Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 9-cu iclası şuranın Tibb və Biologiya işçi qrupları ilə birlikdə keçirilib.
İclası açan AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova gündəlikdə duran məsələlər barədə şura iştirakçılarını məlumatlandırıb.
Sonra problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 60 işin (tibb üzrə 50, biologiya üzrə 9, aqrar elmlər üzrə 1) müzakirəyə çıxarıldığını bildirib. Tibb işçi qrupunun üzvü, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb üzrə, problem şurasının sədr müavini, aqrar elmləri doktoru Mustafa Mustafayev aqrar elmlər üzrə, zoologiya işçi qrupunun sədri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və fiziki-kimyəvi biologiya işçi qrupunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova biologiya üzrə dissertasiya mövzularını təqdim ediblər.
Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə həm problem şurasının, həm də işçi qruplarının üzvləri fəal iştirak ediblər.
Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri “Zoom” proqramı üzərindən iclasa qoşulublar.
Tibb üzrə müzakirəyə çıxarılmış 49, biologiya üzrə 9 mövzu müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, tibb üzrə 1, aqrar elmlər üzrə 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir