkanları” mövzusunda təqdimatında “Horizon Avropa” proqramı çərçivəsində dövrün tələbinə uyğun olaraq tibb və biotibb sahələrinə xüsusi diqqət ayrıldığını və əsas hədəflərdən biri kimi seçildiyini deyib, bu istiqamətlərdə yeni çağırışlar və onlara müraciət qaydaları üzrə təlimatları təqdim edib.  

İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal istiqaməti üzrə MƏŞ, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov “Horizon Avropa” proqramına təqdim ediləcək layihələrin tərtibi, strukturu və düzgün yanaşmalar, həmçinin ekspetlər tərəfindən layihələrin qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib. O, proqram çərçivəsində iqlim, enerji və mobillik klasteri üzrə yeni çağırışlar və işçi proqramını da iştirakçıların diqqətinə təqdim edib.

Təqdimatlar ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, “Horizon Avropa” proqramında iştiak üzrə fəaliyyət istiqamətində təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: